Xalqımıza uğurlar arzu edirəm! 

 

– Ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olan daha bir ili yola salırıq, ­2018-ci il tarixə qovuşur. Bu il də əhəmiyyətli hadisələrlə yaddaşlara yazıldı. Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında öz mövqeyini qoruyub saxladı. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadı.

2018-ci ilin ən yaddaqalan, tarixi hadisələrindən biri növbədənkənar prezident seçkiləri oldu, xalq növbəti dəfə öz Prezidentinə etimad göstərdi, Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin dəstəyi ilə dövlət başçısı İlham Əliyev yenidən ölkə Prezidenti seçildi. Bu ili Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini, Azərbaycan Milli Ordusunun yaranmasının və Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyini Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə yüksək səviyyədə möhtəşəm hərbi parad keçirməklə qeyd etdik. “Cümhuriyyət ili” çərçivəsində müsəlman-Şərq aləmində ilk dəfə yaradılan parlamentin – AXC Parlamentinin 100 illiyi müstəqil Azərbaycan Respublikası Milli Məclisinin xüsusi, təntənəli iclası ilə qeyd olundu.

Ölkəmiz 2018-ci ildə nəinki bölgənin, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayacaq bir sıra uğurlara imza atdı. Səngəçal terminalında Azərbaycan Prezidentinin iştirakı ilə Cənub Qaz Dəhlizinin tarixi rəsmi açılış mərasimi keçirildibununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyi təminatında əsas tərəflərdən biri olduğu bir daha təsdiqləndi. Bundan çox qısa müddət sonra TANAP-ın rəsmi açılış mərasimi keçirildi. Bu istiqamətdə növbəti addım kimi, oktyabr ayının 19-da Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olaraq, nəhəng “STAR” neft emalı zavodunun açılış mərasimi reallaşdı.

2018-ci ildə Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanı Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” sənədində respublikamızın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstəyin ifadə olunması yola saldığımız ilin uğurlarındandır. Həmçinin ölkə Prezidenti İlham Əliyevin də iştirak etdiyi NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyüsuverenliyini dəstəkləməsi, 22 illik Xəzər müzakirələrinin müsbət sonluğuAktau Konvensiyasının imzalanması ilə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və digər uğurlarımız xarici siyasət kursunun düzgün aparıldığının təsdiqidir. Bu gün Azərbaycan qlobalregional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadihumanitar mərkəz kimi tanınır.

Ölkəmizin təhsil sistemi də inamlı inkişaf yolu ilə gedir. Noyabr ayında Azərbaycan Prezidenti tərəfindən imzalanmış “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə” Dövlət Proqramı ali təhsilimizin daha sürətli inkişafı və beynəlmiləlləşməsi istiqamətində atılmış mühüm addım oldu.

2018-ci il Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) üçün də düşərli il oldu. Bu il Avropanın bir neçə universiteti ilə əməkdaşlıq memorandumları, ikili diplom müqavilələri imzaladıq. Cari ilin iyul ayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində hər iki ölkənin prezidentlərinin iştirakı ilə “Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumuda imzalandı. 2018-ci ildə dünyanın nüfuzlu universitetlərinin reytinq təşkilatlarının siyahısına daxil edildik. Böyük Britaniyanın Ümumdünya Universitetlərinin reytinq cədvəli (QS World University Rankings) illik göstəricilərinə görə AzMİU-nu dünyanın ən yaxşı universitetləri ilə birgə bu siyahıya daxil edib. Yeni ilin astanasında daha bir yaxşı xəbər aldıq: “UI Green Metric World Universityreytinq bazası AzMİU-nu Azərbaycandan ilk olaraq dünyanın ən ekoloji universitetləri siyahısına daxil edib. Tələbələrimizin təhsildə uğurları ildən-ilə artır, onlar ölkə daxilində, eləcə də onun sərhədlərindən uzaqda öz biliklərini və bacarıqlarını nümayiş etdirirlər.

Sonda möhtərəm Prezidentimiz başda olmaqla xalqımızı, bütün dünya azərbaycanlılarını 31 DekabrDünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibəti ilə təbrik edirəm, hər birinizə cansağlığı, xoş günlər, firavanlıq, işlərinizdə uğurlar arzu edirəm. Ümidvaram ki, qədəm basacağımız 2019-cu ildə ölkə Prezidenti İlham Əliyevin siyasətinin daha böyük nəticələrinin şahidi olacağıq. Hər yeni il özü ilə bərabər yeni ümidlər, yeni arzular doğurur. Arzu edək və inanaq ki, növbəti ildə 31 illik münaqişə Azərbaycan xalqının gözlədiyi, arzuladığı və ümid etdiyi sülhlə bitəcək!

 

Gülçöhrə MƏMMƏDOVA,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin

rektoru, professor, Əməkdar memar

 

Xalq qəzeti.- 2018.- 30 dekabr.- S.6.