Əndəbil kəndinin Mir Cəlal məhəlləsi

 

Tehran Universitetinin professoru, Təbriz İslam Şurasının fəallarından biri Hüseyn Siyaminin sözlərinə görə, İranın Turizm Nazirliyi Əndəbil kəndini rəsmi olaraqMir Cəlal məhəlləsi” kimi qeyd edib, onu ziyarətgah mərkəzi olaraq turizm proqramına daxil edib. Bu da İran hökumətinin Əndəbildə məşhur olan Seyid Mir Əli Əşrəf Ağanın nəsil-şəcərəsinə olan hörmət və ehtiramın təzahürüdür. Mir Əli Əşrəf Ağanın oğlu Mir Cəlal Paşayevin adı isə bu kəndin ilk yazıçısı kimi onun tarixinə həkk olunub. Bu barədə AZƏRTAC-a Beynəlxalq Terrora Qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğlu məlumat verib. Onun professor Hüseyn Siyami ilə söhbətinə əsaslanan qeydlərini təqdim edirik.  

Əndəbil kəndi Ərdəbildə çox məşhurdur. Bunun öz səbəbləri var. 1979-cu ildə İran İslam Respublikasının qurulmasında misilsiz xidmətlər göstərmiş, ən çətin dəqiqələrdə İmam Xomeyninin yanında olmuş böyük nüfuz sahibi Ayətulla Şəriət Mədarinin (ona camaat arasında “inqilab və ədalət aşiqi” deyirlər) 1981-ci il martın 22-də Tehran radiosuna müsahibəsindən: “Mən həmişə İmamla birgə Təbriz yolundan keçəndə, o, dayanıb, nə isə çox qədim bir duanı oxuyar və deyərdi: “...Qardaş Mədari, Təbriz İranın başı... Tehran isə ürəyidir”.

İmam Ərdəbil ostanının Xalxal şəhərindən 3 kilometr aralıdakı yaşıl təpələrin qoynuna sığınmış Əndəbil kəndinin vurğunu idi. Təqribən 600 illik qədim tarixi olan bu kənd üç təpənin əhatəsində yerləşir və onların hər birinin öz adı var: Ay işıqlı təpə”, “Ulduzlu təpə”, “Günəşli təpə”. Əndəbil Ərdəbil ostanının ad çıxarmış, bərəkətli kəndlərindəndir. İşdə-gücdə əli gətirməyənlər, qaraçuxası yatanlar... bu kənddən keçər, təpələrin ətəyindəki “Seyid Cəlal” daşına alınını qoyub, Allaha dua edərdilər. Bundan sonra, həmin adamın gördüyü hər işdə bərəkəti artardı. Təqribən min nəfərə yaxın əhalisi olan bu kənd Ərdəbil qədər nüfuzlu və şöhrətli idi.

Professor Hüseyn Siyami bu kəndin tarixini, nəsil şəcərələrini tədqiq edir. O deyir ki, tarixi şəxsiyyətlər – Mir Məhəmməd, Mir Əli Əşrəf, onun oğulları Mir Cəlal, Mir Xəlil, Mir Cəlil, Mir Vəli, Mir Ağa, Seyid Əbülfəzl və onların övladları Əndəbil kəndinin tarixinin qızıl səhifələrini yaradanlardır.

Doktor Ayətulla Şəriət Mədari isə yazır ki, Əndəbil kəndində qərar tutan Mir Əli Əşrəfin və Mir Məhəmməd Paşanın nəsli dördüncü imam Zeynalabdinə gedib çıxır, şəcərə etibarı ilə İmam nəslidir.

İran İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyni Əndəbilə gələrək, burda dəfn olunan tanınmış şəxslərin məzarlarını ziyarət etmiş, onları ədalət və ləyaqət çırağı adlandırmışdı. İmam Xomeyninin Mir Cəlalın atası Mir Əli Əşrəf Ağaya və babası Mir Məhəmməd Paşaya xüsusi rəğbəti var idi, onları bu kəndin ləyaqət rəmzi hesab edirdi.

Bu qədim kənd düşmənə qarşı həmişə amansız olub, haqqın və ədalətin tərəfində dayanıb. Məsələn, məlumata görə, şahın məmurları Əndəbil kəndinin comərd adamlarından həmişə ehtiyatlanar, oranı “Üsyankar kənd” adlandırardılar. Maraqlıdır ki, İran şahının xanımı Fərəh Pəhləvi hər cümə günü Əndəbilə gələr, kəndin Seyidlər məhəlləsini ziyarət edərdi. Şahın generallarından olmuş Zahidi Əndəbildə baş verən etiraz və üsyanları yatıra bilmədiyi üçün fransız jurnalistlərinə verdiyi müsahibəsində deyirdi: “İmkanım olsaydı, mən bu kəndi yandırardım...”.

Həqiqət bundan ibarət idi ki, general Zahidi Əndəbilə girə bilmirdi. Çünki Fərəh Pəhləvi ona  Əndəbilə toxunmağı qadağan etmişdi. Araşdırmalar göstərir ki, xanım Fərəh Pəhləvinin hər iki babası bu kənddə dəfn olunub.

Bu gün Seyid Mir Əli Əşrəf Ağanın Əndəbildəki məzarı Ərdəbil əhlinin ziyarətgahına çevrilib. Bundan başqa, Əndəbildə Mir Cəlal Paşayevin beş qardaşının və bacısı Ruqəyya xanımın da məzarları qalıb.

Qeyd edək ki, tədqiqatçı Hüseyn Siyaminin “Əndəbildən gəlirəm... Bakıya getmək üçün” kitabı fars və Azərbaycan dillərində çapa hazırlanır. Təqdim olunan fotolar həmin kitabdan götürülüb.

 

 

Xalq qəzeti.- 2018.- 10 iyun.- S.4.