Cümhuriyyət tariximiz qürurumuzdur

 

Martın 1-də Şabranda “Cümhuriyyət tariximiz qürurumuzdurmövzusunda keçirilən konfransda əhalinin bu istiqamətdə maarifləndirilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparılıb, 2018-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərin mahiyyəti izah olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik FonduŞabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlətimizin başçısının imzaladığı “Azərbaycan Xalq Cümhuriyyəti ili” və “1918-cı il azərbaycanlıların soyqırımının 100 illiyi  haqqında” sərəncamlarından irəli gələn məsələlər öz əksini tapıb.

Konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, iştirakçılar Şabran Mədəniyyət Mərkəzi ilə tanış olublar.

Şabran Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov maariflənmənin insan düşüncəsinin, təfəkkürünün inkişafında mühüm rol oynadığını deyərək, Bilik Fondunun bu missiyanı uğurla həyata keçirdiyini diqqətə çatdırıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında fondun layihələrindən söz açaraq, “Azərbaycan Xalq Cümhuriyyəti ili”ndə planlaşdırılan çoxsaylı tədbirlərdən danışıb. Şabranın cümhuriyyət tarixində özünəməxsus yeri olduğunu xatırladan O.Səmədov ölkənin şanlı tarixi barədə gənclərin ətraflı biliklər almasının vacibliyinə toxunub, Vətənə sevgi, dövlətə sədaqət, xalqa hörmət hissinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.

İcraçı direktor şabranlıları fondun layihələrində daha yaxından iştirak etməyə çağırıb, əhalinin qurumun yerli nümayəndəsi ilə mütəmadi əlaqə saxlayaraq, arzu və təkliflərini bildirmələrini xahiş edib və növbəti tədbirlərin məhz bu istəklər üzərində hazırlanacağını söyləyib.

AMEA-nın ümumi tarix şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, Dövlət mükafatı laureatı Tofiq Mustafazadə “Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına aparan 100 ilmövzusunda mühazirə ilə çıxış edib.

Mühazirədə qeyd olunub ki, cümhuriyyət dövründə müstəqilliyin ən qiymətli nemət olduğunu anlayan xalqımız Azərbaycanın gələcəkdə əbədi müstəqilliyə qovuşacağına inanırdı. Nəhayət xalqın inamı özünü doğrultdu, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu. İlk illərdə bir çox problemlərlə qarşılaşan xalqımız ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Məhz Heydər Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti ilə Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi.

Fondun rayon nümayəndəsi, Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin direktoru Fikrət ŞamxalovŞabranda bolşevik və erməni-daşnak dəstələrinə qarşı mübarizə tarixi” adlı məruzəsində şabranlıların qəhrəmanlıq mübarizəsindən söz açaraq, onların düşmənə qarşı mətanətlə vuruşduqlarını tarixi faktlar əsasında diqqətə çatdırıb. Natiq deyib ki, hər bir şabranlı keçmişi ilə fəxr edə bilər, bunun üçün tarixi gerçəklikləri daha dərindən öyrənmək lazımdır.

Konfransda Bilik Fondu ilə əməkdaşlığın zəruriliyi vurğulanıb, Şabran rayon rəhbərliyinin, o cümlədən yerli ziyalıların bu əməkdaşlığa dəstək verməyə hazır olduqları qeyd edilib.

Sonda Şabran məktəblilərinin ifasında Vətənə, onun azadlığı və müstəqilliyi yolunda həyatını qurban vermiş şəhidlərə həsr olunan şeirlər söylənilib.

 

AZƏRTAC

 

Xalq qəzeti.- 2018.- 2 mart.- S.4.