Hindistanla turizm əlaqələri genişlənir

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə olaraq Dehli şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisi SATTE 2018 sərgisində iştirak edib. Sərgidə Azərbaycanı assosiasiyanın üzvü olan 20 yerli turizm şirkəti təmsil edir.

Sərgi çərçivəsində Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov imzalama mərasimi zamanı qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək.

İmzalanma zamanı, həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə olunub və təsdiqlənib.

Görüşün nəticəsi olaraq assosiasiya rəhbərlərinin növbəti görüşünün may ayında Bakıda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) 1951-ci ildə 12 aparıcı turizm şirkəti tərəfindən təsis edilib. Hazırda assosiasiyanın 2500-dən çox üzvü var. Təşkilatın üzvləri sırasına dövlət və qeyri- dövlət təşkilatları daxildir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 6 fevral.- S.8.