Xalqımızın Heydər Əliyevi ikinci dəfə

Prezident seçməsi ulu öndərə böyük

inam və etimadın parlaq təzahürü idi

 

Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etməlidir... Ölkəmiz üçün lazım olan beynəlxalq əlaqələr Azərbaycana investisiya cəlb edilməsinə gətirib çıxarmışdır. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu kontraktın bizim tariximizdə, iqtisadi inkişafımızda müstəsna rolu vardır. 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün – oktyabrın 11-də ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda ikinci dəfə Prezident seçilməsinin 20 ili tamam olur. 1998-ci il oktyabrın 11-də seçki məntəqələrinə axışan ölkə əhalisinin dövlət başçısı vəzifəsində növbəti dəfə böyük siyasi xadim Heydər Əliyevi görmək üçün səs verməsi tamamilə anlaşılan idi. Çünki xalq onu birinci dəfə prezident seçəndə ölkənin bəlalardan, məhrumiyyətlərdən, ən başlıcası, vətəndaş müharibəsindən qurtarmasını arzulayırdısa, ikinci dəfə səs verəndə əsas məqsəd əldə edilmiş nailiyyətlərin qorunub saxlanılması və inkişaf tendensiyasının davam etdirilməsi idi. Hər iki seçkidə xalq öz qətiyyətli sözünü demiş və hər iki seçkidən sonra ulu öndər xalqın etimadını yüksək səviyyədə doğrultmuşdu.

Bu il mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə geniş nitqlə çıxış edən Prezident İlham Əliyev böyük siyasətçinin həyatını xarakterizə edərkən demişdir ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi: “O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”.

Bu il sentyabrın 21-də ­Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda da dövlət başçımız ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı rolu qiymətləndirərkən çox dəyərli fikirlər səsləndirmişdir: “1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü”.

Ümummilli liderin ­1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə yenidən Azərbaycanın Prezidenti seçilməsindən sonra həm xalqımızın dostlarından, həm də bədxahlarımızdan belə bir sual eşidirdik: Niyə məhz Heydər Əliyev? Dostlarımız bu sualı ona görə səsləndirirdilər ki, ekspertlərin söylədiyi Heydər Əliyev həqiqətlərini bədxahlarımız növbəti dəfə eşitsinlər. Dövlətimizin qüdrətlənməsini, ölkəmizin inkişafını, xalqımızın rifahını istəməyənlər isə bu sualı qərəzli şəkildə ortaya atırdılar və əsaslandırmağa çalışırdılar ki, guya ölkəni idarə edə biləcək başqa siyasətçilər də var. Halbuki, xalq həmin “siyasətçilərin” ölkəni necə idarə etdiyini görəndən sonra çıxış yolu kimi Heydər Əliyevə müraciət etmişdi.

 Həqiqi politoloqlar qərəzli sual verən bədxahlara başa salırdılar ki, 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri artıq formalaşan dövlətimizin imtahanı sayılırdı. Bu sınaq və imtahanlardan isə kimlərinsə xaricdə düşündüyü variantları icra edən “siyasətçilər” çıxa bilməzdilər və çıxmadılar.

Yuxarıda da qeyd etdiyimiz kimi, xalqın 1998-ci il seçkilərində Heydər Əliyevə səs verməsi üçün yüzlərlə, minlərlə arqumenti, məntiqə əsaslanan dəlil-sübutu var idi. Ulu öndərin özü də əmin idi ki, xalq yenə haqqa, ədalətə, ölkədə sabitliyin qorunmasına, tərəqqiyə səs verəcəkdir. Belə düşünmək üçün ulu öndərin haqqı var idi. Çünki son 5 ildə “Xalq – Heydər, Heydər – xalq” ifadəsi prezident və xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi. Özünü Heydər Əliyevə siyasi rəqib kimi göstərmək istəyən müxalifət düşərgəsində də artıq başa düşürdülər ki, növbəti seçkidə də məğlub olacaqlar. Beynəlxalq aləmdə də hamı əmin idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas etmiş Heydər Əliyev növbəti dəfə də prezident seçiləcəkdir.

Azərbaycan tarixinin 1988–93-cü illərini görmüş hər bir soydaşımız ayıq idi və ona görə də əhalinin böyük əksəriyyəti taleyüklü seçim məqamında qətiyyət və siyasi iradə nümayiş etdirmişdi. Həm ölkə daxilində, həm də xaricdə hamı bilirdi ki, xalqın 1998-ci il prezident seçkilərində uduzması – bəli, Heydər Əliyevin seçilməməsi onun özünün yox, xalqın məğlubiyyəti olacaqdı – 1993-cü il seçkilərindən sonra əldə etdiyimiz nailiyyətlərin üstündən xətt çəkilməsi kimi qiymətləndiriləcəkdi. Ona görə də, xalqın başqa seçimi ola bilməzdi.

Tarixçilər yazırlar ki, müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin prezidentliyi dövrünə – 1996-cı ilə təsadüf edirdi. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə – yəni, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsində ilk dəfə 1996-cı ildə etiraf edilmişdi. ATƏT üzvü olan ölkə rəhbərlərinin həmin ilin dekabrında Lissabon şəhərində keçirilən sammiti Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi üçün Azərbaycan tərəfinin məqbul saydığı prinsipləri təsdiq etmişdi. Beynəlxalq ekspertlər həmin məsələni Azərbaycan diplomatiyasının uğuru kimi qəbul edirdilər.

Ölkədə hüquq islahatları da həmin dövrdən başlanmış, 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edilmiş, yeni parlament seçilmişdi. Ümumiyyətlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də Heydər Əliyevin qələbəsi şəksiz olacaq. Belə də oldu. Xalqın böyük əksəriyyəti 1993-cü ilin yayından sonra əldə edilmiş nailiyyətləri qorumaq, inkişafı davam etdirmək, beynəlxalq aləmdəki mövqelərimizin daha da möhkəmləndirilməsinə nail olmaq üçün 1998-ci ilin oktyabrında da Heydər Əliyevə səs verdi.

Xalqın öz liderinə inamının, etimadının nəticəsidir ki, Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi bu gün müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafını təmin etmişdir. Bu arqumentimizi dövlət başçımızın oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqindən seçdiyimiz sitatla tamamlayırıq:

“Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz prinsipial siyasət aparırıq. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyimizi ortaya qoyuruq, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetiririk və bundan sonra da bu yolla gedəcəyik”.

 

Hazırladı:

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2018.- 11 oktyabr.- S.3.