İncəsənətin səlahiyyətli səfiri

 

Tahir Salahov 90

 

Onu çox yerdə belə tanıyırlar. Dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahov ömrünün 90-cı ilində yenə də molbert arxasında yaradıcılığını davam etdirir. Əsərləri dünyanın ən məşhur muzeylərinin əbədi eksponatına çevrilmişdir.

Onun tablolarına tamaşa edəndə sanki, sehrli bir dünyaya düşürsən. Məşhur fransız modelyeri Pyer Karden yazırdı : "Tahir Salahovun yaradıcılığı sehrli qüvvəyə malikdir. Onun əsərləri rəngarəng və realistdir." Dünyanın məşhur rəssamları Azərbaycanımızın bu fenomen sənətçisi haqqında kifayət qədər xoş sözlər söyləmişlər.

Onun haqqında təkcə Azərbaycan dilində deyil, dünyanın bir çox dillərində kitablar, kataloqlar, plakatlar, albomlar nəşr olunmuş, elmi məqalələr yazılmışdır. Bu gün sənətşünas alimlər tədqiqatlar aparır, onun əsərlərini müxtəlif istiqamətlərdən təhlil edirlər. Bu əsərlər bizim sənət salnaməmizin çox qiymətli nümunələridir.

Yubileydə insanın arxaya baxıb qazandıqlarını yad etməsi təbii haldır. Bu gün Tahir müəllimin geriyə baxıb fəxr etməyə haqqı var. Onun adı qarşısında bir sıra titullar qeyd edilir... Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı... Böyük sənətkar saysızhesabsız mükafatlar alıb. Mahir fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltiflərinə layiq görülüb. Rusiyanın ikinciüçüncü dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatları olan "İstiqlal", Heydər Əliyev ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustanbaşqa ölkələrin ordenlərinə, müxtəlif medallaramükafatlara layiq görülüb. 2015-ci ildə Fransanın I dərəcəli Fəxri Legion ordeni ilə təltif olunmuşdur.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının üzvüdür. Qeyd edək ki, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına keçmiş SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biriTahir Salahovdur. O, ABŞ-ın bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.

Bu böyük sənətkarın 90 illik ömür yolu 1928-ci il noyabrın 29-da Bakıdan başlamışdır. Atası Teymur Salahov məsul vəzifələrdə çalışıb. 1937-ci il sentyabrın

29-da Teymur Salahovu həbs edib, ona trotski-zinovyevçi əks-inqilabçı təşkilatın üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb xalq düşməni damğası vurublar, doqquz aydan sonra isə güllələyiblər.

Atası güllələndə Tahirin cəmi 9 yaşı var idi... Və o, doyunca ata qayğısı görə bilmədi... Bu itkidən nə qədər sarsılsa da, öz yolu ilə irəliləməkdən usanmadı. Ailənin bütün qayğıları anasının üzərinə düşmüşdü. Tahir müəllim xatirələrində yazır: Anam bizi 5 uşağı təkbaşına çətinliklə böyütdü. İyirmi il ərzində bizim evə heç bir kəs gəlmədi, təbii ki, hamı xalq düşməninin ailəsinə baş çəkməkdən qorxurdu. Heç kim bizə əl uzatmağa cürət etmirdi. Biz, uşaqlar təcrid olunmuş şəraitdə böyüyürdük...

Bütün çətinliklərə baxmayaraq, 1950-ci ildə Tahir Salahov Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdi, amma "xalq düşməninin oğlu" olmağı ona Sankt-Peterburqadakı instituta daxil olmağa mane oldu. Bakıdakı müəllimlərinin tövsiyəsilə o, V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutuna daxil ola bildi və 1957-ci ildə institutu bitirdi. Ona şöhrət gətirən ilk əsəri "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi oldu.

Sənətkar Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.

T.Salahov 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun kafedra müdiri olub. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan Dövlət İncəsənət İnstitutunda, eləcə də V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

"Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" əsərləri, Heydər Əliyevin portreti istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb və Tahir Salahovu məşhurlaşdırıb Onun yaratdığı tabloları izlədikcə, bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Sənətkarın fırçasının məhsulları olan "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkarlardan Qara Qarayevin, Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də milli rəssamlıq sənətimizə qiymətli töhfədir.

Bu əsərlərin hər birində qəhrəmanların mənəvi zənginliyi, tutduğu ustalıq zirvəsindən asılı olmayaraq, bir sadəlövhlüyü əks olunur. Sənətkarın özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi olub. Sənətkarın məhz bu tablosu təsviri sənətdə "Sərt üslub" deyilən yeni istiqamətin ilk nümunələrindən biridir.

T.Salahov kətan üzərində daha çox sərt və tünd rənglərin ahəngini yaratmağı sevir. Əsərlərini izlədikcə, özünütabloda əks olunan mühitdə görməmək mümkün deyil. Bir-birindən fərqli mövzulara müraciət edib, o fərqliliyi fırçaya alması isə tamaşaçının qəlbinə daha həlim yol tapır.

Rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları 2008ci ildə buraxılan iki təqvimə də daxil edilib. Söhbət "Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", eləcə də Odlar Yurdu triptixi silsiləsindən "Atəşgah", "Xəzər bu gün" və "Qız qalası" əsərlərindən gedir.

T.Salahovun son illərə aid işlərinə gəlincə, sənətkarın yaradıcılığında ayrıca bir mərhələ təşkil edən bu əsərlər onun portretlər qalereyasını daha da zənginləşdirib. Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü, UNESCO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitseprezidentidir. 1997ci ildə Rusiya İncəsənət Akademiyasının vitseprezidenti seçilib.

Böyük fırça ustası bu gün öz möhtəşəm yaradıcılığı ilə nəinki Azərbaycan mədəniyyətini, eyni zamanda, dünya mədəniyyət xəzinəsini zənginləşdirir.

 

Elçin ORUCOV,

Əməkdar mədəniyyət işçisi,

rəssam

 

Xalq qəzeti.- 2018.- 24 noyabr.- S.11.