“Mədəniyyət işçiləri prezident seçkilərində fəal iştirak edəcəklər”

 

Bu il aprel ayının 11-də səsvermə hüququ olan ölkə vətəndaşları seçki məntəqələrinə gələrək dövlət başçısı postuna ən layiqli namizədə səs verəcəklər. Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyəti olan bu siyasi kampaniyada hamı kimi, elm, təhsil, mədəniyyət sahəsində çalışan ziyalılarımızın da fəal iştirak edəcəklər.

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Səyavuş Kərimi bu barədə dedi:

Müstəqil Azərbaycanda ictimai-siyasi həyatın bütün sahələrində heyrətamiz inkişaf tərəqqi baş verir. Ölkəmizdə bərqərar olunmuş siyasi sabitlik, iqtisadi yüksəliş milli mədəniyyətimizin intibahı üçün zəmin yaradıb. Hazırda mədəniyyət sahəsində bir-birindən maraqlı layihələr həyata keçirilir. Bütün bunları görməmək, qiymətləndirməmək, bundan qürur duymamaq ədalətsizlik olardı.

Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dönəmdə milli mədəniyyətimizin inkişafına böyük dəstək verib. Dahi siyasətçi istedadlı mədəniyyət incəsənət xadimlərinə daim böyük qayğı ilə yanaşırdı. Onları himayə edirdi. Bu müdrik siyasət bu gün uğurla davam etdirilir.

Bəllidir ki, Azərbaycanda musiqi sənətinin zəngin ənənələri yaranıb. Biz dünya musiqi xəzinəsinə korifey sənətkarlar bəxş etmiş xalqıq. Bu gün ölkəmizdə istər milli, istərsə klassik musiqi sahəsində istedadlı gənclərimiz yetişir. Azərbaycan musiqisinin, bütövlükdə, mədəniyyətimizin bundan sonra da heyrətamiz uğurlara imza atacağına əminəm.

Azərbaycan ziyalısı hər zaman milli təəssübkeşliyi ilə seçilib. Mədəniyyət işçiləri gözəl başa düşürlər ki, hər bir sivil ölkədə olduğu kimi, Azərbaycanda da azad, demokratik seçkilərin keçirilməsi xalqımızın, dövlətimizin mənafeyinə xidmət edir. Buna görə, hər bir ziyalı bu prosesə öz töhfəsini verməyə çalışır.

Mən fürsətdən istifadə edərək bütün mədəniyyət işçilərini qarşıdakı prezident seçkilərində fəal iştirak etməyə səsləyirəm. İnanıram ki, 11 apreldə seçkilər məhz seçicilərin yüksək fəallığı şəraitində keçəcək.

 

Söhbəti qələmə aldı:

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2018.- 6 mart.- S.6.