Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi

ilə bağlı Litvada silsilə tədbirlər

 

Litva Azərbaycanlıları Cəmiyyəti bununla bağlı xüsusi layihə hazırlamışdır. Layihə çərçivəsində Vilnüsdə beynəlxalq elmi konfransın və xüsusi bayram mərasiminin təşkili, fototarixi sənədlərdən ibarət səyyar sərgilərin nümayişi, elmi müzakirələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə Gununsesi.info xəbər yayıb.

 

Layihənin mühüm hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan– Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir. Artıq bu istiqamətdə bir sıra tədbirlər artıq həyata keçirilib.

Ötən ilin oktyabr ayında Litvanın Varena rayonu Merkine qəsəbəsindəki Vintsas Kreve adına Gimnaziyada Litva dövlətinin bərpa edilməsinin

100 illik yubileyinə və Litva ədəbiyyatının klassiki, 1909-1920-ci illərdə Bakı 1-ci Realnı Məktəbinin müəllimi və 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu işləmiş Vintsas Kreve-Mitskeviçyusun anadan olmasının 135 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Litva Ədəbiyyatı və Folkloru İnstitutu tərəfindən milli dil, ədəbiyyat və tarix üzrə pedaqoji mütəxəssislər üçün təşkil olunmuş bu konfransda Azərbaycan və Baltikyanı ölkələrin xalqlarının ədəbi, mədəni, tarixiictimai-siyasi əlaqələrinin tanınmış tədqiqatçısı, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri və V.Kreve-Mitskeviçyusun Bakıdakı diplomatik fəaliyyəti ilə bağlı çıxış edib.

Daha sonra bu mövzunun davamı olaraq Litvanın “Delfi” xəbərlər portalında Mahir Həmzəyevin rus dilində hazırladığı “Litvanın Bakıdakı konsulu Krevenin verdiyi “Həyat vizaları” başlıqlı tarixi essesi dərc olunub. Esse, həmçinin litva dilində nəşr edilən nüfuzluKulturos barai” jurnalında da dərc edilib.

Bundan başqa, Litva Yazıçılar İttifaqının “Metai” aylıq bədii dərgisinin 2017-ci ilin noyabr-dekabr aylarında çapdan çıxmış 11-ci və 12-ci saylarında Mahir Həmzəyevin bu mövzuda daha bir geniş tədqiqat işi – litvalı yazıçı, dramaturq, pedaqoqkonsul Vintsas Krevenin AXC dövründə Bakı Şəhər Dumasının üzvüLitva konsulu olaraq burada göstərdiyi ictimai-siyasi, kulturoloji və təşkilati fəaliyyəti haqqında tarixi oçerkləri dərc olunub. Həmçinin bu materiallarla bağlı Vilnüsdə Litva Yazıçılar İttifaqının klubunda ölkənin yaradıcılıq ittifaqları və akademik dairələri təmsilçilərinin iştirakı ilə bu ilin yanvar ayında “dəyirmi masakeçirilmiş və ətraflı fikir mübadiləsi çərçivəsində tarixi-kulturoloji müzakirələrin aparılması planlaşdırılmışdır.

Bu tədbirlərlə yanaşı, eyni zamanda, həm də Facebook sosial şəbəkəsində Litva ictimaiyyətini Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyəti, eləcə də həmin dövr Litva–Azərbaycan dövlətlərarası münasibətlərinin tarixi ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 13 mart.- S.10.