Heydər Əliyev Fonduqlobal sosial fəaliyyət

 

2005-ci il dekabr ayının 9-da “Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında Əməkdaşlıq Sazişi” və bununla bağlı layihə sənədləri imzalandı. Bu sənədlər BMT-nin Minilliyin Bəyannaməsinə əsasən, yeni texnologiyaların, xüsusilə informasiya texnologiyasının hamı üçün təmin olunmasına dair dövlət və hökumət başçıları tərəfindən götürülmüş öhdəliyə və “Azərbaycan Respublikasının İnformasiya-Kommunikasiya Texnologiyası üzrə Milli Strategiyası”na uyğun olaraq hazırlanmışdır.

Bundan əlavə, 31 may 2007-ci il tarixdə Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu arasında əməkdaşlıq sazişi imzalandı. Saziş  təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlıq üçün yeni imkanlar açdı.

Fond müvafiq sferada qanunvericilik aktları layihəsinin hazırlanması prosesində də fəallıq göstərir. Bu baxımdan 20 may 2010-cu ildə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın təqdimat mərasiminin, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının müddəalarının Azərbaycanda geniş miqyasda təbliğ olunması məqsədilə “Mədəni irsin qorunmasına dair UNESCO-nun mövcud beynəlxalq, hüquqi, normativ aktları”na həsr olunmuş seminar-konfransın, “Azərbaycan Respublikasında 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi və gələcək perspektivlər” mövzusunda “dəyirmi masa”nın, “Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni sərvətlər haqqında” Konvensiyaya həsr edilmiş beynəlxalq konfransın keçirilməsini nümunə göstərmək olar.

Heydər Əliyev Fondununonun rəhbəri Mehriban xanım Əliyevanın bu istiqamətdə əldə etdiyi uğurlardan biriUNESCO-nun Nayrobidə keçirilən V sessiyasında Cənubi Azərbaycan xalçaçılıq məktəblərinin də Azərbaycan xalça sənəti məktəblərinin siyahısına daxil edilməsi ilə bağlı danışıqların aparılmasıdır.  Bu məsələ qanunvericilik qaydasında da  öz həllini tapdı. Belə ki, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanuna müvafiq olaraq, milli xalça sənəti məktəblərinin siyahısına Quba, Şirvan, Dərbənd, Bakı, Gəncə, Qazax, Borçalı, Göyçə, Qarabağ və Naxçıvanla yanaşı, Təbriz, Ərdəbil, Zəncan, Xalxal, Urmiya, Qaradağ, Mərənd, Marağa da daxil edildi.

Fondun fəaliyyətində Azərbaycan Respublikası ərazisindən qeyri-qanuni yolla çıxarılmış milli-mədəni irs nümunələrinin geri qaytarılması üzrə tədbirlər də xüsusi yer tutur.  İNTERPOL-la əməkdaşlıq çərçivəsində Azərbaycan İncəsənət Muzeyindən oğurlanmış 272 əsərdən 204-ü ABŞ-da aşkar edildiiddia əsasında Nyu-Yorkun cənub dairəsi məhkəməsinin qərarı ilə tapılan əsərlər geri qaytarıldı.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva  həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir. 2007-ci il may ayının 18-də BMT-nin Cenevrədəki  bölməsinin iqamətgahında  “Azərbaycan otağı”nın açlışı zəngin mədəni, tarixi irsimizin təbliği baxımdan mühüm önəm  kəsb edir. Məhz  Mehriban Əliyevanın  xidmətləri sayəsində muğam sənəti UNESCO-nun “Bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Bu siyahıda İçərişəhər Tarixi-Memarlıq Kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Azərbaycan xalçaları, milli aşıq sənəti, həmçinin Novruz bayramı da yer almışdır. Bundan əlavə, fondun təşəbbüsü və himayəsi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunmuş, “Qarabağ xanəndələri” musiqi albomu nəşr edilmiş, muğam televiziya müsabiqələri keçirilmişdir.

Heydər Əliyev Fondu bir sıra beynəlxalq musiqi festivallarının da təşkilatçısıdır. Bu sırada Qəbələ Beynəlxalq musiqi festivalı öz möhtəşəmliyi və əhatə dairəsinin genişliyi ilə fərqlənir. “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan Heydər Əliyev Fondunun xidmətləri sayəsində  2012-ci ildə 57-ci dəfə keçirilən nüfuzlu qitə müsiqi yarışmasını uğurla reallaşdırdı. Ötən illərdə Xalq artisti, bəstəkar Rafiq Babayevin yaradıcılığını əhatə edən musiqi albomu hazırlandı, dünyaşöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Parisdə fərdi sərgisi təşkil edildi. Fransanın sənət nümunələrinin toplandığı “Fransız inciləri” kolleksiyası Bakıda nümayiş olundu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtda Müasir İncəsənət Muzeyi açıldı, Qala Arxeoloji-Etnoqrafik

Muzey Kompleksi fəaliyyətə başladı.

2011-ci ildə fond dövlət müstəqilliyimizin 20-ci, 2016-cı ildə isə 25-ci ildönümü münasibətilə müxtəlif ölkələrdə müxtəlif toplantılar keçirdi.  Bu tədbirlər bir çox insanların Azərbaycanı tanımasına yol açdı, onlar musiqimizi, mədəniyyətimizi, incəsənətimizi sevdilər. Londonda “Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti” sərgisinin təşkil edilməsi və ekspozisiyada müxtəlif janrlı, bir-birindən maraqlı əsərlər, boyakarlıq, qrafika, fotovideo nümunələri nümayiş etdirilməsi eyni missiyaya xidmət edən uğurlu layihələrdəndir.

Azərbaycanın dövlət müstəqilliyinin uğurlarının beynəlxalq aləmə layiqincə çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun son dövrdə Parisdə, Moskvada, Berlində, Romada, Vatikanda təşkil etdiyi tədbirlər ölkəmizin müsbət imicinin xarici aləmə çatdırılmasında mühüm rol oynadı. Azərbaycanın adı tarixə Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi düşdü. Fondun Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etməsi  bu qurumun qlobal sosial işə verdiyi töhfə kimi mühüm məna kəsb edir.

Heydər Əliyev Fondu bu vaxtadək Fransanın 20-dən çox regionunda önəmli milli maraqlarımızla bağlı silsilə mərasimlər keçirmişdir. 2013-cü ildə beynəlxalq kinofestivalından da yaxşı tanıdığımız  Kann şəhərində Azərbaycan mədəniyyəti günləri uğurla gerçəkləşdirilmişdir. Fond xaricdə Azərbaycan mədəniyyət evlərinin və mərkəzlərinin yaradılması ideyasına da dəstək verdi. Əvvəlcə Parisdə, sonra Vyanada Azərbaycan Mədəniyyəti mərkəzləri fəaliyyətə başladı.

UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Luvr Muzeyində aparılan bərpa işlərinə qoşuldu. ölkəmizin birinci xanımı Parisdə 1669-cu ildə Fransa Kralı XIV Lüdovikin hakimiyyəti dövründə əsası qoyulmuş Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılmasına nail oldu. Bütün bunları gerçəkləşdirməklə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin ideallarını yaşadaraq, ümumbəşəri dəyərlərə öz töhfəsini verdi.

Bu gün Heydər Əliyev Fondunun fəaliyyət coğrafiyası ölkə sərhədlərini  aşaraq qlobal sosial sahəsində tarix yazmaqdadır. “Təhsilə dəstək” layihəsini də uğurla həyata keçirən Heydər Əliyev Fondu Həştərxanda Heydər Əliyevin adını daşıyan məktəb tikdirdi, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzi yenidən qurdu. Bakıda yəhudi uşaqlar üçün 450 şagird yerlikXabad-Or-Avner” təhsil mərkəzi və fransız liseyi yaradıldı.

2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi üçün müasir bina inşa edildi və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldı.  2012-2013-ci illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələr icra edildi. “Edhi Home” kimsəsizlər evləri, “Akbar Careinstitutu, serebral iflic klinikası və “Lakki Marvatuşaq və qadın xəstəxanasında hepatit “B” virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılmış, Saif Fonduna maddi yardımlar göstərilmişdir. Heydər Əliyev Fondu sonrakı dövrdə də Pakistanda silsilə xeyriyyə tədbirlərini uğurla davam etdirmişdir.

Fransanın  Azərbaycanın beş ən böyük investorlardan biri olmasını, bu dövlətin ərazisində böyük erməni diasporunun ölkəmizə qarşı ziyankar fəaliyyət göstərməsini nəzərə alaraq,  strateji məqsədlərimizi hədəfləyərək, Heydər Əliyev  Fondu bu ölkədə  hər iki xalqın, eləcə də dünya mənəvi  irsi üçün əhəmiyyətli olan bir sıra mədəni layihələrə imza atmışdır.  Bu baxımdan sənət əsərlərinin bərpa olunması üçün Versal Sarayında, Luvr muzeyində,  Notre Dame kilsəsində, Saint Paterne kilsəsinin yerləşdiyi Orne departamentində fondun həyata keçirdiyi müxtəlif layihələrin uğuru təqdir olunmalıdır.

Heydər Əliyev  Fondu bu qəbildən olan addımları ilə sözdə dünyanı  tolerantlıq, multikultral dəyərlərə səsləyən  Avropa və Qərb  dövlətlərinə əməli nümunə göstərərək, dünya mədəni, mənəvi irsinə hörmətini ifadə edir və əlbəttə, anoloji münasibəti ölkəmiz üçün də gözləyir. Fond öz fəaliyyətində xarici əməkdaşlığa xüsusi önəm verir, çoxsaylı müqavilələr yolu ilə beynəlxalq və dövlətdaxili qurumlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətinin inkişafını daim diqqətdə saxlayır. Bütövlükdə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra sazişlərin imzalanması bu sahədə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmiş, dövlətimizin beynəlxalq öhdəliklərinin icrası istiqamətində mühüm işlər görülmüşdür.

Fond beynəlxalq təşkilatlarla, o cümlədən  UNESCO, İSESCO və UNİCEF ilə fəal əməkdaşlıq edir. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə nadir mədəni irsin qorunmasına ciddi dəstək verərək, qlobal sosial işə töhfələr verməkdədir. 2013-cü il iyul ayının 18-də Heydər Əliyev Fondunun təşəbbüsü və onun gördüyü işlərin davamı olaraq UNESCO və Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanması yeni bir mərhələnin başlanğıcını qoymuşdur.

Heydər Əliyev Fondunun Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikdirməsi və ya təmir etdirməsi, Haiti zəlzələsindən, Rumıniya daşqınlarından əziyyət çəkmiş insanlara yardım etməsi , İkinci dünya müharibəsində dağıdılmış Berlin şəhər Sarayının, Haitidə mədəniyyət məbədlərinin təmirinə və Fransa Terror Qurbanları Assosiasiyasına maddi dəstək verməsi də qlobal sosial istiqamətində diqqətçəkən layihələrdəndir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva dinlərarası dialoq mövzusunda beynəlxalq konfransların da  təşəbbüskarı və təşkilatçısı olmuşdur. Dünya mədəni irsinin qorunub saxlanması istiqamətində Mehriban xanımın atdığı addımlar dünyada ölkəmizin müsbət imicinin yüksəlməsinə  böyük təkan vermişdir.

 

Hikmət Əlizadə,

BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor

 

Üzeyir ŞƏFİYEV,

BDU-nun sosial kafedrasının müdiri, dosent

 

Xalq qəzeti.- 2017.- 6 yanvar.- S.5.