Azərbaycan qadınının şərəf və ləyaqət

rəmzinə çevrilmiş böyük şəxsiyyət

 

Xətai Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli ictimai xadimi, oftolmoloq-alim  akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü    münasibətilə təntənəli mərasim keçirilmişdir.

 

İcra hakimiyyətinin başçısı Razim Məmmədov tədbiri açaraq bildirmişdir ki, XX əsr Azərbaycan tarixinin, ictimai həyatının tanınmış simalarından olan Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, yüksək intellektual keyfiyyətləri özündə birləşdirən həqiqi ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim idi. Onun həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə  ulu Tanrının verdiyi yüksək mənəvi xüsusiyyətləri özündə birləşdirən əsl insan obrazı canlanır.

Natiq daha sonra demişdir: - Zərifə xanım xarakteri, çalışqanlığı, yorulmaz fəaliyyəti, ağlı, iradəsi və xeyirxahlığı ilə milyonlarla insanın qəlbində özünün əbədi heykəlini ucaltmışdır. Zərifə Əliyeva həm müasirimiz olan, həyatda yaşamış real bir şəxsiyyət, həm də sabahın, gələcəyin mükəmməl ədəbi-bədii obrazına çevrilmiş unikal bir şəxsiyyətdir. Biz bu obrazın ən gözəl və mükəmməl şəkildə tərənnümünü tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından olan “Zərifə Əliyeva” kitabının bu günlərdə çapdan çıxmış yeni nəşrində daha müfəssəl şəkildə görürük.

R.Məmmədov yubiley mərasiminin hər bir iştirakçısına hədiyyə edilən kitabın əhəmiyyətindən danışaraq bildirdi ki, yazıçı bu kitabda Zərifə xanımı böyük gələcəyə nümunə ola biləcək müqəddəs sevgi ilahəsi, sədaqətli həyat yoldaşı, ANA, böyük elm xadimi, ictimai-siyasi xadim və xeyirxahlıq mücəssəməsi,  kimi vəsf etmişdir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva  Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında  geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, bu fədakar insan bütün başqa xidmətləri ilə bərabər, Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə də dünyada böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqojiictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Yubiley tədbirində  Hüseynbala Mirələmovun görkəmli akademikin həyat və fəaliyyətindən bəhs edən “Zərifə Əliyeva” kitabının yeni nəşri haqqında geniş söhbət açılmışdır. Qeyd edilmişdir ki, əsərdə bəşəri duyğularla  yaşayıb fəaliyyət göstərən, sözün əsl mənasında, insanlara böyük sevgisi olan oftalmoloq-alim Zərifə Əziz qızının nəcib əməlləri, saf duyğuları,  ailə ənənələrinə sədaqəti elə tutarlı faktlar, hadisələrlə qələmə alınmışdır ki, bəzən həyatda belə bir insanın nə vaxtsa yaşamasına heyrət edir və belə qənaətə gəlirsən ki, yalnız insanlara, xalqına, Vətəninə, ailəsinə məhəbbəti sonsuz olan bir insan belə ömür yaşaya bilərdi.

Milli Məclisin deputatı, YAP rayon təşkilatının sədri, yazışı-dramaturq Hüseynbala Mirələmov mərasimdə çıxış edərək bildirmişdir ki, bu mələk simalı övladın, qadının, həyat yoldaşının, həkimin və nəhayət, ananın həyatını öyrəndikcə, millətin belə bir insanı bu zamanın axarında itirməsinə təəssüflənməyə bilmirsən. Zərifə xanımın həyat  və fəaliyyətini araşdırıb mənasını dərk etdikcə özlüyümdə bir də aydınlaşdırdım ki, ölməz yazıçı Dostoyevski “dünyanı gözəllik xilas edəcək” deyərkən, ilk növbədə insan təbiətinin, daxili aləminin, xarakterinin gözəlliyini, humanizmini, xeyirxahlığını, peşəsinə, cəmiyyət qarşısında vəzifəsinə məsuliyyətini nəzərdə tutmuşdur. Və mən qətiyyətlə deyirəm ki, Tanrının yaratdığı yer üzünün əşrəfi dediyimiz varlıq məhz Zərifə xanım kimi insanlardır.

Yazıçı-dramaturq vurğulamışdır ki, Zərifə xanım  Azərbaycana  ləyaqətli, dəyanətli və istedadlı övladlar bəxş etmiş əzəmətli ANA simvoluna çevrilmiş bir şəxsiyyətdir. Bu ananın taleyinə təkcə ulu öndərin silahdaşı, sədaqətli ömür-gün yoldaşı olmaq yox, həm də bu gün Azərbaycanın müstəqilliyini şərəflə və dəyanətlə qoruyan, inkişaf etdirən Prezident İlham Əliyev kimi bir oğul tərbiyə etmək düşmüşdür. Elə bütün bunlara görə Zərifə xanım, həyatdan tez getsə də, xoşbəxt tale yaşamış bir insan kimi əbədiyaşarlıq qazanmış nurlu bir insandır.

H.Mirələmov çıxışının sonunda qeyd etmişdir ki, Zərifə xanım Əliyeva zamanın, tarixin reallığıdır. Tam qətiyyətlə demək olar ki, əgər cəmiyyətimiz Zərifə Əliyeva obrazı ilə tərbiyə alarsa, bu gün həyatda qarşılaşdığımız sosial problemlərin əksəriyyəti az bir vaxtda aradan qalxar.

Yubiley tədbirinin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilmişdir.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2018.- 28 aprel.- S.10.