Taxılçılığın inkişafında

həlledici mərhələ  

 

Azərbaycanda son illər ərzində aqrar islahatların uğurla reallaşdırılması nəticəsində yüksək əlavə dəyər yaradan ənənəvi sahələrin inkişafı sürətlənib. Pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq, çayçılıq, üzümçülüksitrus meyvəçiliyi ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası uğurla davam etdirilib. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqinə üstünlük verilib, güzəştli kreditlərin və subsidiyaların ayrılması, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər reallaşdırılıb.

Aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi nəticəsində istehsal göstəriciləri də davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına mühüm töhfə verib.

Həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, cari il noyabr ayının 1-nə kimi, dənli və dənli-paxlalı bitkilərin (qarğıdalısız) 1051,4 min hektar əkin sahəsinin 1049,1 min hektarı biçilib və həmin sahələrdən 3057,7 min tonya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülüb. Orta hesabla hər hektardan 29,1 sentner məhsul əldə edilib. Bundan əlavə, 31,6 min hektar dən üçün qarğıdalı sahəsindən 202 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 64 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 259,7 min ton olub.

Məhsul yığımı başlanandan noyabrın 1-dək sahələrdən 1 milyon 390,2 min ton tərəvəz, 885,5 min ton kartof, 401,6 min ton bostan məhsulları toplanılıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı tərəvəz üzrə 11 sentner, bostan məhsulları üzrə 5 sentner artıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 417,7 min ton, süd istehsalı 2,2 faiz artaraq 1720,1 min ton olub.

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 7,4 faiz artıb.

Gələn ilin məhsulu üçün 856,3 min hektar sahə şumlanıb, 417,8 min hektar sahəyə dən üçün taxıl, ondan 247,2 min hektar sahəyə buğda, 170,5 min hektar sahəyə isə arpa səpilib.

Aqrar sahədə daha çox əlavə dəyər yaratmaq, yeni yerləri açmaq üçün hökumətin fəaliyyəti nəticəsində bəzi rayonlarda yeni kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri yaradılıb, aqrobiznes obyektlərinin inşasına başlanıb, müasir texnikatexnologiyalar alınaraq fermerlərin istifadəsinə lizinq yolu ilə icarəyə verilib, yaxud satılıb və digər stimullaşdırıcı tədbirlər həyata keçirilib.

Kənd təsərrüfatında tətbiq edilən vergi güzəştləri də bu sahədə calışan istehsalçıları stimullaşdıran əsas amillərdəndir. Hazırda kənd təsərüfatı istehsalçıları torpaq vergisindən başqa, bütün digər vergilərdən azaddırlar. Bu güzəştlərin gələcəkdə də tətbiq ediləcəyi istisna olunmur.

Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri də dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunmasıdır. Taxıl məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə olunması ilə əlaqədar qanunvericilik bazası 2009-cu ildə təkmilləşdirilib, Dövlət Taxıl Fondunun səmərəli fəaliyyəti təmin edilib, tələbata uyğun yeni elevator və anbarların tikilməsi istiqamətində mühüm işlər görülüb.

Hazırda qarşıda duran əsas vəzifə ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və bütövlükdə aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bu sahədə ixracın coğrafiyasının genişləndirilməsi və həcminin artırılmasından ibarətdir.

Yeri gəlmişkən, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutan taxılçılığın indiki vəziyyətinə bir qədər geniş şəkildə toxunmaq istərdim. Xatırladım ki, son illərdə bu sahənin inkişafı ilə bağlı müəyyən işlər görülüb, məhsuldarlığın yüksəldilməsi üçün növbəli əkin sisteminin tətbiqi, torpaqların seçilməsi, suvarmanın yaxşılaşdırılması, gübrələrlə, pestisidlərlə təminat məsələləri diqqət mərkəzində saxlanılıb. Eyni zamanda, taxılçılığın inkişafına sahibkarların marağının artırılması məqsədilə stimullaşdırıcı tədbirlər reallaşdırılıb. Ən başlıcası isə fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi üçün Xaçmaz, Şəki, Ağcabədi, QobustanTovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələrinin qurulması qərara alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə taxılçılığın inkişafına mühüm verir. Dövlətimizin başçısı bu il oktyabrın 28-də Qax Aqroparkının açılışı mərasimində çıxış edərək deyib: “Əminəm ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, üstəgəl ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq. Artıq biz nəticələri görürük… Taxılçılıqda yaxşı nəticələr var. Dövlət hər zaman fermerlərin yanındadır. Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir. Təsadüfi deyil ki, biz bu gözəl nəticələri görürük. İnsanların məşğulluğu artır, rifah halı yaxşılaşır, bütün ölkədə böyük infrastruktur layihələri icra edilir…”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqində də iri fermer təsərrüfatları tərəfindən taxılçılıqda müsbət nəticələr əldə edildiyini, hətta bəzi təsərrüfatlarda hektardan orta hesabla 50 sentner məhsul götürüldüyünü də xatırladaraq bildirib: “İri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji prosesibiz bütün təsərrüfatlara yaymalıyıq. Belə olan halda, biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik. Bu il taxılçılıqda artım olub, 3 milyon ton taxıl tədarük edilibdir. Buğda yığımında məhsuldarlıq 30 sentnerə çatıb. Pis nəticə deyil. Amma hesab edirəm ki, daha da artmalıdır və artacaq”.

Qeyd edim ki, bu il taxılçılıqda bol məhsul əldə edilməsi məqsədilə ötən ilin dövlət və icmal büdcələrindən üst-üstə 581 milyon manat vəsait ayrılmış, toxumçuluq, seleksiya işləri, aqrotexnika, becərilmə prosesi, mövzu planına uyğun tədqiqat işləri diqqət mərkəzində saxlanılmış, fermerlərə çoxşaxəli dövlət dəstəyi göstərilmişdir. Bunun sayəsində hər hektardan orta hesabla 29,1 sentner məhsul əldə edilməklə 2 milyon 820 min ton taxıl istehsal olunmuşdur. Bu, 2017-ci illə müqayisədə 2 faiz çoxdur. Bunun isə 1 milyon 844 min tonu buğdadır.

Hazırda taxılçılıqda qarşıda duran ən mühüm vəzifə yüksək məhsuldarlığa nail olmaqdır. Bunun üçün, ilk növbədə, sahənin inkişafın sürətləndirən növbəli əkin sisteminin tətbiqinə xüsusi diqqət yetirilməli, məhsuldar, yerli şəraitə uyğun toxumlardan istifadəyə üstünlük verilməli, becərilmədə müasir texnologiyaya əsaslanılmalı, alaqlarla və zərərvericilərlə mübarizə tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilməlidir. Təbii ki, burada müvafiq qaydaya uyğun suvarmanın aparılması, yemləmə gübrələrinin verilməsi də əsas şərtlərdir. Əlbəttə, belə şəraitdə yüksək göstəricilərdən söhbət açmaq olar. Həm də unutmayaq ki, uğurlu nəticənin əldə edilməsində ölkəmizin əlverişli təbii iqlim şəraiti də mühüm rol oynayır və bu cür mühit təkcə payızlıq taxılın hət hektarından 60-70 sentner və daha çox məhsul götürməyə imkan verir.

Yuxarıda qeyd etdim ki, yüksək məhsul alınmasında əsas amillərdən biri taxıl əkiləcək sahədə növbəli əkinə ciddi əməl olunmasıdır. Təcrübə də göstərir ki, eyni sahədə 2-3 ildən artıq taxıl əkilməsi səmərə vermir. Çünki hər hansı bir bitkini eyni yerə uzun müddət əkdikdə orada ona lazım olan qida ehtiyatı tükənir, digər tərəfdən xəstəlik və zərərvericilərin miqdarı artır. Nəticədə bitkinin məhsuldarlığı aşağı düşür.

Aqrar sektorda yüksək nəticələrə nail olmaq üçün yeni texnologiyaların tətbiqi mühüm şərtdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla əlaqədar deyib: “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik…”.

Dövlətimizin başçısı həmin çıxışında diqqəti, həmçinin kənd təsərrüfatının intensiv yollarla inkişafının zəruriliyinə yönəldərək bildirib ki, aqroparkların yaradılması bu sahədə mühüm əhəmiyyətə malikdir. Bitkiçiliklə məşğul olan bu aqroparklarda məhsuldarlıq ən yüksək səviyyədədir -- taxılçılıqda minimum 50 sentnerdir.

Elm və qabaqcıl təcrübənin nəticələri göstərir ki, dənli taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün bu bitkilərin becərilməsində mütərəqqi və səmərəli texnologiyalardan istifadə etmək lazımdır. Bu texnologiyanın əsas və başlıca elementlərindən biri dənli taxıl bitkilərinin səpin üsullarıdır.

Dövlət başçısının dəyərli tövsiyələrinə uyğun olaraq, hazırda ölkədə aqrar islahatlar kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsaslanılmaqla reallaşdırılır. Rəqabətqabiliyyətliliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsində məhsuldarlığın artırılmasına xüsusi önəm verilir. Bu isə bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi metod və həllərin geniş tətbiqini tələb edir. Ona görə də aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə çatdırılması, bu qurumların məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində institusional islahatlar aparılmasına xüsusi diqqət yetirilir.

Respublikada aqrar islahatların səmərəliliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin bütün elmi-tədqiqat institutlarının inzibati-laboratoriya binaları əsaslı təmir edilib. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunan torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib. Hazırda isə fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulur.

 

Ramiz TƏHMƏZOV,

Kənd Təsərrüfatı Nazirliyinin istehsal

müəssisələri ilə şöbəsinin böyük məsləhətçisi

 

Xalq qəzeti.- 2018.- 1 dekabr.- S.6.