İran və Azərbaycan ortaq

mədəniyyətə və tarixə malikdir

 

Bu sözləri Azərbaycanda İran mədəniyyəti günlərinin açılışına həsr edilmiş mətbuat konfransında qonşu ölkənin mədəniyyət naziri Seyid Abbas Salehi deyib.

Onun sözlərinə görə, tarix boyu Azərbaycan və İran xalqları yaxın münasibətdə olublar: Biz həm xoşbəxt, həm də çətin günlərdə bir-birimizi dəstəkləmişik. Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi bizim nə dərəcədə yaxın olmağımızı göstərir.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev də iki xalqın yaxınlığını qeyd edib: Belə tədbirlər sayəsində ölkələrimiz daha da yaxınlaşır və biz bütün sahələrdə əməkdaşlığın yeni yollarını tapa biləcəyik.

Qeyd edək ki, mədəniyyət günlərinin proqramına əsasən, iyunun 27-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran mədəniyyəti günlərinin rəsmi açılışı və İran Milli Orkestrinin konserti olub. Həmin gün İran incəsənət ustalarının əl işləri, milli geyim nümunələri, turizm, xəttatlıq, foto və rəsm əsərlərindən ibarət sərgi açılıb.

Dünən Nizami Kino Mərkəzində tanınmış rejissor Məhəmmədrza Məcidi Taleşin Məhəmməd: Allahın elçisi bədii filminin təqdimatı keçirilib. Elə həmin gün Azərbaycan Dövlət Musiqili Teatrında Titovak Teatrının İlahi Komediya. Cəhənnəm tamaşası (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) nümayiş etdirilib.

Bu gün isə Gəncə Dövlət Filarmoniyasında İran Milli Orkestrinin konserti olacaq.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 29 iyun.- S.11.