Kaliforniyada Xocalı soyqırımına dair tədbir keçirilib

 

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin Sülh və Ədalət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş geniş anım tədbiri keçirilib.

 Azərbaycanın Los– Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın LosAnceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

 Tədbiri giriş sözü ilə açan Monterey Şəhər Şurasının keçmiş üzvü Nensi Selfric  1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmişmüasir dövrün ən dəhşətli cinayətlərindən biri olan Xocalı qırğını haqqında ətraflı məlumat verərək, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

 Sonra çıxış edən Montereyin nüfuzlu Yüksək Hərbi Dənizçilik Məktəbinin tələbəsi Emin Qurbanzadə Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışaraq, işğal nəticəsində çoxlu sayda dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyini, öz torpaqlarından didərgin düşdüyünü, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmişbu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildirib.

Sonra “Zülmətdən qaçarkən” filmi nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub.

Qeyd edək ki, Monterey şəhəri 2011-ci ildə Lənkəran şəhəri ilə qardaşlaşmış şəhərlər münasibətləri qurub.

 

Xalq qəzeti.- 2018.- 1 mart.- S.10.