Heydər Əliyev ideyaları:
uğurlarımızın qarantı
Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin
«Mən fəxr edirəm ki, azərbaycanlıyam!»
kəlamı bütün dövrlərdə öz
aktuallığını qorumaqla, harada yaşamasından
asılı olmayaraq hər hər bir azərbaycanlını vətənpərvərliyə,
azərbaycançılıq ideyası ətrafında sıx
birliyə çağırır. Ulu Öndər bütün
çətinliklərə rəğmən xalqı öz
arxasınca apararaq, ölkəni düşdüyü
böhrandan xilas etdi, hər bir azərbaycanlının qəlbində
«müstəqil Azərbaycan» adlı abidəni ucaltdı. «Mənim üçün hər şeydən əziz
mənim xalqımdır, mənim Vətənimdir, mənim
torpağımdır» söyləyən Ümummilli Lider
bildirirdi ki, həyatının mənasını ancaq xalqa sədaqətlə
xidmət etməkdə görür.
Məhz bu günümüzdən dünənimizə
baxış keçirəndə bu reallığı
aydın görürük ki, Azərbaycanın bugünkü
uğurları Ulu Öndərin çətinliklərə sinə
gərərək göstərdiyi böyük səylərin,
qətiyyətinin, siyasi iradəsinin nəticəsidir. 27 illik
müstəqillik tarixinə malik olan Azərbaycanı
çoxmərtəbəli binaya bənzətsək,
davamlı pillələrin sayının artması binanın
möhkəm bünövrə üzərində
qurulmasına əsaslanır. Ümummilli
lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə
olunması nə qədər çətindirsə, onun qorunub
saxlanılması, əbədi olması bundan da çətindir.
Müstəqilliyimizin ilk illərində
parçalanmaq, dağılmaq, bir dövlət olaraq
dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini
yaşayan Azərbaycan 1993-cü ildə ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra sözün əsl mənasında
müstəqil, azad, firavan ölkə olmaq sevincini
yaşamağa başladı. Ümummilli
Lider parlaq siyasi zəkası, bacarığı, istedadı
sayəsində yeni Azərbaycanı, onun bugünkü
gerçəkliklərini yaratdı və gələcəyə
aparan yolları müəyyən etdi.
Dahi şəxsiyyətin bütün istiqamətləri
özündə ehtiva edən tezislərinə diqqət
yetirdikdə hər dövrün
çağırışlarına önəm verdiyi
xüsusi diqqət çəkir. Belə ki, Ulu Öndər
“Milli azadlığa nail olmaq üçün xüsusən
bizim xalqımızda milli oyanış, milli dirçəliş,
milli ruhun canlanması lazımdır» tezisi bu reallığa
işıq salır ki, Azərbaycanı müstəqil
dövlət quruculuğuna aparan yol sözün əsl mənasında
ulu öndər Heydər Əliyevin ölkəmizə ilk dəfə
rəhbərlik etdiyi dövrdən başlamışdır.
Dahi şəxsiyyət o dövrdə mövcud
olan ideologiyanın qəlibləri çərçivəsində
Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki
yol verməmiş, əksinə, daha da yüksəlməsinə
çalışmışdır. Məhz
bu məqama söykənərək, bu fikri böyük inamla
qeyd edirik ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin
birinci dövrü milli özünüdərkin, milli
özünəqayıdışın
başlanğıcı kimi dəyərləndirilməlidir.
Onun düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində xalqımızın
şüurunda «milli maraqlar» anlayışı dərin kök
saldı. Təbii ki, bu kimi biri-birindən
mühüm addımlar Ümummilli Liderin Azərbaycanı gələcəkdə
müstəqil görmək istəyindən
qaynaqlanırdı. Azərbaycanlı gənclərin
keçmiş İttifaqın nüfuzlu ali
məktəblərində təhsil almağa göndərilməsi,
müstəqil dövlətin qarantı olan ordu
üçün hərbi kadrların yetişdirilməsi məqsədilə
C. Naxçıvanski adına hərbi liseyin yaradılması
kimi önəmli addımlar da bu məqsədə xidmət
edirdi.
Vətən, torpaq, xalq sevgisindən ilham alaraq hakimiyyətinin
hər iki dövrünü sonsuz xidmətləri ilə zənginləşdirən
ümummilli lider Heydər Əliyevin ideyaları müstəqil
Azərbaycanımıza bundan sonra da möhtəşəm
uğurlar qazandıracaq, respublikamızın dünyanın
xoşbəxt ölkələri sırasında
addımlamağı ilə qürur duyacağıq. Azərbaycanın
bu gün xoşbəxt ölkələr sırasında yer
alması Heydər Əliyev siyasətinin təntənəsidir.
Ölkə, xalq o zaman xoşbəxt olur ki, onu
irəli aparan lideri var. Liderliyin mahiyyəti dövlətinin
milli maraqlarına cavab verən yeganə və bənzərsiz
inkişaf yolunu müəyyən etmək, xalqını yeni zəfərlərlə
dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin
etməkdir.
Dövlətimizin
başçısı möhtərəm İlham Əliyev
Ulu Öndərin adını daşıyan Mərkəzin
açılışında reallıqlara əsaslanaraq
bildirmişdir: «Heydər Əliyev bütün dövrlərdə
öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri
vardır. O, bütün dövrlərdə Azərbaycan
xalqının rifah halının
yaxşılaşdırılmasına və Azərbaycanın
inkişafına böyük səylər qoymuşdur. 1970-1980-cı illərdə onun rəhbərliyi
altında Azərbaycan Sovet İttifaqında ən geridə
qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər
yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə
güclü sənaye potensialı yaradılmışdır
ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana
xidmət göstərir.»
Ümummilli Liderin hakimiyyətinin ikinci dövrü də
Azərbaycanın dirçəlişi, inkişafı
dövrü kimi tariximizə yazılıb. Yazının
əvvəlində müstəqilliyimizin ilk illərində Azərbaycanın
yaşadığı çətinlikləri, faciələri
qeyd etdik. Xaos, anarxiya,
özbaşınalıq o illərin xarakterik cəhətləridir.
Xalqın sabaha ümidi itmişdi. Belə çətin dövrdə xalq dahi şəxsiyyət
Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
Daim dövləti, xalqı üçün yaşayan,
bütün ömrünü ölkəsinin gələcəyinə
həsr edən ulu öndər Heydər Əliyev ölkənin,
xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə
səs verdi, hakimiyyətə
qayıdışı ilə sabaha ümid yaratdı.
1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları
yaradıldı. 1995-ci ildə Milli Konstitusiyamız
ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Əsaslı iqtisadi və siyasi islahatların həyata
keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq
münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirdi,
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması üçün tribunalar
qazandı. Azərbaycan diasporu
formalaşdı. Beynəlxalq təşkilatlara
üzv qəbul olunmaqla həqiqətlərimizin dünya
ictimaiyyətinə çatdırılması
üçün tribunalar əldə olundu. «Azərbaycanın
dövlət müstəqilliyi əbədi olacaqdır,
sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın
bugünkü gənc nəsli gələcək Azərbaycanı
daha da yüksəklərə qaldıracaqdır» söyləyən
Ulu Öndər bu məqsədə nail olmaq üçün
harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını
müqəddəs Azərbaycan qayəsi ətrafında
sıx birliyə, həmrəyliyə çağırdı.
Bir sözlə, müstəqil, iqtisadi cəhətdən
qüdrətli, vahid, dünya birliyinin tanıyıb hörmət
etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi
ümummilli lider Heydər Əliyevə nəsib oldu.
Ulu
öndər Heydər Əliyev «Müstəqil Azərbaycanda
hüquqi, demokratik dövlət qurulmalıdır, Azərbaycan
dövləti demokratik prinsiplər əsasında fəaliyyət
göstərməlidir və tarixi ənənələrindən,
milli ənənələrdən bəhrələnərək,
dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən
səmərəli istifadə edərək demokratik dövlət
quruculuğu yolu ilə getməlidir» söyləməklə,
ilk gündən demokratik inkişaf yolunu tutan Azərbaycanda
demokratik cəmiyyətin varlığını təsdiqləyən
bütün atributların yaradılmasına səy göstərdi
və nail oldu. Bu prinsip həyata keçirilən
siyasətin önündə saxlanıldı ki, dövlət
quruculuğunda nəinki tarixi və milli ənənələrimiz
nəzərə alınır, həm də dünya təcrübəsindən,
demokratik prinsiplərdən istifadə edilir. Demokratik inkişafın vacib amilləri kimi insan
hüquq və azadlıqlarının qorunması, azad mətbuatın
formalaşması, çoxpartiyalı sistemin
yaradılması, seçkilərin demokratik, beynəlxalq
standartlara uyğun keçirilməsi istiqamətində
mühüm addımlar atıldı və uğurlu nəticələr
əldə edildi. Milli Konstitusiyamızda əksini
tapan maddələr dövlət siyasətinin önündə
dayanan insan amilinə bir daha işıq saldı.
Bu gün
ölkənin ictimai-siyasi həyatında aparıcı rol
oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə
bağlı ziyalıların ulu öndər Heydər
Əliyevə müraciətində və bu müraciətə
cavabında da bu məqam öz əksini tapmışdır
ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
demokratik, hüquqi dövlətin yaradılması hərtərəfli,
geniş planlı iş aparılmasını və
respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi
potensialından maksimum istifadə olunmasını tələb
edir. Əgər hər hansı ölkənin
xalqı öz hüquqlarını anlayır və onları
qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən
böyük məmləkət olur. 1998-ci
ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə
ölüm hökmü ləğv olundu. Nəzərə
alsaq ki, bu gün dünyanın bir çox qabaqcıl ölkələrində
belə ölüm cəzası hələ də ləğv
olunmayıb və mütəmadi olaraq tətbiq edilir, bu halda
Ulu Öndərin bu addımının böyük hüquqi,
tarixi dəyərini daha dərindən dərk etmiş
olarıq. Ulu öndər Heydər Əliyevin həyata
keçirdiyi dövlət siyasətinin mahiyyətini
özündə əks etdirən humanistlik nəticəsində
1995-ci ildən əfv və amnistiya təsisatları bərpa
edildi, həmin dövrdən etibarən imzalanmış sərəncam
və fərmanlara əsasən minlərlə məhbus
azadlığa qovuşdu.
Demokratiyanın digər mühüm amili kimi söz, mətbuat
azadlığının inkişafı istiqamətində
atılan addımlar da bu günümüz üçün
möhkəm baza formalaşdırmışdır. Ulu öndər Heydər
Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı
ilə senzuranın ləğv olunması ölkədə
müstəqil mətbuatın inkişafı üçün
geniş imkanlar yaratdı. Mətbuatın
maddi-texniki bazası möhkəmləndirildi. Dahi şəxsiyyət
Heydər Əliyev müstəqil mətbuatın inkişaf
etdirilməsinin Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
baxımından xüsusi əhəmiyyət kəsb etdiyini
önə çəkərək bildirirdi: «Biz senzuranı ləğv
etdik. Konstitusiya ilə təsbit olunmuş
söz azadlığını, mətbuat
azadlığını tamamilə təmin etdik, mətbuata
yeni imkanlar yaratdıq. Mətbuat Azərbaycanda
həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir
azaddır» Azad mətbuatın inkişafına göstərilən
diqqət və qayğının nəticəsidir ki, bu
gün Azərbaycan KİV-lərin sayına görə MDB və
Şərqi Avropa ölkələri arasında lider mövqedə
dayanır. Ölkədə minlərlə
kütləvi informasiya vasitəsi qeydiyyata alınıb.
Respublikmızda xeyli sayda jurnalist təşkilatları
və ictimai birlikləri mövcuddur. Azərbaycanda
internet istifadəçilərinin sayı 85 faizdən
çoxdur. İKT-nin inkişafı istiqamətində
atılmış addımlar nəinki ölkəmizdə,
dünya birliyində təqdir olunur. Son illərdə
üç peykimizin orbitə buraxılması da informasiya
müstəqilliyinin və təhlükəsizliyinin təmin
edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf
etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası
istiqamətində atılan mühüm addımlar
sırasındadır.
Bu gün böyük qürur hissi ilə qeyd ediriksə
ki, Azərbaycanda söz, mətbuat azadlığı
mövcuddur, insan hüquqları yüksək səviyyədə
qorunur, bu, dövlətimizin demokratik dəyərlərə
sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı
olmasının göstəricisidir. Müstəqil mətbuatın
inkişafının dövlət siyasətinin əsas tərkib
hissəsi olması atılan hər addımda özünü
təsdiqləyir. Məhz bu diqqət və
qayğının nəticəsi idi ki, ulu öndər Heydər
Əliyev 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına
layiq görüldü. Bir mühüm
hadisəni də qeyd edək ki, Azərbaycanın demokratik təsisatların
inkişafı istiqamətində atdığı uğurla
addımların nəticəsi olaraq ölkəmiz 2001-ci ilin
yanvarında bilavasitə demokratik prinsiplərin inkişafı
ilə məşğul olan beynəlxalq quruma-Avropa
Şurasına tamhüquqlu üzv qəbul olunmuşdur.
Təbii ki, bütün bu addımların
atılması ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Ulu öndər
Heydər Əliyev bildirirdi ki, iqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir. İqtisadi
tərəqqi digər sahələrin inkişafı
üçün əsasdır. Müstəqillik
əldə etdikdən sonra öz sərvətlərinin tam
sahibi olan Azərbaycan xalqının gələcəyini
düşünən və ölkənin iqtisadi
inkişafı üçün ən səmərəli yollar
axtaran ümummilli lider Heydər Əliyevin uzaqgörən
siyasətinin əsasında neft amilindən istifadə etməklə
Azərbaycan iqtisadiyyatının dünya bazarına
inteqrasiyası kimi önəmli məsələ
dayanırdı. «1994-cü ildən Azərbaycan
özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın
zəngin təbii sərvətlərindən Azərbaycan
xalqının rifahı naminə daha səmərəli istifadə
etməkdən asılıdır» söyləyən Ulu
Öndərin proqram xarakterli bu sözləri təkcə neft
sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinində
inkişaf yollarını aydın göstərir. Dünyada elə dövlət yoxdur ki, müəyyən
qədər təbii sərvətlərə malik olmasın.
Azərbaycan isə payına düşən sərvətlərin
zənginliyinə, strateji əhəmiyyətinə görə
fərqlidir. Bu gerçəklik də hər
zaman vurğulanır ki, təbii ehtiyatlardan düzgün
istifadə edildikdə o, zəngin sərvətə
çevrilir. «Əsrin müqaviləsi»ndən
ötən 24 ildə Azərbaycanın qazandığı
uğurların miqyasına diqqət yetirsək, bu fikrin
reallıqda öz əksini tapdığını görərik.
Artıq ötən il «Yeni əsrin
müqaviləsi» imzalandı. Azərbaycan
etibarlı tərəfdaş, ən əsası regional əməkdaşlığın
aparıcı qüvvəsi kimi bu çərçivədən
çıxaraq əməkdaşlığın
coğrafiyasının genişləndirilməsində
maraqlı tərəf olaraq özünü dünyaya təqdim
etdi. «Cənub Qaz Dəhlizi»nin, onun əsas
seqmenti olan TANAP-ın rəsmi açılışı oldu.
Bununla da Azərbaycan həm özünün
iqtisadi imkanlarını artırmaq, həm də
dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinin
təminatına davamlı töhfələrini təmin etmək
üçün yeni-yeni layihələrin iştirakçısı
və təşəbbüsçüsü rolunu
artırdı.
İqtisadi
qüdrətini günbəgün möhkəmləndirən
Azərbaycan digər sahələrin inkişafı istiqamətində
də əhəmiyyətli addımların atılmasına
nail oldu. Ümummilli lider Heydər Əliyev
diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı,
«Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi
yalnız və yalnız Azərbaycan Respublikasının
müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin
toxunulmazlığını təmin etmək
üçün lazımdır. Biz
düşdüyümüz vəziyyətdən sülh yolu
ilə çıxmaq istəyirik» söyləyərək ordu
qurculuğu sahəsində mühüm addımlar atdı.
1994-cü il mayın 12-də təcavüzkar
Ermənistan ilə müharibədə atəşkəsin əldə
olunması Azərbaycanın hər bir sahədə
inkişafının təmin olunmasında əhəmiyyətli
rol oynadı. Bu tezis həyata keçirilən siyasətin əsas
prinsiplərindən birinə çevrildi: “Hər bir dövlət
onda güclü olur ki, onun möhkəm iqtisadiyyatı və
güclü ordusu var.” Müharibə şəraitində
yaşayan ölkə üçün güclü ordunun
yaradılmasının nə dərəcədə zəruri
olduğu aydındır. Ən ağrılı
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında sülh siyasətinə
üstünlük verən ulu öndər Heydər Əliyev,
eyni zamanda, ölkənin suverenliyinin, ərazi
bütövlüyünün, sərhədlərinin
toxunulmazlığının təmin olunması
üçün hərbi siyasətin düzgün
qurulmasını vacib amillərdən biri kimi qarşıya
qoyurdu. Ordu quruculuğu prosesinin sürətlənməsi
Azərbaycanın sülh danışıqlarında mövqelərini
daha da möhkəmləndirdi. Dahi şəxsiyyət
Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına
əsasən 26 iyun Silahlı Qüvvələr Günü
elan edildi.
Ümummilli Liderin xidmətlərindən bəhs edərkən
bu gün ölkənin ictimai-siyasi həyatında
aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının
yaradılmasını xüsusi qeyd etməliyik. Xalqın istəyi,
zamanın tələbi ilə yaradılan bu partiya dövlətə,
xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul
edərək, qısa zamanda milyonların sevgisini qazandı.
Təsis konfransını 550 nümayəndənin
iştirakı ilə keçirən Yeni Azərbaycan
Partiyasının sıralarında bu gün 725 mindən
artıq üzv birləşir. Partiyanın
26 illik fəaliyyətinə diqqət yetirsək tutduğu
yola sadiqliyini, sözü ilə əməlinin birliyinin
özünü qabarıq şəkildə büruzə
verdiyini görərik. Məhz bu amil
partiyanın cəmiyyətdə nüfuzunun artmasında,
sıralarının kəmiyyət və keyfiyyət
baxımından zənginləşməsində, ölkədə
keçirilən seçki proseslərindən böyük qələbə
ilə çıxmasında əsas rol oynayır. 11
aprel 2018-ci il prezident seçkiləri bir
daha xalqın Yeni Azərbaycan Partiyasına inamını və
etimadını nümayiş etdirdi. Yeni Azərbaycan
Partiyasının namizədi cənab İlham Əliyevə dəstəyi
Azərbaycanın davamlı inkişafına, yeni-yeni hədəflərin
gerçəkləşməsinə inam kimi dəyərləndirən
ölkə vətəndaşları partiyanın «İlhamla
irəli» çağırışına səs verərək
seçkilərdə yüksək fəallıqları ilə
növbəti uğurlarımıza yol açdılar. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi
kimi, Yeni Azərbaycan Partiyasına xidmət dövlətə,
xalqa xidmət deməkdir.
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Partiyanın
tarixinə yazılan qələbələr ulu öndər
Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident
İlham Əliyevin siyasətinə inamın təsdiqidir.
Azərbaycana bu gün hansı tərəfdən baxsaq
ulu öndər Heydər Əliyevin xidmətlərinin
miqyasının genişliyini, zənginliyini görərik. Onun fəaliyyətinin
hər bir dövrü, hər bir sahəsi tədqiqat
mövzusudur. Ümummilli Liderin xidmətləri
ilə bağlı çoxlu sayda kitablar yazılıb və
yazılmaqdadır. Ərsəyə gələn
hər bir yeni nəşr, eyni zamanda, məqalə bu xidmətlərə
müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir
budur ki, Azərbaycanın bugünkü gerçəklikləri,
dünyaya səs salan uğurları ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Bu, onu təsdiqləyir ki, Heydər Əliyev irsi bir
məktəbdir, bu irsin daim öyrənilməsi və gələcək
nəsillərə çatdırılması bütün
dövrlərin tələbi,
çağırışıdır.
Müstəqil Azərbaycan 2003-cü ildən Heydər
Əliyev məktəbinin layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf
edir, islahatların təkmilləşməsi fonunda
yenilikçi ölkə kimi nüfuz qazanır. Bu gün Azərbaycan
beynəlxalq münasibətlər sisteminin fəal üzvü
olmaqla yanaşı, müxtəlif sahələri əhatə
edən beynəlxalq tədbirlərin keçirilməsi
üçün ideal məkandır. Azərbaycan
iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan
bu gün dünyanın 10 xoşbəxt, islahatçı
ölkəsi sırasında təmsil olunmaqla inkişaf
modelinin digər ölkələr üçün cəlbedici
olduğunu təsdiqləyir. Cənab
İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə
başladığı ilk gündən Azərbaycanın daha
qüdrətli, güclü dövlətə çevrilməsi
üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin
vacibliyini bildirdi. Son 15 ilin uğurları hər
vədin konkret əməli işdə təsdiqinin göstəricisidir.
Bütün inkişafın əsasında
sabitliyin dayandığını qeyd edən cənab İlham
Əliyev sabitliyin təminatçısının xalq-iqtidar
birliyi olduğunu diqqətə çatdırır. İrəli sürülən bütün təşəbbüslərin
xalq tərəfindən dəstəklənməsi, həyata
keçirilən siyasətə inam bu birliyin əsas göstəricilərindəndir.
Ölkə vətəndaşları hər
addımda özünə diqqət və qayğının
şahidi olur. İqtisadi artımın qeyri-neft sektorunun
hesabına olması istəyinə uyğun olaraq regional
inkişaf proqramlarının uğurlu icrası, işsizlik və
yoxsulluq problemlərinin həlli istiqamətində atılan
addımlar, özünüməşğulluğun təminatı,
«ASAN xidmət», “ABAD”, “DOST” və s. Azərbaycan brendi kimi
tanınan layihələrin gündəmə gətirilməsi
və başqa kimi addımlar insan amilinə verilən dəyərdən
qaynaqlanır. İnsan hüquq və
azadlıqlarının qorunması istiqamətində
atılan addımlar sırasında İnsan Hüquqları
Gününün təsis edilməsini, 2009 və 2016-cı
illərdə Konstitusiyaya əlavə və dəyişikliklərin
edilməsi məqsədilə ümumxalq səsverməsinin
keçirilməsini də xüsusi qeyd etməliyik.
İqtisadi artımın qeyri-neft sektorunun hesabına
olmasının prioritetliyini açıqlayarkən möhtərəm
Prezidentimiz İlham Əliyev bu reallığı
vurğulayır ki, əgər inkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki, həmin
dövlətlərin uğurlarının təməlində
ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də
ölkəmizdə müxtəlif istiqamətlərdə
islahatlar apararkən müasirləşməyə
üstünlük veririk. Yeni
texnologiyaların inkişafı və tətbiqi, kadr
hazırlığının ölkənin iqtisadi inkişaf səviyyəsinə
uyğunlaşdırılması yönümündə
görülən tədbirlər, imzalanan fərman və sərəncamlar
da təqdirəlayiqdir. Gənclərin
xarici ölkələrdə təhsilinə dair Dövlət
Proqramının uğurlu icrasında da Azərbaycanın
yeniliyə, təkmilləşməyə, modernləşməyə
verdiyi önəm əsas yer tutur.
İdarəetmə sistemində təkmilləşmə
də öz növbəsində davamlı inkişafı təmin
edir. Beynəlxalq səviyyədə qeyd olunan bu fikri
xüsusi vurğulamaq istərdik ki, müasir dövrün əsas
çağırışı olan yoxsulluqla mübarizədə
Azərbaycan təcrübəsinin təqdir olunmasını əsaslandıran
amillərdən biri ölkəmizdə idarəçilik
sisteminin yüksək səviyyədə qurulması,
zamanın tələbinə uyğun olaraq mütəmadi təkmilləşmənin
həyata keçirilməsidir. 2016-cı
ildə ümumxalq səsverməsinə çıxarılan
Konstitusiyaya əlavə və dəyişikliklər
arasında idarəetmə sistemində təkmilləşməyə
xidmət edən mühüm məsələlərdən
biri vitse-prezidentlik institutunun yaradılması, həmçinin
prezidentlik müddətinin 7 ilə qədər
uzadılması oldu. 2017-ci ilin
fevralında dövlətimizin başçısı cənab
İlham Əliyevin Sərəncamı ilə Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti təyin olunması ölkəmizin
davamlı inkişafına xidmət edən mühüm
addım kimi dəyərləndirildi. Ölkə
Prezidenti İlham Əliyev Mehriban xanım Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti kimi təqdimatında onun ayrı-ayrı
sahələrdə xidmətlərini önə çəkərək
bu fikirləri söyləmişdir: «Bax, bu, çoxşaxəli
fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim
bu qərarı qəbul etməyimdə əsas rol
oynamışdır. Eyni zamanda, qeyd etməliyəm
ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli,
prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi
deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət
və sevgi ilə yanaşır. Sadaladığım
bütün bu amilləri nəzərə alaraq, mən bu qərara
gəldim və bu gün Mehribanın həyatında yeni
dövr başlayır. Əminəm ki, o, bundan sonra da
ölkəmizin inkişafına öz dəyərli töhfəsini
verəcəkdir.» Mehriban xanım
Əliyeva bu etimadı belə dəyərləndirmişdir:
«Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən
müsbət meyillərdə, dəyişikliklərdə,
inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun
artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi
bacarmışıq. Mən əminəm ki, vəzifədən
asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə
hər hansı bir işinə, əməyinə vicdanla
yanaşmalı, qarşısına aydın məqsədlər
qoyub, bu məqsədlərə nail olmağa
çalışmalı, söz və işlərində
bütöv olmalıdır.»
Göründüyü kimi, uğurlarımızda
söz və əməl birliyinin rolu inkaredilməzdir. Cənab
Prezidentimiz İlham Əliyev çıxışlarında bu
fikri xüsusi vurğulayır ki, ən böyük siyasət
real məsələlər, konkret işlərdir. Verilən hər bir qərarın icrası istiqamətində
zəruri addımlar atılır, nəticələr gələcəyə
nikbin baxmağa əsas verir.
Ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın
inkişafına heyrətlərini gizlətmirlər. İqtisadi tərəqqi,
əhalinin sosial rifahının daha da
yaxşılaşdırılması istiqamətində
atılan davamlı addımlar, demokratik islahatlarda təkmilləşmə,
Azərbaycanın beynəlxalq nüfuzu, hər sahənin
inkişafı üçün konkret Dövlət
Proqramlarının icrası ümumilikdə ölkəmizin hərtərəfli
inkişafına xidmət edir. Azərbaycanda
mövcud olan sabitlik, vətəndaş birliyi, müxtəlif
xalqların, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq
şəraitində yaşaması təqdir olunur. Bu fikir beynəlxalq səviyyədə də etiraf
edilir ki, Azərbaycan multikulturalizmin vətənidir. Müxtəlif mədəniyyətlərin və dinlərin
qovşağında yerləşən Azərbaycan sabitləşdirici
faktor kimi nüfuz qazanıb. Ölkə Prezidentinin Sərəncamı
ilə 2016-cı ilin «Multikulturalizm İli», 2017-ci ilin
«İslam Həmrəyliyi İli» elan olunması Azərbaycanın
bu dəyərlərə verdiyi töhfələrdən
qaynaqlanır. Ölkəmizdə tariximizin, milli mənəvi
dəyərlərimizin, mədəniyyətimizin qorunması
istiqamətində gördüyümüz işlərin və
beynəlxalq səviyyədə təbliğatın
qurulmasının nəticəsidir ki, 2019-cu ildə Azərbaycan
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasına ev sahibliyi edəcək.
Milli sərvətimiz olan dilimizin qorunmasına yönələn
addımlar da təqdir edilir. Cənab Prezidentimiz İlham
Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan
dilinin saflığının qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Fərmanı
da bu məqsədə xidmət edir. Ulu öndər Heydər
Əliyev bildirirdi: “Xalqı xalq edən, milləti millət edən
onun ana dilidir. Azərbaycan ədəbi dilinin
saflığına daim qayğı göstərilməlidir.
Ədəbi dilin tərəqqisi olmadan mənəvi
mədəniyyətin tərəqqisi mümkün deyildir.”
Hər gününü tarixinə uğur səhifəsi
kimi yazan Azərbaycanın reallıqlarının təbliğatçısı
kimi mətbuatın inkişafı da prioritet məsələ
kimi öndədir. KİV-lərin inkişafına Dövlət Dəstəyi
Konsepsiyasının qəbulu və uğurlu icrası, sənədə
uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması, jurnalistlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
davamlı sərəncamlar hər bir mətbuat nümayəndəsindən
peşəkarlığı və məsuliyyəti
artırmağı tələb edir. Mətbuatın
əsas prinsipləri olan obyektivliyin qorunması, qərəzə
yol verilməməsi, vətənpərvərlik hissinin daha da
gücləndirilməsi hər birimiz üçün
çağırışdır. Demokratik
cəmiyyətdə müxtəlif fikirli, düşüncəli
insanların olması təbiidir. Əsas
olan budur ki, dövlətçilik maraqlarımızı
üstün tutaq, onun möhkəmləndirilməsinə
öz töhfəmizi verək. Bu arzunu da
ifadə etmək istərdik ki, dövlətimizin uğurlu
siyasəti nəticəsində torpaqlarımızın
işğaldan azad olunması sevincinin müjdəçisi
olaq.
Dövlətimizin
başçısı cənab İlham Əliyev gələcəyə
nikbin baxmaq üçün kifayət qədər əsasların
olduğunu vurğulayır: «Azərbaycan daha da güclü
dövlət olmalıdır.» 2003, 2008,
2013 və 2018-ci il prezident seçkiləri
xalq-iqtidar birliyinin sarsılmazlığını, Heydər
Əliyev ideyalarına sədaqəti, eyni zamanda, həyata
keçirilən siyasətə dəstəyi ortaya qoymaqla
yanaşı, bu inama da əsas verdi ki, Azərbaycanın
möhtəşəm uğurları davamlıdır. Ölkəmizin hər sahədə inkişafı
möcüzə kimi dəyərləndirilir. Uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin də tezliklə
öz ədalətli həllini tapacağına əminlik
yaradır. Diplomatik mübarizədə
uğurlarımız göz önündədir. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq
təşkilatların qərar və qətnamələrində
həqiqətin öz əksini tapmasını şərtləndirir.
Təkcə 2018-ci ildə Azərbaycanın
xarici siyasət sahəsində qazandığı uğurlara
diqqət yetirsək dünya dövlətlərinin, beynəlxalq
təşkilatların mövqeyində ölkəmizə
qarşı müsbət istiqamətdə nə qədər
böyük dəyişikliklərin baş verdiyini görərik.
Təbii ki, bu uğurlar möhkəm təmələ
əsaslanan siyasətin nəticəsidir. Dövlətimizin
başçısı cənab İham Əliyevin bu fikirlərini
xatırlatmaq istərdik: «Bu gün Heydər Əliyev siyasəti
bütövlükdə bütün sahələrdə davam
etdirilir. 2003-cü ildə Azərbaycan xalqı
mənə böyük etimad göstərərək Prezident
vəzifəsinə seçdiyi gündən bu günə qədər
bu siyasətə sadiqəm. Mən
2003-cü ildə bu barədə sözümü demişəm.
Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən
bu günə qədər Azərbaycanda gedən uğurlu
inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir,
müstəqil Azərbaycanın təntənəsidir.»
Ulu öndər Heydər Əliyev bildirmişdi ki, Azərbaycan
dünyaya günəş kimi doğacaq. Bu, bir
çağırış olmaqla yanaşı, eyni zamanda, hədəf,
məqsəd idi. Əbəs yerə
deyilmir ki, məqsəd uğurlara aparan yoldur.
Bugünkü gerçəkliklərimiz, eyni zamanda, ulu öndər
Heydər Əliyevin vaxtilə söylədiyi bu fikrin real həyatda
təsdiqidir: “Biz bu çətin günləri keçib gedəcəyik,
müstəqil Azərbaycan Respublikası dünya birliyində
öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı
özünün bu müstəqil dövlətə mənsub
olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir.”
Bu gün harada yaşamasından asılı olmayaraq, hər
bir azərbaycanlı belə güclü, qüdrətli
dövlətin vətəndaşı olması ilə
qürur duyur.
Nə qədər ki müstəqil Azərbaycan
dövləti, xalqı var, ulu öndər Heydər Əliyev
ürəklərdə yaşayacaq, Onun gerçəkləşən
ideyaları inkişaf yolumuzu işıqlandıracaq.
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının
üzvü,
“İki sahil” qəzetinin baş
redaktoru,
Əməkdar jurnalist
Xalq qəzeti.- 2018.-
15 dekabr.- S.6.