Milli kino sənətimizin

tarixinə qiymətli töhfə 

 

Dünən Nizami Kino Mərkəzində Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin müəllifi olduğuKinozaman” kitabının təqdimatı oldu.

Kitab “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq çap edilib.

Mədəniyyət Nazirliyinin məsul işçisi Almaz Sultanovanın aparıcısı olduğu tədbirdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov kitab haqqında məlumat verərək bildirdi ki, mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulan kitabda Azərbaycan kino tarixi sistemli şəkildə öz əksini tapıb. “Şərq-Qərb” nəşriyyatında çap edilən kitab müxtəlif janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr olunub. O deyib ki, Aydın müəllim kinomuzun tarixini, keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdırıb. Kitab sözün əsl mənasında, gələcək nəsillər üçün çox böyük məlumat bazası, tədris vəsaitidir.

Sonra çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdiri Cəmil Quliyev kitabın əhəmiyyətindən söz açaraq dedi: “Bu kitabın yazılması və nəşri indiki və gələcək nəsillər üçün olduqca əhəmiyyətlidir. Burada Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olmuş dəyərli kino xadimləri haqqında məlumatlar yer alır. Bu nəşrdə Aydın müəllim hər şeyə, elmikino prizmasından yanaşıb. Kitab 120 illik tarixi canlandırır və gələcək nəsillər üçün rabitə yaradır. Kino sənətinin dirçəlməsi və inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün belə nəşrlərin işıq üzü görməsi bizim kino irsimizə, mədəniyyətimizə böyük hörmətin göstəricisidir”.

Xalq artistiləri Oqtay Mirqasımov, Həmidə Ömərova, Xalq rəssamı Arif Hüseynov və digər çıxışçılar kitabla bağlı fikirlərini bölüşüb, müəllifə yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.

Aydın Kazımzadə kitabın ərsəyə gəlməsində dəstəyi olan hər kəsə təşəkkür edib.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 29 noyabr.- S.7.