Dövlət dilinə yüksək qayğı, böyük diqqət

 

Milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinin dövlət dili kimi geniş şəkildə işlənməsi onun saflığının qorunması məsələsini də aktuallaşdırır. Yola saldığımız 2017-ci il xalqımızın ən böyük milli-mənəvi sərvəti, ulu babaların müqəddəs əmanəti olan ana dilimizə dövlət qayğısının davamlılığı ilə bağlı təsirli tədbirlərlə əlamətdar oldu. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 13 noyabr 2017-ci il tarixli sərəncamı ölkəmizdə dövlət dil siyasətinin uğurla həyata keçirilməsinə təminat verən növbəti mühüm bir sənəd oldu.

Sərəncamda milyonlarla azərbaycanlının ünsiyyət vasitəsi olan Azərbaycan dilinin öz kamilliyi və zənginliyinə görə dünya dilləri içərisində layiqli yerini qoruyub saxladığı xüsusi olaraq diqqətə çatdırılır. Sənəddə, eyni zamanda, qeyd edilir ki, qloballaşma prosesinin geniş vüsət aldığı, maneəsiz informasiya mübadiləsinin artdığı müasir dövrdə ana dilinin istifadəsində bəzi çətinliklərin meydana çıxması dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanmasını zəruri edir. Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi dövlət dilinə olan yüksək qayğının və böyük diqqətin təzahürüdür. Sərəncamda Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planının hazırlanması da bir vəzifə kimi qarşıya qoyulur.

Dövlət dilinin qorunması və ədəbi dildən düzgün istifadə məsələlərindən danışarkən birinci növbədə Azərbaycan dilinin orfoqrafiya qaydaları təkmilləşdirilməli, sonra isə ayrı-ayrı sözlərin orfoqrafiya lüğətində verilməsi məsələsinə baxılmalıdır. Dilimizin 2013-cü ildə nəşr olunmuş sonuncu orfoqrafiya lüğətində (6-cı nəşr) bir sıra nöqsanların olduğu məlumdur. Bunlardan bəzilərini diqqətə çatdırmaq yerinə düşər. Lüğətdə verilmiş bəzi sözlərin yazılışı orfoqrafiya qaydaları ilə uyğun gəlmir. Orfoqrafiya qaydalarında bir sıra sözlərin ədəbi tələffüzdə olduğu kimi iki heca ilə  yazıldığı qeyd edilsə də, “əsil” sözü lüğətdə həm təkhecalı (əsl), həm də ikihecalı (əsil) söz kimi verilir.

Eyni modeldə olan mürəkkəb sözlərin biri orfoqrafiya lüğətinə düşür, digəri isə kənarda qalır. Məsələn, lüğətdə “köhnəfikirli” sözünün verilibyenifikirlisözünün verilməməsi o deməkdir ki, ikinci söz mürəkkəb leksik vahid sayılmır. Əslində isə bu sözlərin hər ikisinə eyni yanaşma olmalıdır.Xala xətrin qalmasın” frazeoloji birləşməsinin mürəkkəb söz hesab edilərək lüğətə daxil edilməsi qəbuledilməzdir. Birinci hərfi böyük yazılan sözlərə aid qaydaların da təkmilləşdirilməsinə ehtiyac var.

Şifahi nitqin düzgünlüyünü və gözəlliyini təmin etmək üçün Azərbaycan dilinin mükəmməl orfoepiya sözlüyü hazırlanmalı və burada vurğusunun göstərilməsinə ehtiyac olan sözlərin vurğuları göstərilməlidir. Bu ona görə lazımdır ki, şifahi nitqdə bəzi alınma sözlər düzgün vurğu ilə tələffüz edilmir. Məsələn, kafedra sözündə vurğunun yerinin səhv salınmasına bəzən ziyalıların da nitqində təsadüf edilir, vurğu birinci hecaya deyil, səhv olaraq ikinci hecaya salınır. Eləcə də İngiltərə sözündə vurğunu ikinci hecaya deyil, üçüncü hecaya salmaq düzgün deyildir.

Azərbaycan dili milli varlığımızın əsas amili, xalqımızın ən qiymətli mənəvi sərvətidir. Ana dilimizi qorumaq, ondan düzgün istifadə etmək hər birimizin mənəvi borcudur. İstər yazılı, istərsə də şifahi nitqdə ədəbi dil normalarının pozulmasına yol verilməməlidir. Misal üçün, deyək ki, bu yaxınlarda biz mətbuat dilində yönəlik, gəlişmək və bildiriş sözlərinin işlənməsinə təsadüf etdik (“Ədəbiyyat qəzeti”, 28 oktyabr 2017, s. 14). Sovet dövründə respublikamızda ana dili uğrunda mübarizə məsələsinə həsr edilmiş bir məqalədə (“Ana dilimiz...”) bu sözlərin yer alması, sadəcə olaraq, təəssüf doğurur.

Aydındır ki, Azərbaycan ədəbi dilinin lüğət tərkibinə daxil olmayan həmin sözlərin işlədilməsi ilə dilimizin leksik norması pozulmuşdur. Xatırladaq ki, yeni söz yaratma meyli o vaxt uğurlu olur ki, dildə buna ehtiyac yaransın, təklif edilən söz birinci növbədə dilin daxili imkanlarına əsaslansın, söz yaradıcılığı qaydalarına uyğun olsun və anlayışı dəqiq ifadə etsin. XX əsrin 20-ci illərində puristlərin yaratdıqları arayış, anlayış, bildiriş, baxış, çıxış, güləşçi, gərginlik  s. uğurlu terminlər buna misal ola bilər. Burada bir məsələni də qeyd etmək lazımdır ki, dil lüzumsuz yerə işlədilən sözü qəbul etmir, canlı bir orqanizm kimi gec-tez onu özündən kənarlaşdırır.

Ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsində, bir sıra qrammatik formaların normalaşmasında, şübhəsiz ki, mətbuatın, radio və televiziyanın xidməti böyükdür. Atəşkəs, özəlləşmə, yetərsay, önəm, önəmli, özəllik, açıqlamaq və s. kimi sözlərin ədəbi dildə sabitləşməsində kütləvi informasiya vasitələrinin mühüm rolu olmuşdur.

Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan ədəbi dilindən düzgün istifadə məsələləri həmişə diqqət mərkəzində saxlanılmalıdır. Bu cəhətdən Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edərək Azərbaycan dili blokunu yerləşdirməsi, Azərbaycan dilinin imtahanlarda tətbiq edilməsi təqdirəlayiqdir. Yəqin ki, bu yeni qayda gələcəkdə dövlət qulluğunda işləyəcək şəxslərin Azərbaycan ədəbi dilindən düzgün istifadəsinə öz müsbət təsirini göstərəcəkdir.

Müasir Azərbaycan dili inkişaf etmiş, fikrin və hissiyyatın ən incə çalarlarını dəqiq və aydın şəkildə ifadə etmək imkanları olan yetkin bir dildir. Ədəbi dilimizin zəngin söz ehtiyatı və inkişaf etmiş funksional üslubları var. Hazırda dövlət dili kimi Azərbaycan dilinin inkişafı və onun saflığının qorunması məsələləri ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Ancaq bununla yanaşı, unutmamalıyıq ki, dilimizin saflığının və özünəməxsus gözəlliklərinin qorunması, eyni zamanda, ümumxalq işidir. Buna görə də xalqımızın ən böyük mənəvi sərvəti olan Azərbaycan dilinə hər birimiz qayğı ilə yanaşmalı, onun saflığını qorumalıyıq.

 

Elbrus ƏZİZOV,

Bakı Dövlət Universitetinin

türkologiya kafedrasının professor

 

Xalq qəzeti.- 2017.- 6 yanvar.- S.4.