Görkəmli yazıçı Mir Cəlal Paşayevin 110

illik yubileyinə həsr olunmuş rəsm sərgisi  

 

Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu - “Qalereya 1969”da görkəmli alim, yazıçı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.

 

Əvvəlcə qonaqlar Binəqədi məktəblilərinin ədibin həyat və yaradıcılğından bəhs olunan əl işlərindən ibarət rəsm nümunələri ilə tanış olublar. Rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək XX əsr ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi özünəməxsus yer tutduğunu diqqətə çatdırıb. Daha sonra tədbir iştirakçıları layihə ilə bağlı videoçarxı izləyiblər. 

Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və “Ədibin evinin nümayəndəsi Elnur İmanbəyli çıxışlarında qeyd ediblər ki, Mir Cəlal Paşayevin yetmiş illik həyatının tam yarım əsrini bədii, elmipedaqoji yaradıcılığa həsr etməsi bu ömrü ölməzlik zirvəsinə yüksəldən əsas amillərdən biri olub. Natiqlər yazıçının əsərlərinin oxucuda  sağlam duyğular, xoş arzu- ümidlər oyatdığını diqqətə çatdırıblar.

Çıxış edənlər, həmçinin Mir Cəlal Paşayevin yubiley tədbirlərinin ölkəmizdə və xaricdə qeyd olunmasını Azərbaycan elminə, ədəbiyyatına və ziyalısına verilən yüksək dəyər kimi qiymətləndirərək, onun yazdığı əsərlərin hər dövr üçün aktuallıq kəsb etdiyini və sevilərək oxunduğunu bildiriblər.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqi ilə çıxış edərək vurğulayıb ki, bu gün mənalı həyatını Azərbaycan xalqının maariflənməsinə, elmimizin və ədəbiyyatımızın inkişafına sərf etmiş bu ensiklopedik biliyə malik insanın təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, ümumbəşəri ideyaları heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurur. 

Sonda professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilən Binəqədi məktəblilərinin əl işlərindən ibarət sərginin iştirakçılarına  hədiyyələr təqdim edilib.  

Sonda sərgidə  nümayiş olunan rəsm əsərlərindən biri ədibin ev muzeyinə bağışlanıb.

 

 Xalq qəzeti.- 2018.- 27 dekabr.- S.10.