Xalq musiqisi ifaçılığı etibarlı əllərdədir

 

Görkəmli Azərbaycan bəstəkarı Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş Xalq Çalğı Alətləri İfaçılarının I Respublika müsabiqəsi başa çatmışdır. Azərbaycan Milli Konservatoriyasında keçirilən təntənəli mərasimdə milli musiqi yarışmasının qalibləri mükafatlandırıldı, ali məktəbin xalq çalğı alətləri orkestrinin konsert proqramı təqdim edildi.

Müsabiqənin təşkili və yekunları barədə məlumat verən Milli Konservatoroyanın rektoru, professor, Xalq artisti Siyavuş Kərimi bildirdi ki, Azərbaycan milli musiqisinin inkişafında, ifaçıların bir neçə nəslinin yetişdirilməsində samballı xidmətləri olmuş unudulmaz bəstəkarımız Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş Xalq Çalğı Alətləri üzrə

I Respublika yarışması uğurla başa çatıb, gənc istedadların yeni bir dəstəsi gələcək fəaliyyətə mötəbər zəmanət alıb. Müsabiqədə ölkənin müxtəlif bölgələrindən orta, orta ixtisasali musiqi məktəblərinin 4 milli çalğı aləti tar, kamança, balabanqanun ifaçılığı üzrə çoxsaylı yetirməsi iki yaş qrupunda yarışıb, 27 yeniyetmə və gənc 3 nominasiyada qalib sayılıb.

Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Musiqi Akademiyasının kafedra müdiri, professor Ramiz Quliyev bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın musiqi mədəniyyətimizin inkişafına göstərdiyi müstəsna qayğı milli-mənəvi dəyərlər sistemində xalq ifaçılığının və muğam sənətinin qorunub inkişaf etdirilməsinə geniş meydan açıb. Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi önəmli layihələr Azərbaycan musiqisinin beynəlxalq arenada layiqincə təmsil edilməsinə şərait yaradıb. Bütün bunlara görə Azərbaycan musiqisinin dünyada daha yüksək səviyyədə təqdim edilməsi üçün ifaçıların yeni nəslinin yetişdirilməsi, aşkar edilməsi və tanıdılması mədəniyyət sahəsində önəmli vəzifələrdəndir.

Yarışmanın gedişi barədə söz açan Ramiz Quliyev daha sonra qeyd etdi ki, münsiflər heyəti bir neçə gün iştirakçıların çıxışlarını dərindən incələdi, nəticələri obyektiv qiymətləndirdi. Yarışma göstərdi ki, xalq çalğı alətləri ifaçılığı sahəsində istedadların yeni nəsli ötən dövrlərin estafetini sədaqətlə davan etdirir, ilk sınaqlarda yüksək məharət nümayiş etdirir. Qalibləri səmimi təbrik edir, onlardan yeni yaradıcılıq uğurları gözləyirik.

Sonra münsiflər heyətinin üzvlərindən Xalq artisti, professor Zamiq Əliyev, Əməkdar artistlər Mirnazim Əsədullayev, Elçin Həşimov, Təranə Əliyeva, Elnur Əhmədov və digərləri müsabiqə qaliblərinə diplomlar və hədiyyələr təqdim etdilər. Müsabiqənin digər iştirakçılarına və onları yarışmaya hazırlayan ən yaxşı müəllim və müsayiətçilərə də diplomlar verildi.

Mərasim Milli Konservatoriyanın xalq çalğı alətləri orkestrinin nümunəvi konsert proqramı ilə davam etdi.

Münsiflər heyətinin sədri, dünya şöhrətli tarzən və görkəmli musiqi pedaqoqu Ramiz Quliyev qəzetimiz üçün açıqlamasında bildirdi:

Böyük Üzeyir Hacıbəylinin xalq ifaçılığı sahəsində layiqli musiqiçilər yetişdirmək ənənəsi ölkəmizdə uğurla davam etdirilir. Korifey bəstəkarın yetirməsi olan Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş xalq çalğı alətləri ifaçılarının ilk respublika müsabiqəsi bunu bir daha sübut etdi. Azərbaycan Milli Konservatoriyasının təşkil etdiyi və tələbələrinin də fəal qoşulduğu yarışma bu ali musiqi təhsili ocağında son illərdə əldə edilmiş ciddi irəliləyişin fonunda növbəti uğurlu bir addım oldu. İnanırıq ki, bir neçə gün gərgin araşdırmanın nəticəsi olaraq aşkar etdiyimiz gənc istedadlar musiqimizi bir az da irəliyə aparacaq, Azərbaycan xalq çalğı alətləri ifaçılığını bəşəri dəyərlər çərçivəsində daha seçilən mövqeyə qaldıra biləcəklər.

Qanun aləti üzrə müsabiqənin qalibi, Milli Konservatoriyanın tələbəsi Fəridə Rüstəmova isə qazandığı uğurun sevincini belə ifadə etdi:

Ölkəmizdə milli musiqinin inkişafına dövlət səviyyəsində göstərilən yüksək qayğı biz tələbə ifaçıların bu zəngin mənəvi sərvətimizə layiqincə sahib çıxmağımıza, onu xalqımıza və dünyaya məharətlə çatdırmağımıza hər cür şərait yaradıb. Yaxşı bilirik ki, çağdaş dünyada xalqlara həm də onların mədəni səviyyəsi ilə qiymət verilir. Ölkəmizin qazandığı iqtisadi-sosial uğurların yüksək mədəniyyət imici ilə tamamlanması üçün musiqiçilərin yeni nəslinin də üzərinə məsul vəzifə düşür. Qazandığımız uğura görə müəllimlərimizə minnətdarıq. Münsiflər heyətinin yüksək qiymətini, böyük etimadını gələcək uğurlarımızla cavablandırmağa çalışacağıq.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2018.- 1 dekabr.- S.5.