Uşaqlar filmlərimizin qəhrəmanlarıdır

 

Ögey anafilminin qəhrəmanı dəcəl İsmayılın (Ceyhun Mirzəyev) obrazı ərköyün uşaqlığın mənəviyyatında və zəkasında kök salmış xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini nümayiş etdirir. Nəticədə İsmayıl obrazı uşaqlar üçün mənəvi tərbiyə örnəyinə, mərd, daim yaxşı mənada yaşıdları arasında fərqlənməyə can atmaq simvoluna çevrilir. Mərhum aktyorrejissor Ceyhun Mirzəyev balaca İsmayılın obrazını elə gözəl ifa edib ki, tamaşaçı onun istedadına, sözün əsl mənasında heyran qalır.

 Bir qalanın sirri” və “Sehrli xalat” Azərbaycan kinematoqrafiyasında nağıl janrında çəkilən uğurlu filmlər kimi ibrətamiz ideyalar daşıyır. Hər iki filmdə Xeyirin Şər üzərində qələbəsi, bu zəfərin məhz elm, bilik vasitəsilə əldə olunması, insanların elinə, obasına, torpağına məhəbbəti əks olunub. Həmin filmlərdəki uşaq obrazları da bu gün balaca tamaşaçılar tərəfindən sevilir.

Sehrli xalat” filmində xalatın sehrindən yalnız mərd və zəkalı, dostluqda sədaqətli insanların istifadə edə biləcəyi ideyaları, fantastik quruluşdakı maraqlı kadrlar, dinamikeffektiv zaman, məkan dəyişikliyi uşaqlarda elmə, biliyə maraq hissi oyadır. Rəşidin (Azər Qurbanov) müxtəlif zamanlarda göstərdiyi şücaət, əslində, uşaqların xəyallarında canlandırdıqları qəhrəmanlıqdır. “Bir qalanın sirri” filmində isə biz Hadı (T.Əliyev) ilə Bıdı (F.İsmayılov) obrazlarının dəqiq, koloritli dialoqlarında gərəkli insan övladının təkamül prosesini, inkişaf mərhələsini görürük. Müəlliminin bütün tapşırıqlarına sözsüz əməl edən Hadının elmi qavraması, onun dəyərini bilməsi, insanların nicatı üçün lazımlı cövhəri gizlətməsi filmin qəhrəmanlarının, ona elm, təhsil öyrədən insanların həyatını xilas edir.

Kinorejissor Şamil Mahmudbəyovun “Skripkanın sərgüzəştləri”, “Qaraca qız”, “Şərikli çörək” filmlərində talelərinə müharibənin, evsizliyin, kimsəsizliyin acıları yazılan uşaqların dünyalarını, mənəvi əzablarını, qürurlarını, vətəndaşlıq mövqelərini görürük.

Qaraca qız” filmi acınacaqlı taleyi olan yetim qızın cəsarəti, nəcibliyi fonunda xeyirxahlığın həmişə xilasedici bir vasitə olduğunu psixoloji cəhətdən geniş aspektdə önə çəkir. Valideynlərindən məhrum olan azyaşlı Tutu (Sevil Zeynalova) ətrafdakılar üçün yalnız əyləncə, varlığı isə köləlikdən başqa bir şey deyil. Mühitinin, dövrünün ona bəxş etdiyi sosial mənsubiyyəti sayəsində Tutunun cəmiyyətdəki mövqeyi acınacaqlıdır. Filmin finalında o, öz həyatı bahasına rəfiqəsi Ağcanı ölümdən xilas edir.

“Skripkanın sərgüzəştləri” filmi uşaqların “müharibəyə yox!” çağırışının əyani təzahürüdür. Filmin qəhrəmanları olan uşaqlar böyüklərdən heçgeri qalmayan cəsarətləri ilə Böyük Vətən müharibəsində (1941-1945) alman faşistlərinə qarşı mübarizədə iştirak edirlər. Uşaqların mərd obrazları yeniyetmələr arasında müsbət həyat mövqeyini təbliğ edir. “Şərikli çörək” filmində isə müharibənin arxa cəbhədə olan insanlara, uşaqlara vurduğu mənəvi zərbələrdən söhbət açılır. Filmdə təsvir olunan uşaqların düşündükləri bir şey varsa, o da bir qarın çörək tapmaqdır. Bəziləri oğurluqla, kimisi isə öz zəhməti hesabına bir parça çörək əldə edir. Filmin qəhrəmanı ­Vaqif fərdi cəhətləri ilə cəmiyyət üçün örnək bir personajdır. Vaqifin başındakı buxara papağı kişiliyin, əlində daim gəzdirdiyi kitab isə elmin, tərəqqinin simvolu kimi göstərilib.

Kinorejissor Tofiq İsmayılovun “Mən mahnı qoşuram” filmində isə kiçik bir qızın musiqi təhsili almasına mane olan atasının (Həsən Turabov) timsalında xudbin valideyn obrazı tənqid hədəfinə çevrilir. Filmdə xoşbəxt uşaq dünyasını xarakterizə edən sehrli, poetik musiqilər uşaq psixologiyasının incəliklərinə varır, onların kövrək istəklərinin, məqsədlərinin qarşısında sipər ola biləcək maneələrə həssaslıqla, emosionallıqla “yoxdeyir.

Son vaxtlar uşaqlar haqqında filmlərin istehsalı xeyli zəifləmişdir. Buna baxmayaraq, bir neçə il əvvəl istehsal olunan “Dərs” filminin də qəhrəmanı məktəb uşaqlarıdır.

Ümumiyyətlə, bu filmlərin hər birində qurub-yaratmaq, insani keyfiyyətləri dəyərləndirmək kimi cəhətlər üstünlük təşkil edir. Bu gün dünyanı uşaqlara qavradıqları şəkildə təqdim edən keyfiyyətli filmləri görmək kiçik tamaşaçılarımız üçün ən böyük hədiyyədir.

 

M.MÜKƏRRƏMOĞLU

Xalq qəzeti.- 2018.- 2 iyun.- S.9.