Xəzər – qonşuluq, dostluq

və əməkdaşlıq müstəvisində

 

Xəzəryanı dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində bu il avqustun 12-də keçirilən V Zirvə toplantısı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə tarixə yazıldı. Məhz bu tarixi hadisədən sonra Xəzərətrafı ölkələrin 240 milyondan çox əhalisi artıq 12 avqustu təkcə Beynəlxalq Xəzər Günü kimi deyil, həm də Xəzərin konstitusiyasına çevrilən konvensiyanın imzalanma günü kimi qeyd edəcək.

Xəzər dənizi SSRİ dağılana qədər  Sovet İttifaqı və İran tərəfindən iki ölkənin sərhədlərini ayıran böyük bir göl idi. O zaman Xəzər dənizinin statusunu daxili (kontinentdaxili) su hövzəsi kimi müəyyənləşdirən Sovet-İran müqavilələri dünyanın bütün dövlətləri tərəfindən tanınmış və beynəlxalq hüquq doktrinasında təsdiqini tapmışdı.Təbii ki, SSRİ dağılandan sonra beynəlxalq hüququn yeni subyektləri – Azərbaycan, Qazaxıstan və Türkmənistan dövlətləri yarandı və bununla da Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi zərurəti meydana çıxdı. İndi artıq Xəzərin beş ölkə arasında bölünməsi və sərhədlərin müəyyənləşdirilməsi məsələsi həllini tapmalı idi. Danışıqlar prosesini mürəkkəbləşdirən də Xəzərin gölya dəniz kimi tanınması idi. Çünki beynəlxalq hüququn qaydalarına görə, hər bir halda sərhədlərə bölünmə fərqli şəkildə tənzimlənir.

Dünya dövlətlərinin regiona olan böyük marağı məsələni daha da aktuallaşdırırdı. Xəzər regionu geosiyasi mövqeyi, özünün karbohidrogen ehtiyatları, bioloji resursları, burada kəsişən nəhəng nəqliyyat dəhlizləri ilə mühüm strateji məkan olaraq dünyanın bəzi dövlətlərinin böyük maraq dairəsinə daxil olmuşdu. Başqa cür necə ola bilərdi ki? British Petroleum” şirkətinin mütəxəssislərinin hesablamalarına görə, hazırda dünyanın təsdiq edilmiş neft ehtiyatlarının 19 faiziya 30 milyard tonu, təbii qaz ehtiyatlarının isə 45 faiziya 145 triliyon kubmetri Xəzəryanı dövlətlərin payına düşür. Bu neftin 75 faizi, təbii qazınsa 67 faizi Xəzərin sahil xətti boyu160 kilometr məsafədə yerləşən şelf yataqlarındadır. Dənizin bioresursları arasında xüsusilə böyük marağa səbəb olan isə Yer kürəsində qorunub saxlanan və sayı artırılan, dünya ehtiyatlarının və genefondunun əsasını təşkil edən nərə balıqlarıdır.

Xəzərin bu qiymətli sərvətlərinə, onun XXI əsrdə təkcə region ölkələrinin deyil, həm də Şərqdən Qərbə uzanan böyük bir ərazidə yerləşən dövlətlərin ticarət əlaqələrində və yükdaşımalarında nəhəng nəqliyyat dəhlizlərini reallaşdıran mühüm bir su hövzəsi olduğunu da əlavə etsək, maraqların gerçək mənzərəsi bir qədər də aydınlaşar.

Xəzəryanı dövlətlərin, xüsusilə Qazaxıstan və Türkmənistanın daha çox marağında olan başqa bir məsələ isə sahibi olduqları karbohidrogen ehtiyatlarını Xəzərin dibi ilə boru kəməri çəkib dünya bazarına rahat çıxarmaq idi. Hələ postsovet illərində Rusiya Sovet İttifaqının dəmir yolları və kəmərləri vasitəsilə Şimaldan Cənuba uzanan ticarət yollarını qoruyub saxlamaq üçün uzun müddət Şərqlə Qərb arasında sualtı kəmərlər vasitəsilə enerji resurslarının satışına qarşı çıxırdı. Yalnız 1990-cı ildə dünyanın nəhəng neft şirkətləri dənizə çıxışı olmayan Mərkəzi Asiyanın enerji daşıyıcılarının bazara çıxarılması üçün ilk dəfə Transxəzər kəmərlərinin çəkilməsini təklif etdilər. Ancaq çox keçmədi ki, bu məsələ gündəlikdən çıxarıldı. Çünki su hövzəsinin hüquqi statusu müəyyənləşdirilməmişdi. Ona görə də bu məsələ onilliklərlə uzanan danışıqlar mövzusuna çevrildi. Yeni Xəzəryanı dövlətlər Xəzər akvatoriyasında ya özlərinə məxsus olan sahələrə sahib olmağa, ya da oranı ərazi sahələri və neytral rayonları olan beynəlxalq sular kimi təsnif edən dənizin idarə edilməsində yeni yanaşmanın təsdiqlənməsinə çalışırdılar.

Bütün bunlardan çıxış edərək, demək olar ki, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan liderlərinin avqustun 12-də imzaladıqları və hazırlanmasına 20 ildən artıq vaxt gedən Xəzərin hüquqi statusu haqqında Konvensiya, bəyan edildiyi kimi, sahilyanı dövlətlərin “maraqlarının balansını nümayiş etdirir”. Çünki konvensiya, əvvəldə qeyd etdiyimiz hər iki yanaşmaya münasibətdə kompromis əldə edildi – dənizin səthi beynəlxalq sular kimi tanınır və dibi isə ərazi sahələrinə bölünür.

 Konvensiyaya görə, Xəzər xüsusi hüquqi statusa malik su hövzəsidir. Xəzərin birbaşa dünya okeanına çıxışı yoxdurona görə də dəniz hesab edilə bilməz. Eyni zamanda, Xəzərin sahəsi, suyunun tərkibi və dibi onu göl adlandırmağa imkan vermir.

 Xəzəryanı ölkələrin danışıqlar portfelində konvensiyanın daim müraciət və istinad ediləcək əsas sənəd olacağı qətiyyən şübhə doğurmureyni zamanda, sənəd Xəzərdə siyasi, iqtisadi əməkdaşlığın inkişafının tamamilə yeni bir mərhələsinə start verir.

Əvvəla, konvensiya Xəzər dənizinin dibindən neftqaz kəmərlərinin çəkilməsinə potensial imkanlar açır. Bu vaxta qədər Rusiya Qara dənizdə və Baltik dənizində özü sualtı kəmərlər çəkməsinə baxmayaraq, ekoloji məsələləri əsas göstərərək Xəzərdə bunun əleyhinə çıxırdı. Yeni Konvensiyanın 14-cü maddəsinin 2 və 3-cü bəndlərində yazılır: “Tərəflər Xəzər dənizinin dibi ilə sualtı magistral boru kəməri çəkə bilərlər o şərtlə ki, onların layihələri, onların da üzvü olduqları “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası və ona uyğun müvafiq protokollar da daxil olmaqla beynəlxalq müqavilələrdə göstərilən ekoloji tələblərə və standartlara uyğun olsun. Sualtı kabellər və boru kəmərlərinin istiqamətinin müəyyənləşdirilməsi üçün, sualtı kabellər və boru kəmərləri hansı tərəfin sektorunun dibindən keçəcəksə onunla razılaşdırılmalıdır”. Həmçinin qeyd edilir ki, boru kəməri çəkən ölkələr kabellərin və boru kəmərlərinin keçdiyi və sualtı işlərin görülməsi qadağan edilən ərazilərin koordinatlarını konvensiya iştirakçılarına xəbər verməyə borcludurlar”. Bununla belə, ətraf mühitin qorunması məsələsində dövlətlərin beşinin də səs hüququ ola bilər. Buradan aydın görünür ki, konvensiya Qazaxıstanın Xəzərdəki Kaşağan yatağından neftin Qərb bazarlarına ixracına imkan verəcək Transxəzər neft kəmərinin tikintisinə yaşıl işıq yandırır.

Hələ Klinton Administrasiyası dövründən başlayaraq, Birləşmiş Ştatlar dənizdən keçməklə, həmçinin “Cənub dəhlizi” kimi tanınan Azərbaycan və Gürcüstan marşrutu üzrə enerji, nəqliyyat və ticarət yollarının inkişafını önə çəkirdi. Bu diplomatiya strategiyası ABŞ-ın neft şirkətlərinə Xəzər hövzəsində neft yataqlarının istismarı ilə bağlı müqavilələr, o cümlədən Azərbaycanda “Əsrin müqaviləsi”ni imzalamağa yol açdı.

Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar FonduRondeli Fondunun baş elmi əməkdaşı Şota Utiaşvili yazır: Görünür, 30 ilə yaxın etirazlardan sonra Rusiya Qərbin təzyiqlərinə görə yox, Çinin irəli sürdüyüBir kəmər, bir yol” siyasətininin gündən-günə artan ticarət rəqabəti üzündən, dənizin statusunun qəti tənzimlənməsinə razılaşıb”.

Onun sözlərinə görə, Mərkəzi Asiyadan və əks istiqamətdə Çinin dəstəyi ilə ticarət axını Rusiya istiqamətinə deyil, İran tərəfə idi. Mərkəzi Asiyanın bəzi enerji daşıyıcıları isə Qərbə ixracın çətinliyi səbəbindən Şərqə, Çinə ixrac edilirdi. Məsələn, özünün Transxəzər qaz kəmərinin tikintisi səylərinin boşa çıxdığını görən Türkmənistan da Şərqə – hətta münaqişələrin bitmədiyi Əfqanıstandan keçməklə PakistanaHindistana uzanacaq TAPİ qaz kəmərinin üzərində işləməyə başlamışdı. Kəmərin Əfqanıstanın cənubundan, “Taliban” qüvvələrinin nəzarətində olan ərazilərdən keçməsi planlaşdırılırdı. Əfqanıstan hökuməti isə bəyan edir ki, regionun iqtisadi inkişafı müharibənin dayandırılmasına yardım edə bilər. ABŞ da, üsyançılar da ölkənin gələcəyi üçün pozitiv amil kimi TAPİ-ni dəstəkləyirlər.

 Konvensiya imzalanandan sonra Türkmənistan bəyan etdi ki, ona öz qazını Azərbaycandan Avropaya ixrac etməyə imkan verəcək Xəzər dənizinin dibi ilə boru kəməri çəkməyə hazırdır. Bu vaxta qədər Rusiya bunun reallaşması üçün beş Xəzəryanı dövlətin hamısının razılıq verməsində təkid edirdisə, indi, qeyd etdiyimiz kimi, belə razılığa ehtiyac yoxdur. Yeri gəlmişkən,Türkmənistanın çəkəcəyi bu kəmərin daha sonra təbii qazı Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Yunanıstana ötürən Transanadolu qaz magistralına qoşulması planlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev neçə il əvvəl TAP və TANAP qaz kəmərlərinin çəkilməsi ilə bağlı layihələri irəli sürməklə və onların reallaşmasında göstərdiyi səylərlə regiondakı, eləcə də dünyadakı geosiyasigeoiqtisadi prosesləri nə qədər qabaqlaya bilmişdir.

Mərkəzi Asiya üzrə müstəqil ekspert Arkadi Dubnov da Konvensiyadakı bu mühüm məqamı şərh edərək deyir: “Ən mühüm məsələ odur ki, iki sahilyanı, iki qonşu dövlət dəniz dibinin sərhədlərə ayrılmanı öz aralarında, regionun digər tərəfləri ilə razılaşdırmadan həll edə bilərlər. Yəni bu, artıq qonşuların məsələsidir. Bu, çox mühüm məqamdır. Məsələn, Türkmənistan bundan sonra Xəzər dənizinin dibi ilə Moskvanın razılığını almadan Azərbaycan tərəfə qaz kəməri çəkə bilər”.

Etiraf etmək lazımdır ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın indiki kontekstdə hazırlanmasında Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin böyük əməyi olmuşdur. Dövlət başçısı Aktau sammitində 2010-cu ildə Bakıda keçirilmiş III Zirvə toplantısında əldə edilən razılaşmalardan danışaraq deyir: “Həmin zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdır. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdır. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluqdostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər bu gün imzalanacaq Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada da öz əksini tapmışdır”.

Həqiqətən, konvensiyanın 3-cü maddəsində göstərilir: “Tərəflərin Xəzər dənizində fəaliyyəti aşağıdakı prinsiplərlə həyata keçiriləcək:

1) suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə, dövlətlərin suveren bərabərliyinə hörmət, güc tətbiq etməmək və güclə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq;

2) Xəzər dənizini sülh məqsədləri ilə istifadə etmək, onu sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq müstəvisinə çevirmək, Xəzər dənizi ilə bağlı bütün məsələləri dinc yolla həll etmək;

3) Xəzər regionunda təhlükəsizliyi və sabitliyi təmin etmək və sair”.

Bütün bunlarla bərabər, Prezident İlham Əliyev böyük əminliklə bildirir: “Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcəkdir”.

Həqiqətən, bunun üçünkonvensiyada hüquqi əsaslar öz əksini tapmışdır. Məsələn, Konvensiyanın 8-ci maddəsində bəyan edilir: “Xəzər dənizinin dibinin və təkinin sektorlara bölünməsi, yanaşı və qarşı-qarşıya olan dövlətlərin, onların dibinyerin təkinin resurslarını mənimsəməklə bağlı, yerin təkindən istifadə və digər təsərrüfat-iqtisadi fəaliyyətlərinə olan suveren hüquqlarının reallaşdırılması məqsədilə, hamı tərəfindən tanınan prinsiplər və beynəlxalq normalar nəzərə alınmaqla həyata keçirilir”.

Məhz buna görə Rusiya Federasiyasının Prezidenti Vladlmir Putin də bütövlükdə V Xəzər zirvə görüşünün “müstəsna əhəmiyyət daşıdığını” bilavasitə bu toplantıda “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə şərtləndirmişdir: “Mübaliğəsiz demək olar ki, bu gün bizim dövlətlər üçün çox böyük, mühüm, əlamətdar hadisə baş vermişdir – Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanmışdır. Bu, bizim ümumi sərvətimiz olan Xəzər dənizindən istifadə və onun qorunması üzrə dəqiq və geniş qaydalar və öhdəliklər toplusunu özündə ehtiva edən beynəlxalq müqavilədir. Beləliklə, “Xəzər beşliyi” dövlətləri çoxsahəli qarşılıqlı fəaliyyətləri sayəsində illəri qabaqlayan müasir hüquqi əsas əldə etmişlər”.

 Konvensiyanın imzalanması bir daha göstərir ki, iştirakçılar suverenliyin hüdudlarına, sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarına, dəniz gəmiçilik rejiminə, bütün nəqliyyat vasitələri ilə Xəzər dənizindən dünya okeanına azad girişə və çıxışa, sualtı kəmərlərin çəkilməsi və digər mühüm məsələlərə münasibətdə vahid yanaşma nümayiş etdirmişlər.

Rusiya Prezidenti Vladmir Putin bunu xüsusi qeyd edir: “Əldə edilən uğurbu, şübhəsiz, uğurdurçox əhəmiyyətli dərəcədə Xəzər dövlətləri liderləri arasında yüksək etimad və qarşılıqlı anlaşma, bizim hörmət, əməkdaşlıq və bərabərhüquqluluq məntiqilə dönməz fəaliyyətə hazır olmağımız sayəsində mümkün olmuşdur.

Qeyd edirəm, heç də sadə olmayan indiki beynəlxalq şəraitdə bu, çox qiymətlidir. Konvensiyanın imzalanması Xəzər dövlətləri arasında əməkdaşlıqda yeni mərhələ açır, bizə ümumi regionumuzun çiçəklənməsini və dinamik inkişafını birlikdə təmin etməyə imkan verir”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov isə zirvə görüşüimzalanan konvensiyanın indiki zamanda çox vacib olduğunu vurğulayaraq bildirmişdir ki, bu gün Xəzərin əhəmiyyəti “onun hüdudlarından çox-çox uzaqlara gedib çıxır”. “O, geosiyasigeoiqtisadi proseslərin əsas mərkəzlərindən birinə çevrilir. Region ölkələrinin səylərinin birləşdirilməsi və onların beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı ən yüksək səviyyədə aktual görünür”.

Zirvə görüşündə konvensiya ilə yanaşı, tərəflərə geniş müqavilələr bazası yaradan beştərəfli doqquz sənəd də imzalanmışdır. Məlumat verilir ki, sammitdən sonra bu baza yeddi yeni sazişlə daha da mükəmməlləşəcək. Aydın görmək olar ki, Xəzəryanı dövlətlərin qarşıdakı perspektivdə iqtisadi əməkdaşlığı dərinləşdirmək, ticarət və investisiya əlaqələrini genişləndirmək, regionun nəqliyyat-logistika potensialını inkişaf etdirmək, turist axınını artırmaq kimi planları var. İstər konvensiya, istər yeni müqavilələr həqiqətən ölkələrin geosiyasigeoiqtisadi əməkdaşlıq dairəsini daha da genişləndirəcək və “Xəzər beşliyinin iqtisadi inkişafına yeni təkan verəcək. Digər mühüm məsələlərlə yanaşı, bu sənədlərin Xəzər dənizinin zəngin təbiəti və biomüxtəlifliyini qorumaq baxımından böyük əhəmiyyət kəsb etdiyixüsusi qeyd edilməlidir.

Rusiyanın Yeni Dövlətlər İnstitutunun direktoru, politoloq Aleksey Martınovun sözlərinə görə, zirvə görüşündə əldə edilən başlıca məsələlərdən biribeşliyin Xəzərdə NATO infrastrukturunun hərbi baza və obyektlərinin tikilməsi imkanları haqqında danışıqlara son qoymasıdır.

A.Martınov deyir: “Əldə edilən əsas nəticə – Xəzərin bütün Xəzəryanı dövlətlər üçün demilitarizasiya ediləcəyidir. Burada Xəzər sazişini imzalayan ölkələrin hərbçilərindən başqa, heç bir hərbiçi olmayacaq. Bu qeyd edilməli olan prinsipial və başlıca məsələdir... Çünki biz aydın görürdük ki, son iyirmi ildə kənar hərbçilər çox fəal şəkildə regiona gəlməyə səy göstərirdilər. Hətta ABŞ orada öz hərbi bazasını tikmək istəyirdi”.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də məhz bu kimi məsələlərdə konvesiya iştirakçıları olan ölkələrin fəaliyyətinin əsas prinsiplərini xüsusi qeyd edir. Bu prinsiplər Xəzər dənizini sülh, mühriban qonşuluqdostluq sahəsinə çevirməsi; onun sülh məqsədləri üçün istifadə edilməsi; suverenliyə və ərazi bütövlüyünə hörmət; Xəzər dənizində tərəflərə məxsus olmayan hərbi güclərin olmamasıdır.

Sahilyanı dövlətlərin zirvə görüşünü regionda inteqrasiyaya doğru böyük addım kimi qiymətləndirən İran Prezidenti Həsən Ruhani isə deyir: “Bu gün Xəzər dənizi mühüm strateji region kimi hökumətlər və onların xalqları arasında dostluq, əməkdaşlıq və inteqrasiya mərkəzidir. Bu region sülhünmehriban qonşuluğun təminatı üçün uğurlu modelə çevrilmişdir”.

Bilavasitə ölkəsi üçün vacib əhəmiyyət daşıyan bir məsələni önə çəkən Ruhani konvensiyada “Xəzər dənizində hər hansı hərbi bazanın tikintisininxarici hərbi gəmilərin Xəzərə daxil olmasının qadağan edildiyini” alqışlayır.

Əlbəttə, bu günlər “Xəzər beşliyinin imzaladığı və elə həmin gündən qüvvəyə minən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın “Xəzərin Konstitusiyası” adını alması heç də təsadüfü deyil. Çünki bu sənəd beş dövlətin Xəzər dənizinə olan müstəsna və suveren hüququnu, onun təkindəki sərvətlərin məsuliyyətlə mənimsənilməsini və onlardan istifadə edilməsini təsbit edir, bütün aktual məsələlərin konsensus və maraqların qarşılıqlı razılıq prinsipləri əsasında həllinə təminat verir, Xəzər dənizinin sülh statusunu gerçək olaraq təmin edir.

Bütün bunlarla, yanaşı, Aktau zirvə görüşündə Xəzər İqtisadi Forumunun yaradılacağı haqqında da məlumat verildi. Qeyd edildi ki, bu tədbirin təşkilatçıları Xəzər ölkələri olacaqlar. Şübhəsiz, konvensiya ilə yanaşı, bu qərar da Xəzəryanı ölkələrin iqtisadi dairələri arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə imkan verəcək və onların iqtisadi tərəqqisinə yeni qapılar açacaq. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə Aktaudakı görüşü zamanı bunu özünəməxsus şəkildə ifadə edərək bildirir ki, Xəzər çox mühüm nəqliyyat arteriyasına çevrilib. “Əlbəttə ki, Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün biz Konvensiyanın bütün müddəalarının yerinə yetirilməsinə səy göstərəcəyik”.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2018.- 18 avqust.- S.5.