Şamaxı və İsmayıllı rayonları əlverişli turizm məkanlarıdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu günlərdə Şamaxı İsmayıllı rayonlarına səfərləri regionda turizmin inkişafını daha da sürətləndirəcəyi şübhəsizdir.

Turizm sahəsi ölkəmizdə böyük perspektivlərə malikdi. Bu gün Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, otellərin və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının dayanıqlı, səmərəli və rəqabətədavamlı sahəsinə çevrilməsindən ibarətdir.

Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edibbununla bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, istirahət zonaları, beynəlxalq səviyyəli turizm kompleksləri açılır. Son illərdə ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Zəngin potensialı olan paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektlərinin yaradılması kompleks xarakter daşıyır və regionlarda inkişafın mühüm amillərindən biri kimi çıxış edir.

Cənab Prezident bölgələrdə turizmin inkişafına xüsusi diqqət yetirir. İsmayıllı rayonuna səfəri zamanı Şamaxı - Lahıc yolunun açılışı mərasimindəki nitqində demişdir: Lahıc tarixi bir yerdir, qədim yaşayış diyarıdır... Lahıc nəinki Azərbaycanda, bizim regionumuzda unikal yaşayış yeridir. Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir. İndi Şamaxı-Lahıc yolu ilə daha da çox gələcəklər. Əminəm ki, turistlərin axını daha da artacaq. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur.

Ölkə başçısı Lahıcın memarlığını, küçələrini, binalarını milli sərvət adlandırmışdır. Qeyd etmişdir ki, bu gün dünyanın aparıcı televiziya kanallarında Lahıcla bağlı verilişlər gedir. Həm Euronews, həm başqa aparıcı televiziya kanallarında, qonşu ölkələrin telekanallarında indi çox gözəl reportajlar verilir. Bu da Azərbaycanın şöhrətini daha da artırır və Lahıca gələcək turistlərin sayını da artırır.

Turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir. İndi Lahıcda otellər tikilir, bir otel indi məktəbin önündə inşa edilir. Cənab Prezident deyib: Mən bunu da alqışlayıram. Bax, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir. Mən istəyirəm ki, hər bir yerdə, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin, dolanışıq yaxşı olsun. Ona görə biz bütün lazımi infrastruktur layihələrini icra edirik, o cümlədən İsmayıllı rayonunda.

Prezident Şamaxı rayonunda da turizmin inkişafına yüksək diqqət yetirildiyini bildirib. Doğrudan da, Şamaxı təbiəti, tarixi abidələri ilə həmişə turistlərin marağına səbəb olub. Pirqulu istirahət mərkəzi, rəsədxana, yazıçı şairlərin qəbirüstü abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir onun tarixi çox qədimlərə gedib çıxır. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır. Bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı Cümə Məscidində bərpa yenidənqurma işlərinin aparılması da bu məqsədə xidmət edirdi.

Turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün burada bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış ABAD publik hüquqi şəxsin fəaliyyəti daxildir. Burada turistlərə müxtəlif suvenirlər, əl işləri təqdim olunur hazır məhsullar bütün regionları əhatə edir. Kənddə turistlər üçün maraqlı əyləncə istirahət yerləri təşkil olunub. Bunlardan biri müxtəlif yerlərdə qoyulan təndirdir. İl ərzində turistlər Dəmirçi kəndinin özünəməxsus qonaqpərvərliyinin şahidi olacaqlar. Onlara məhz bu bölgəyə aid olan milli yeməklər təqdim ediləcək.

 

Murad KƏRƏMOV,

Turizm.Az şirkətinin direktoru

 

Xalq qəzeti.- 2018.-30 avqust.- S.11.