Dünya soyqırımları tarixi 

 

Xalq qəzeti”nin əməkdaşı, araşdırmaçı-jurnalist, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini, AMEA-nın dissertantı Anar Turanın bu günlərdə nəşr olunmuşDünya soyqırımları tarixi” adlı kitabı orta əsrlərdən bugünümüzə qədər bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktlarından bəhs edir. Faktlarla zəngin olan dəyərli əsər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin ilk layihəsi çərçivəsində nəşr edilib.

Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda tariximizin XX əsrdə ən keşməkeşli dövrlərinin acı nəticələri – 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, 1992-ci ildə bəşəriyyətin gözü qarşısında baş vermiş dəhşətli Xocalı soyqırımı dünyanın müxtəlif xalqlarına qarşı – Srebrenitsa, Ruanda, Namibiya, Kamboca, Oradur, Tasmaniya, Amerika dəhşətləri ilə paralel şəkildə işıqlandırılıb. Müəllifin faktoloji cəhətdən zənginliyi ilə seçilən bu monoqrafiyası ingilis, fransız, rus, türk mənbələrinə istinadən hazırlanıb. T.Snayder, A.Cons, D.Stennard, M.Hassan Kakar, T.Rassel və digər tanınmış əcnəbi tarixçi-alimlərin dünyada törədilən soyqırımlarına münasibətlərinin, araşdırmalarının tədqiqata cəlb olunması kitabın dəyərini daha da artırıb.

Kitabın üstünlüklərindən biri odur ki, ilk dəfə olaraq dünya soyqırımlarına kompleks şəkildə toxunulub. Digər üstünlüyü isə ingilis dilinə tərcümə olunmasıdır. İngilisdilli versiya, əsasən, xarici ölkələrdəki diaspor təşkilatları, diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar və xarici ölkələrdəki nüfuzlu universitetlərin kitabxanaları üçün nəzərdə tutulub. Kitabı ingilis dilinə tanınmış  tərcüməçi Ceyhun Bayramlı çevirib.

Dünya soyqırımları tarixi” kitabına ölkəmizin tanınmış tarixçilərinin – tarix üzrə elmlər doktorları, professorlar Anar İsgəndərov, Qafar Cəbiyev və Kamil İbrahimovun müsbət rəy vermələri həm mövzunun aktuallığından, həm də müasir dövr üçün zəruri olmasından xəbər verir. İsrailin aparıcı qəzetlərindən olanThe Jerusalim-Postun beynəlxalq məsələlər üzrə eksperti Arye Qutun da fikirləri diqqəti cəlb edir: Orta əsrlərdən günümüzədək baş verən soyqırımı aktlarına lakonik, həm də ətraflı işıq tutan araşdırmaçı, jurnalist Anar Turanın bu dəyərli əsəri bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətlər barədə ensiklopedik bilgi verir. Bu kitab vasitəsilə, həmçinin Holokost, Xocalı, Oradur, Ruanda, Srebrenitsa, Myanma və digər dəhşətli faciələr barədə kifayət qədər sistemləşdirilmiş və faktlara əsaslanan məlumatlar əldə edirik”.

Dünya tarixində qətliamlar, soyqırımları çox olmuşdur. Ümumbəşəri dəyərlərə qarşı törədilmiş cinayətlər Azərbaycan xalqından da yan keçməmişdir. Elə təkcə XX əsrdə iki dəfə – 1918-ci ildə mart qırğınları və 1992-ci ildə Xocalı dəhşətləri xalqımızın başına gətirilmişdir. Bu hadisələrə hüquqisiyasi qiymət vermək, əlbəttə, nüfuzlu beynəlxalq təşkilatların vəzifəsidir.

Bu il Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sənəddə erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasının vacib olduğu qeyd edilib. Anar Turanın haqqında söz açdığımız əsəri məhz dövlət başçımızın sərəncamında qarşıya qoyulmuş vəzifələrin icrası baxımından təqdirəlayiqdir.

Kitab ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq auditoriyanın da ermənilərin xarici havadarlarının dəstəyilə son bir əsrdə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə məlumatlılığını artıracaq, həmçinin beynəlxalq ədalətin təmin olunmasına öz töhfəsini verəcək.

Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, redaktoru Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.

Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və əcnəbi ölkələrin təmsilçiləri üçün nəzərdə tutulub.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2018.- 30 dekabr.- S.9.