2018-ci il Bakı Uşaq

Teatrı üçün uğurlu oldu

 

Dövlətimiz heç zaman teatr sahəsinə diqqət və qayğısını əsirgəməyib. 2018-ci il də bu baxımdan yaddaqalan olub. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı da bu qayğını hər zaman hiss edib. Teatrın yaradıcısı və rəhbəri İntiqam Soltan 2018-ci ildə ölkə başçısının sərəncamı ilə Əməkdar artist adına layiq görülüb.

Teatrın kollektivi ötən il üç tamaşanın premyerasını keçirib. Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?!” tamaşasının premyerası Dövlət Gənc Tamaşaçılar Teatrının binasında keçirilib. Daha sonra tamaşa müxtəlif məkanlarda təqdim edilib.

Bu il hazırlanmış digər tamaşa isə Arzu Soltanın “Hərə olduğu kimi gözəldir” pyesi əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi “Əyriqulaq dovşan” olub. Cəmiyyətdə hər kəsin bərabər münasibətə layiq olması, fərqlilərin inteqrasiyasının önəmi kimi aktuallığını itirməyən mövzuya həsr olunmuş tamaşa balacalar tərəfindən bu il böyük maraqla izlənilib.

Tamaşada rolları Əməkdar artist Əliqulu Səmədov, aktyorlar Sovqat Səmədova, Ədalət Ağaverdizadə, Gülər Ləzgiyeva, Rəfael Muradxanlı, Günay Pirizadə, Gülnarə Abbasova və başqaları ifa ediblər. Səhnə əsərinin tərtibatı Sevda Məmmədovanın, musiqi tərtibatı Mahir İbrahimlinın, rəqslərin quruluşu Könül Şahbazovanındır.

Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesi əsasında İntiqam Soltanın quruluş verdiyi “Sevgi şimşəyi” tamaşası ilin üçüncü premyerası olub.

Böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində, cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.

Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim, rəssam Sevda Məmmədovadır.

“Sevgi şimşəyi” tamaşası ilk olaraq 2018-ci il noyabrın 13-dən 25-dək Türkiyənin Bilecik şəhərində keçirilmiş XIII Beynəlxalq Teatr Festivalında tamaşaçılara təqdim olunub. Daha sonra isə Bakıda Teatr Xadimləri İttifaqının tamaşa zalında yerli tamaşaçılar üçün nümayiş olunub.

Bu Beynəlxalq festivalda Bakı Uşaq Teatrı iki tamaşa ilə ölkəmizi təmsil edib.

İl ərzində teatrın kollektivi repertuarda olan uşaqlar və böyüklər üçün müxtəlif tamaşalarla paytaxtda və regionlarda dəfələrlə tamaşaçılarla görüşüb.

Bundan başqa, İntiqam Soltan Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş “Görünməz dərs” metodundan istifadə etməklə uşaqlar üçün “teatr təlimləri”adlı layihə gerçəkləşdirib. Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında həyata keçirilən layihənin nəticəsi olaraq da “Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə” adlı metodik vəsait hazırlayıb. Layihə çərçivəsində nəşr olunan metodik vəsait 150-yə yaxın xüsusi təmayüllü təlim-tərbiyə müəssisəsinə paylanıb.

Teatrın nəzdində fəaliyyət göstərən rusdilli “Günay” teatr-studiyası da 2018-ci il ərzində müxtəlif uğurlara imza atıb, bir sıra beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

 Hazırda daha bir yeni tamaşanın son məşqləri gedir. Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” pyesi əsasında eyniadlı tamaşanın quruluşçu rejissoru Könül Şahbazovadır.

Arzu Soltanın “Ballı” pyesi əsasında hazırlanan tamaşanın məşqlərinə isə yeni start verilib.

Teatr 2019-cu ilə ən aktual məsələləri işıqlandıran, müasir mədəni proseslərlə ayaqlaşan uşaq və böyüklər üçün yeni-yeni tamaşalar hazırlamaq əzmi ilə gedir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 28 dekabr.- S.15.