“Cümhuriyyətin 9 şəkli” filminin təqdimatı

 

Nizamikino mərkəzində “Veysəloğlu” Şirkətlər Qrupunun təşəbbüsü ilə ərsəyə gələn “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin təqdimat mərasimi oldu. Filmin senari müəllifi Əməkdar incəsənət xadimi, yazıçı Orxan Fikrətoğlu bildirdi ki, biz tarixçi deyilik. Ona görə də filmdə konkret tarixi faktların ardıcıl izlənməsinə deyil,  daha çox tamaşaçıya çatdırmaq istədiyimiz ideyanın bədii həllinə üstünlük verilib. Filmin sujet xətti Qafqaz İslam Ordusunun əsgəri və fotoqrafı olmuş şəxsin çəkdiyi şəkillər əsasında oğluna danışdığı xatirələr üzərində qurulub. Bu ekran əsəri ilə bir insanın, bir ailənin taleyində dövlətin yaratdığı sevgini, vətənpərvərliyi, vətəndaşlıq konsepsiyasını önə çəkməyə çalışmışıq.

Filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov ki,cümhuriyyətlə bağlı filmin çəkilişində iştirak etdiyinə görə qürur duyduğunu bildirdi: “Biz çəkiliş prosesində təkcə sujetin bədii həlli deyil, bir vətəndaşlıq, dövlətçilik mövqeyini önə çəkməyə çalışmışıq”.

“Veysəloğlu” Şirkətlər Qrupunun biznesə dəstək üzrə baş direktoru İlqar Nuri diqqətə çatdırdı ki, təmsil etdiyi şirkət iqtisadi fəaliyyəti ilə yanaşı korporativ məsuliyyətini də hər zaman uğurla icra edir. Bu günlər tariximizin ən parlaq səhifələrini yaşayırıq. Həm cümhuriyyətimizin 100 illik yubileyini qeyd edir, həm də müstəqil Azərbaycanın iqtisadiyyatının yüksəlişi dövründə yaşayır, fəaliyyət göstəririk. “Veysəloğlu” Şirkətlər Qrupunun təşəbbüsü ilə “Cinealliance” Kinoşirkətinin çəkdiyi film inanırıq ki, tamaşaçıların böyük marağına səbəb olacaq.

Xalq artisti Nurəddin Mehdixanlı isə xalqı birliyə səsləyən, tarixinə sahib çıxmağa çağıran filmin əsas qayəsinin öz keçmişini dərindən bilməyə səslədiyini vurğuladı. Qeyd edildi ki, yaradıcı heyət maraqlı sujet xətti ilə bizi bir daha 100 il əvvəl baş verənlərə qaytarır. Düşünməliyik ki, 23 ay ömür sürən cümhuriyyətimizin süqutunda buraxılan səhvlər bir daha təkrarlanmasın, Azərbaycanın müstəqilliyi əbədi olsun.

Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, müxtəlif ictimai təşkilatların təmsilçilərinin iştirakı ilə keçən təqdimat mərasimi filmin nümayişi ilə başa çatdı. Filimdə baş rolları Xalq artisti Rasim Balayevİbrahim Laçın ifa ediblər.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2018.- 3 iyun.- S.7.