Dünya Turizm Günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunub

 

Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncama əsasən, 27  sentyabr  Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib. Prezident İlham Əliyev  bu münasibətlə sentyabrın 26-da  turizm sahəsində  çalışan bir qrup mütəxəssisə   fəxri adlar  verilməsi ilə bağlı  sərəncam imzalamışdır.

Dünya Turizm Günü və ölkəmizin turizm işçilərinin peşə bayramı münasibətilə bu il də silsilə  tədbirlər keçirilib. Dünən bu münasibətlə mətbuat nümayəndələri üçün brifinq  təşkil olunub.

Qeyd edilib  ki, Azərbaycanda turizm  son illər  sürətlə inkişaf etməkdədir.  Bu sahənin inkişafına dair  qəbul olunan  dövlət  proqramları, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”ndə   nəzərdə  tutulan  turizm  sektorunun   inkişaf istiqamətləri   bu sahəyə  dövlət qayğısının bariz nümunəsidir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılıığı ilə Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” adlı festival keçirilib.  Festivalda İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və digər ölkə səfirliklərinin nümayəndələri iştirak edib.

Festivalda iştirak edən ölkələr öz stendlərində təmsil etdikləri ölkələrin mədəniyyəti, mətbəxi və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar verib, suvenirlər nümayiş etdiriblər. Paytaxt sakinləri və qonaqlar həmin ölkələrin bələdçi xəritələri, təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlərlə də tanış olublar.

Həmçinin  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin,  Mədəniyyət və Turizm   Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə konsert proqramı təqdim olunmuşdur. Bundan  başqa,  turizm şirkətlərində də   peşə  bayramı   qeyd  edilmişdir.

Sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət abidələrinə, muzeylərə giriş ödənişsiz olmuşdur. Bu fürsətdən ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də istifadə etmişlər.

Qeyd edək ki, Azərbaycan Respublikası 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatı  Dünya Turizm Təşkilatının (UNWTO) üzvüdür. BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili “Beynəlxalq davamlı turizm ilielan edib. “Beynəlxalq davamlı turizm ili”ndə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edir.

Məlumat üçün bildirək ki, 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dünya Turizm Təşkilatının (DTT) nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat bu tarixin Dünya turizm günü (World Tourism Day) kimi qeyd olunması barədə qərar qəbul edib. DTT hazırda dünya ölkələri arasında turizm sahəsi üzrə koordinasiyanı həyata keçirən, üzv dövlətlər arasında vahid statistik məlumat bazasının formalaşdırılması, turizmin müxtəlif  istiqamətlərinin inkişaf etdirilməsi və sair  məsələlərlə bağlı tövsiyələr verən, BMT nəzdində ixtisaslaşmış təşkilatdır.

Bu il sentyabrın 11-dən 16-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində DTT-nin Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində qurumun Avropa Komissiyasının iclası keçirilib. İclasda Avropa regionundan 5 ölkə – Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva 2018-2021-ci illər üçün DTT-nin İcraiyyə Şurasına üzv seçilibBaş Assambleyanın qərarı ilə üzvlük təsdiq olunub. Azərbaycanın  növbəti dörd il müddətinə qurumun İcraiyyə Şurasına üzv seçilməsi son illərdə ölkəmizin turizm sahəsində qazandığı uğurların və Şurada səmərəli fəaliyyətinin təsdiqidir.

Bu il Dünya Turizm Günü  “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunub. Təşkilatın baş katibi Taleb Rifainin Dünya  Turizm Günü münasibətilə ictimaiyyətə müraciətində turizmin kimyayanacaq sənayesindən sonra  üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilir. Qeyd edilir ki, turizm bütün insanlarda ümid, münasibətlərdə qarşılıqlı anlaşma yaradır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.-28 sentyabr.- S.7.