Milli poeziyamızın kükrəyən səsi

 

O, sözün ucalığında yaşayır, o, sözün ucalığını yaşadır--şeirə köklənmiş səsi ilə, duyğularla süslənmiş qəlbi, ruhu ilə...

 

Şairlərimizin ən şeçmə şeirlərini əzbərləyir. “Əzbərləyir” sözü onun haqqında danışanda yerinə düşmür. O, şeiri mənimsəyir, özününküləşdirir, həmin şeiri yazan şairin yaşadığı həyəcanları, daxili təlatümləri, sarsıntıları təzədən yaşayır. O, şeirə can verir, misraları canlandırır, hamınınkı eləyə bilir. Onu dinləyən hər kəs, kimliyindən asılı olmayaraq, bədii duyğulara köklənir, şeirə, sənətə bir köynək yaxın olur.

O, şairlərin dostudur,  şeirimizin doğmasıdır, əzizidir. O, şeiri oxşaya-oxşaya, əzizləyə-əzizləyə oxuyur. Klassiklərimizdən üzü bəri poeziyamızın bütün görkəmli nümayəndələrinin, o cümlədən, dahi Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin yaradıcılığından onun repertuarında incilər, seçmələr var. O, hər şeiri oxumur, qana-iliyə hopdura biləcəyi şeiriyyətə üz tutur. “Vətən”, “torpaq”, “ana” sözləri onun seçmələrinin bəzəyidir. Qarabağ dərdimizi, Xocalı yaramızı, mənfur qonşularımızın illərlə köksümüzə çəkdiyi dağları əks etdirən bədii nümunələri elə yanğı, ehtirasla çatdırır ki, hər birimizin içində qəhrəmanlıq baş qaldırırır, qəzəb qılıncımız itilənir, ovxarlanır...

Söhbətin kimdən getdiyini duyumlu oxucularımız, məncə, ilk sözümdən, birinci cümləmdən tutub.  Görkəmli bədii qiraət ustası, respublikamızın Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti Ağalar Bayramovu nəzərdə tuturam. Bu ad artıq kifayət qədər populyardır.

Xalqımız qədirbilən xalqdır. Sənətə canı-dildən bağlanan hər kəsə qəlbində yer ayırır, Ağalar müəllim də sevilən, seçilən qiraətçidir, şair xalqımızın ürəyinə yol tapan sənətkardır. Onun repertuarında xalq şairlərimiz  Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Hüseyn Arifin, Qabilin, Cabir Novruzun, Fikrət Qocanın, Nəriman Həsənzadənin, Zəlimxan Yaqubun, sevilən şairlərimizdən Əli Kərimin, İlyas Tapdığın, Fikrət Sadığın, Adil Babayevin, İslam Səfərlinin, Tofiq Bayramın, Musa Yaqubun, Məmməd İsmayılın, Məmməd Aslanın, Şahmar Əkbərzadənin, Ramiz Rövşənin, Əjdər Olun, Ramiz Qusarçaylının, Məmməd İlqarın, Sabir Sarvanın,  Simax Şeydanın, Ayaz Arabaçının, Səadət Butanın və başqalarının şeirləri qanadlanıb sərhədlər aşıb. O şeirləri Ağalar dinləyicilərə, tamaşaçılara elə çatdırır ki, ürəklərə köçür, yaddaşlara həkk olur. Bax, ustalıq, sənətkarlıq bundadır! Ağalar o şeirlərin ikinci müəllifinə çevrilməyi bacarıb. Ağaların oxusuna ulu öndərimiz Heydər Əliyevin xüsusi rəğbəti var idi. Ulu öndərimizin 2002-ci il 24 dekabr tarixli fərmanı ilə ona “Azərbaycan respublikasının Əməkdar artisti” fəxri adı verilmişdir. Ağalar Bayramov artıq 15 ildir ki, bu fəxri adı ləyaqətlə daşıyır...

Onun haqqında kimlər yazmayıb: Məmməd Araz, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Fikrət Qoca, Məmməd Aslan, Vasim Məmmədəliyev, Tofiq Hacıyev, Nizaməddin Şəmsizadə... Bu siyahını yarıda saxlayıram. Respublikamızın say-seçmə elm-sənət adamlarının, demək olar ki, çoxu  Ağalar sənətinə biganə qala bilməyib, onun haqqında çox dəyərli yazılar yazıb, fikir bölüşüblər. Indi mən onlardan bir neçəsini örnək gətirmək istəyirəm.

Tofiq Hacıyev, ­akademik: “Ağalar öz ustalığı, səsinin məlahəti, diksiyasının səviyyəsi ilə ifa etdiyi sənət əsərlərinin ikinci müəllifi hüququnu qazanır. Onun səs tembri bir ilahi vergidir, ifasının bütün dadı-duzu onun içindədir. Ağalar Bayramovun sifətindəki orijinal təbəssüm, gözlərindəki dərin məna, mimikalarındakı zənginlik onun səs varlığı ilə birləşərək tamaşaçıların, dinləyicilərin zövqünü sevindirir.”

Fikrət Qoca, Xalq şairi: “Ağalar ürəyəyatımlı səsindən ustalıqla istifadə edə bilir. O, səhnəni yaxşı görür, dinləyicini ələ alır, arxasınca aparır, özünə tabe edir, onu görmək istədiyi səviyyəyə qaldırır. Ağalar Bayramovun çıxışına qulaq asmağa öz gündəlik məişət qayğıları ilə gələn tamaşaçı bu görüşdən dövlət, millət qayğılarıyla qayıdır. “

 Habil Əliyev, Xalq artisti:Ağalar şeirlə yaşayır, onunla nəfəs alır. Biz şeiri oxuyuruq, o isə görür. Kaş hamı sənətində Ağalar kimi olaydı.”

Məmməd Aslan, şair: “Ağaların səsi əzaba düçar olmuşların ümumiləşmiş səsidir. Onun harayında, onun zümzüməsində, onun gumultusunda bütünlüklə fələkzadələrimizin intiqama çağıran ah-naləsi var, hayqırışları, yalvarışları var. Bu müqtədir sənətkar təəssüflər olsun ki, hələ də səhnədən “əməkdar artist” adı ilə çağırılır.”

Musa Yaqub, şair:

Sənət durmur bir ölçüdə, vəzndə,

Öz çəkin var sənət tərəzisində.

Sözün rəngi cilvələnir səsində,

Söz incidir, səs dürdanə, nə deyim?!

Doğrudan da, Ağaların şeir sevgisi bitib-tükənməzdir, o, hər gün öz üzərində işləyir, repertuarını yeni-yeni sənət inciləri ilə zənginləşdirir. Hər gün öyrənir, hər gün öyrədir. Onun çoxlu istedadlı tələbələri var. Poeziya gecələrinə, şeir, sənətlə bağlı məclislərə bəzən öz tələbələrini də gətirir. İstəyir ki, yetirmələri üzdə olsun, şeirə, sözə sevgi azalmasın...

Yanvarın 16-sı tanınmış söz ustası, milli poeziyamızın kükrəyən səsi, nadir qiraətçi, dövrümüzün canlı təzkirəsi Ağalar Bayramovun doğum günüdür. Sevimli sənətkarımızı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq. Gün o gün olsun ki, xalqımız Ağalar Bayramovun yeri-göyü titrədən səsində qələbə sevincinə qovuşsun.

 

Musa ƏLƏKBƏRLİ,

şair-publisist 

 

Xalq qəzeti.- 2017.- 15 yanvar.- S.6.