Qurtuluş epopeyasının qəhrəmanı

 

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin zaman onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış belə günlərdən ən önəmlisi hər il ölkəmizdə ümummilli bayram Milli Qurtuluş Günü kimi qeyd edilən 1993-cü ilin 15 iyun günüdür. Bu tarixi gün Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, milli varlığımızın təsdiqi ilə bağlı müstəsna önəm daşıyan bir ildönümüdür.

Doğrudan da, milli dövlətçilik təqvimimizdə 15 İyun xalqımız üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə daim xalqına arxalanan və özü də ona arxa olan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, əbədiləşdirilməsində müstəsna rol oynayan fenomen bir siyasətçi, nadir bir dövlət xadimi çoxminillik tariximizin ilk ümummilli lideri Heydər Əliyevdir. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olmuş və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilir.

Zəruri Qayıdışdan ümummilli Qurtuluşa

Gəlin bu şanlı tarixə 1993-cü ilin böhranlı yayında ümummilli liderin hakimiyyətə Qayıdışını zəruriləşdirən Qurtuluş missiyasının qısa xronikasına bir daha nəzər salaq. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsət əldə edən Azərbaycan çox keçmədi ki, müxtəlif daxili və xarici amillərin məhvedici təsiri ilə suverenliyini bu dəfə də itirmək təhlükəsi ilə üzləşdi. Ölkədə şiddətlənən siyasi böhran, kəskinləşən vətəndaş qarşıdurması, təhdidedici xarici təcavüz 1993-cü ilin iyununda son həddə çatdı, respublikanı xaos və anarxiya bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.

Göründüyü kimi, 1991--1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə yeni yaradılmış müstəqil dövlətə liderlik etməyə qadir olmayan, siyasi hadisələrə qiymət verə bilməyən, gələcəyi görməyə zəkası çatmayan, adi vəziyyətdən belə çıxış yolu tapmayan şəxslərin ölkə rəhbərliyini zorla zəbt etməsindən irəli gəlirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli lider Heydər Əliyev sonralar müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə etmişdi: Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.

O günlərdə və aylarda Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət yalnız ümummilli lider Heydər Əliyevdir. Əslində, bu tarixi diktənin arxasında yurdsevər insanların ürəyinin səsi, xalqın ümumi iradəsi dayanırdı. Bununla xalqımız Heydər Əliyevin ətrafında sıx birləşib gələcək taleyini özü həll etməyə qərar verdi.

Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər ölkəmizi 73 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətini çökdürmüş xəyanətkarlıqdan daha dəhşətli olan bir aqibətdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş məqamı oldu, milli qurtuluş yoluna üz tutuldu.

O günlərdə yaranmış mürəkkəb hərbi-siyasi böhrandan çıxış yolu kimi, iyunun 15-də Naxçıvan Muxtar Respublikası parlamentinin sədri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır-- deyə qurtuluş missiyasını rəsmi şəkildə qəbul etdi. Böyük rəhbər Heydər Əliyevin bu xilaskarlıq missiyası impulsiv, epizodik hadisə deyildi. Məhz bu missiya Azərbaycanın gələcək tarixinin, xalqın taleyinin müəyyənləşdirilməsində həlledici rol oynadı.

O böhranlı günlərdə Azərbaycanı Heydər Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı. Biz bu həqiqəti söylədikdə nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmır-- Azərbaycanın qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi və belə də oldu.

Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyasdır bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmir, onun gələcəyinə əhəmiyyətli təsir göstərir ki, bu mənada Azərbaycanın qurtuluşu bu günlə məhdudlaşmayan, gələcəyə getdikcə tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir.

Bu taleyüklü məqamda ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Heydər Əliyev bu xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma çox keçmədi ki, səngidi, müstəqil Azərbaycan dövləti vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

1993-cü il oktyabrın 3-də xalqımız böyük əksəriyyətlə ümummilli lider Heydər Əliyevi müstəqil dövlətimizin ilk həqiqi lideri kimi ölkə Prezidenti seçdi. Belə bir fəlakət dönəmində məhz ümummilli liderin böyük siyasi-diplomatik, nəhəng zehni-əməli potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Həqiqi xalq rəhbərinin şəxsiyyəti, onun özünəməxsus idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycanın müstəqilliyi və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

Böyük öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Əsası islahatlar yolu ilə əldə edilən dirçəliş tezliklə ölkəni yeni inkişaf yoluna çıxardı.

Tarixin yaddaşı yaddaşın tarixi

Bu yaxınlarda xalqımız müasir müstəqil dövlətimizin sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini möhtəşəm təntənələrlə qeyd etdi. Yubiley əlamətdarlığı bundan sonra da ilboyu müxtəlif səviyyələrdə müvafiq tədbirlərlə davam edəcək. Bir əsrlik bu şanlı tarixə davamlı, geniş və dərindən nəzər salınması ötən dövrün məhrumiyyətlərinə, dərslərinə və nailiyyətlərinə bugünümüzün, indiki nəsilin baxışına zəruri bir aydınlıq və zənginlik gətirir.

Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti Vətənimizin nəinki tarixi coğrafiyasına, hətta onun beşdən birində qurulmuş Azərbaycan dövlətinə nəzarət etmək, müxtəlif etnosları bir cəmiyyət halında birləşdirmək, bütöv bir sosium formalaşdırmaq gücündə olmamışdı. O, daha çox milli dövlətçilik təfəkkürünün metaforik təzahürü olmuşdu. Azərbaycan SSR də, əslində, həmin metaforanın davamı sayıla bilər.

XX əsrin ortalarında ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsi üçün yenidən tarixi şərait yetişməyə başlayanda rəmzi funksiya daşıyan yerli rəhbərlər həmin prosesin lazımi intensivlikdə getməsinə, milli dövlətçilik təfəkkürü olan kadrların formalaşdırılmasına diqqət yetirməyə qadir olmamışdılar. Yalnız yurdsevər, xalqın köklü maraqlrına bağlı lider kimi yetişmiş Heydər Əliyevin 1969-cu ildə respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycanda nəinki sovet dövlətinin verdiyi imkanlar daxilində, hətta müəyyən maneələr dəf edilərək müstəqil düşüncəyə meydan açıldı.

Heydər Əliyev sovet epoxasının son onilliklərində xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. Və bütün bunları böyük bir cəsarətlə, gördüyü işin düzgünlüyünə tarixi bir inamla edirdi. Azərbaycanın sovet dövrü rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə və istedadına malik ikinci bir şəxsiyyət olmamışdır. Onun imzasına 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, sosial-iqtisadi, siyasi- mənəvi həyatın bütün sahələrində rast gəlmək mümkündür. O zamankı Azərbaycanı ən müxtəlif baxımlardan Heydər Əliyevin Azərbaycanı adlandırmaq üçün hər cür əsas var.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ərazi bütövlüyümüzün qorunması zəminində kükrəyən xalq hərəkatında göstərəndə nəhayət, sovet dövləti dağılanda Azərbaycanda ən çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs də yalnız Heydər Əliyev oldu.

Ulu öndər Azərbaycan xalqına yalnız mötəbər Milli idarəedici, mahir Dövlət qurucusu kimi yox, tarix kimi də lazım idi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində xalqın fəhmi, ənənəvi olaraq, istinad edəcəyi, üzərində yüksələcəyi bu tarixi də axtarırdı. Həmin tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, cümhuriyyətin təcrübədən deyil, nəzəriyyədən ibarət olması bu irsə əsaslanmağa imkan vermirdi.

Xalq hərəkatı stixiyası, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda isə Azərbaycanın məhz Heydər Əliyevin Azərbaycanı olduğu bütün aydınlığı ilə təzahür etdi. Bəzən hansısa siyasi tarixçi, publisist 1993-cü ilin iyun hadisələrini Heydər Əliyevin hakimiyyətə gəlməsində xüsusi amil kimi təqdim etməyə cəhd göstərir. Lakin bununla razılaşmaq çətindir. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi 90-cı illərin ilk aylarından artıq reallıq idi. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos ölkənin sahibini tələb edirdi.

İctimai harmoniya və müstəqil dövlət qurucusu

Ümummilli lider Heydər Əliyevin yaratdıqları xalqın gözləri qarşısında dağıldıqca ictimai harmoniya və müstəqil dövlət qurucusuna meyil də güclənirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, ilk növbədə, milli Qurtuluşun gerçəkləşdirilməsi ilə tarixləşdi. qayıdışdan sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Böyük islahatçı liderin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən, müstəqil dövlətin ordusu formalaşdırıldı, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, Azərbaycanın öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmasına şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi.

Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edilərək, 1994-cü ilin sentyabrında Əsrin müqaviləsi imzalandı. Onun gerçəkləşdirilməsi məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının tam miqyasda həyata keçirilməsinə meydan açdı. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.

Həqiqi xalq rəhbəri Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.

Ulu öndərin Azərbaycana ikinci dəfə rəhbərliyinin 10 ilində həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının öz xalqına töhfəsi olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin yaşadılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, ümummilli qurtuluş deməkdir.

Ümummilli lider ümumdünya siyasətçisi

Dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O, hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, öz ideyalarını tələsmədən və gecikmədən həyata keçirirdi. Bu, ən müxtəlif sahələrə aid olan məsələlərdə cəmiyyətdə möhkəm intizam yaradılmasından, insanların önəmli ideyaların gerçəkləşdirilməsinə mütəşəkkilliklə səfərbər edilməsindən başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına və davamlı nailiyyətlər qazanılmasınadək zəruri olan bütün amillərdə özünü göstərirdi. Bu, ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Heç də təsadüfi deyil ki, nadir liderlərdən olan Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur.

Azərbaycan tarixində çox nadir şəxsiyyətlər, dövlət xadimləri tapmaq mümkündür ki, onların fəaliyyətini Heydər Əliyevin milli dövlətçiliyin inkişafı sahəsindəki xidmətləri ilə müqayisə etmək mümkün olsun. XI-XII əsrlərdə Azərbaycan dövlətçiliyində böyük bir inkişaf, mədəniyyətində əhatəli bir intibah baş vermişdi. Atabəy dövlət xadimləri mədəniyyətin inkişafına nə qədər böyük diqqət göstəriblərsə, Heydər Əliyevin də bu sahədəki fəaliyyətini elə həmin dövrlə və ya Səfəvilər dövründə Şah İsmayıl Xətainin gördüyü işlərlə müqayisə etmək olar. Yəni Heydər Əliyevin fəaliyyəti bu səviyyələrdə müqayisə edilə bilər.

Heç də təsadüfi deyil ki, Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə də müqayisə olunur. Azərbaycan dövlətinin yaranması, müstəqilliyinin möhkəmlənməsi, sadəcə, bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də Heydər Əliyevin mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir.

Xalqımızın qüdrətli oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ömür yolunu və xalqımız qarşısında misilsiz xidmətlərini Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyəti ilə də müqayisə edirlər. Heydər Əliyevin özü isə Atatürkün xidmətlərindən danışarkən demişdir ki, Türkiyə Cümhuriyyəti Atatürkün, sadəcə, fəaliyyətinin nəticəsi deyil, həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, müstəqilliyinin möhkəmlənməsi, sadəcə, bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də onun mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir.

Bənzərsiz tarixi şəxsiyyət olan Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasət və dövlət xadimi çağdaş tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə, ümumdünya siyasətçisinə çevrilib.

Yetkinlik, müdriklik mücəssəməsi olan Heydər Əliyev hər dövrü, hər mərhələsi məktəb olan, həqiqətən, qeyri-adi bir ömür yaşamış, yalnız mənsub olduğu Azərbaycan xalqının, türk xalqlarının deyil, ümumən dünya xalqlarının təsəvvüründə özünün mükəmməl obrazını, aydın cizgiləri ilə seçilən möhtəşəm portretini yaradıb. Azərbaycanı Heydər Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı-- dedikdə bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmamalıdır. Azərbaycanın qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi və belə də oldu.

Əfsanəvi lider gerçək varis

Ümummilli lider Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri bu dövlətə yaxın gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin ən yaxın silahdaşı və ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi yeni tipli siyasi xadim İlham Əliyev gəlirdi.

Ümummilli lider Heydər Əliyevin timsalında rəhbərin öz xalqının arzu-ideallarına sadiqliyinə inanan xalq romantik ideallarını belə gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vüsət və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma impulsu ilə toparlanmışdı. Bu, xalqın tarixi arzu-istəklərindən yoğrulmuş liderin--xalqa xidmət arealının hüdudsuzluğu ilə ucalmış Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə geniş meydan, təbii ki, hava-su kimi lazım idi.

Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri kimi ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini yeni liderini seçəndə də o səviyyədə mübarizlik və müdriklik göstərdi.

Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçildi. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam siyasi- mənəvi, sosial- iqtisadi əhval- ruhiyyə güclənmişdir. Bu gün ən qərəzkar, dağıdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxspektrli uğurları görməmək, yaxud inkar etmək gücündə deyil.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 illik bir müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər. İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın modern lideri kimi göstərdi.

Təbii ki, bütün bu nailiyyətlər və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar da ulu öndər Heydər Əliyevin yaratmış olduğu möhkəm bünövrəyə söykənir. Ümummilli lider Heydər Əliyevin ideyaları çağdaş tərəqqinin yollarına gur işıq salır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.

Ümummilli lider Heydər Əliyevin tarixən, özünüdərk və təkamül məfkurəsi kimi formalaşmış azərbaycançılıq baxışlarını dövlət ideologiyası səviyyəsinə qaldırmış ulu sələfinin ideya- nəzəri irsini müstəqil dövlətin rəhbəri kimi İlham Əliyev yeni məzmun və çalarlarla zənginləşdirir. Ölkə rəhbəri ümummilli lider Heydər Əliyev tarixi ənənələrə istinad edərək, multikulturalizmi Azərbaycan dövlətinin siyasəti səviyyəsinə yüksəltməklə bu bəşəri dəyərin geniş perspektivlərini, potensial imkanlarını da müəyyənləşdirib. Beynəlxalq dialoqlar mərkəzinə çevrilən Azərbaycan indiyə qədər görünməmiş miqyasda müxtəlif ideyaların, ideologiyaların diskussiyasına inamla münsiflik edir.

Ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil. Zaman keçdikcə, biz ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Bu gün Heydər Əliyev siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Qazanılan bu uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir.

Xalqımızın dövlətçilik şüurunun inkişafında müstəsna rol oynamış Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonlarına yaxın nail olduğumuz dövlət müstəqilliyi məhz Heydər Əliyev dühasının köməyi ilə xilas edildi. Azərbaycanın ikinci dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz 1993-cü il iyunun 15-dən başlanır.

Azərbaycanın qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında Heydər Əliyev həmin mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdir: Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.

Bu sözlərin deyilməsindən əsrin dörddə biri qədər zaman keçir, lakin dahi mütəfəkkir, dövlət qurucusu, həqiqətən, müstəqil Azərbaycan dövlətinin bir əsrdən də artıq vaxt tələb edən əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Heydər Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil respublikanın gələcəyini işıqlandıracaq, ona müasir dünyanın üzvü, tərkib hissəsi olmaq üçün hər cür stimul verəcəkdir.

 

Nizami CƏFƏROV,

Milli Məclisin deputatı,

AMEA-nın həqiqi üzvü

Xalq qəzeti.- 2018.- 23 iyun.- S.3.