Azərbaycan
milli maraqlarımıza uyğun müstəqil xarici siyasət
kursu həyata keçirir
2017-cı il yekunlaşdı. Yola
saldığımız ildə də Azərbaycan dövləti
milli maraqlarımızın qorunmasına yönəlmiş fəal
xarici siyasət yürütmüşdür. Regional və
qlobal əhəmiyyətli sosial-siyasi və humanitar-mədəniyyət
layihələrin həyata keçirilməsində səmərəli
addımlar atılmış, beynəlxalq münasibətlər
sisteminin müstəqil və suveren aktoru kimi, Avrasiyada cərəyan
edən proseslərdə xüsusi çəkiyə və
mühüm rola malik olduğu bir daha təsdiqlənmişdir.
2018-ci ildə də xarici siyasətin beynəlxalq hüquq
normaları əsasında xalqımızın milli
maraqlarına uyğun həyata keçiriləcəyi
şübhə doğurmur.
Ümumiyyətlə, Xarici
İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat
konfransında bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən müəyyən edilən xarici
siyasət prioritetləri, ölkə
başçısının tapşırıq və təlimatları,
eləcə də, ölkəmizin müvafiq qanunları əsasında
beynəlxalq hüququn norma və prinsiplərinə uyğun
olaraq, 2017-ci il ərzində Azərbaycanın müstəqil,
çoxistiqamətli, tarazlaşdırılmış və fəal
xarici siyasəti davam etdirilmişdir. Azərbaycanın xarici
siyasəti milli maraqların beynəlxalq səviyyədə həyata
keçirilməsi və qorunması, ölkəmizə xaricdən
olan hədə və təhdidlərin
qarşısının alınması, Ermənistanın hərbi
təcavüz və işğalının nəticələrinin
aradan qaldırılması, dövlətimizin beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində ərazi
bütövlüyü və suverenliyinin bərpa edilməsi,
ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha
da gücləndirilməsi, respublikamızın ətrafında
xoşməramlı regional əməkdaşlıq
mühitinin yaradılması, regionda təhlükəsizlik,
sabitlik və əməkdaşlığın təşviq
edilməsi, dünya dövlətləri ilə
qarşılıqlı faydalı ikitərəfli dostluq və
tərəfdaşlıq əlaqələrinin inkişaf
etdirilməsini təmin edir. Buraya
enerji, nəqliyyat və iqtisadi diplomatiya siyasətimizin həyata
keçirilməsi, Xəzər dənizi hövzəsində
dostluq və əməkdaşlığın təşviqi,
beynəlxalq təşkilatlar və çoxtərəfli əsasda
fəal diplomatik işin aparılması, dövlətlərarası
münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin
edilməsi, terrorizmə qarşı mübarizəyə
töhfə verilməsi, multikulturalizm, mədəniyyətlər
və dinlərarası dialoqun inkişaf etdirilməsi, humanitar
və mədəni diplomatiya kursumuzun davam etdirilməsi,
dövlət qurumlarının beynəlxalq əlaqələrinin
möhkəmləndirilməsi, vətəndaşlarımızın
xarici ölkələrdə hüquqlarının müdafiə
edilməsi və konsulluq dəstəyinin göstərilməsi,
dünya azərbaycanlıları ilə əlaqələrin və
diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məsələləri
də əlavə etmək olar.
2017-ci ildə xarici siyasət sahəsində
Azərbaycanın milli maraqlarının qorunması, beynəlxalq
mövqelərimizin möhkəmləndirilməsi və
ölkə həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılıması istiqamətində müvəffəqiyyətlər
əldə olunmuşdur.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
Azərbaycan xalqına ünvanladığı təbrikində
bildirmişdir ki, 2017-ci ilin əvvəlində
qarşımıza qoyduğumuz bütün vəzifələr
icra olunmuş və Azərbaycanda sabitlik təmin
edilmişdir. Sabitliyin mənbəyinin xalq-iqtidar birliyi
olduğunu vurğulayan ölkə başçısı əlavə
etmişdir: Dünyada gedən xoşagəlməz proseslər,
qanlı toqquşmalar, müharibələr, münaqişələr
göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət
gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik
şəraitində yaşamışdır. Beynəlxalq əlaqələrimizin
2017-ci ildə daha da genişləndiyini diqqətə
çatdıran ölkə başçısı
bildirmişdir ki, Azərbaycanla əməkdaşlıq etmək
istəyən ölkələrin sayı gündən-günə
artır. “Azərbaycan dünyada özünü ləyaqətli
və etibarlı tərəfdaş kimi göstərir.
Qonşu ölkələrlə əlaqələrimiz daha
yüksək pilləyə qalxmışdır. Bu əlaqələr
hər bir ölkə üçün çox önəmlidir,
bizim üçün də”, – deyən ölkə
başçısı əlavə etmişdir ki, bütün
qonşularımızla qarşılıqlı hörmət əsasında
qurulan dostluq əlaqələrimiz regional sabitliyə müsbət
təsir göstərir.
Bu gün heç kimə sirr deyil
ki, tarazlaşdırılmış xarici siyasət
strategiyası sayəsində rəsmi Bakı ikitərəfli
və çoxşaxəli münasibətlər müstəvisində
bərabərhüquqlu və qarşılıqlı hörmətə
əsaslanan əməkdaşlıq əlaqələri
formalaşdırmağı bacarmışdır. 2017-ci il də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
çoxsaylı xarici səfərləri, bir çox dövlət
və hökumət başçılarının ölkəmizə
səfərləri və aparılan ikitərəfli
danışıqlar tərəflər arasında strateji əməkdaşlığa
dair sənədlərin imzalanması ilə nəticələnmişdir.
Bununla bərabər, Prezident İlham Əliyev bir çox beynəlxalq
tədbirlərdə iştirak edərək, Azərbaycanın
qazandığı uğurları və Dağlıq
Qarabağ problemini dəfələrlə dünya ictimaiyyətinin
diqqətinə çatdırmışdır. Etibarlı tərəfdaş
olan və beynəlxalq münasibətlərə beynəlxalq
hüququn prinsipləri çərçivəsində
yanaşan Azərbaycan 2017-ci ildə
də hər bir dövlətlə münasibətlərində
əlaqələrini üçüncü tərəfə
qarşı istifadə etmədən, xoşməramlı,
tarazlı siyasətini davam etdirmiş və bu siyasətinə
görə də dünya ictimaiyyətinin etimad və rəğbətini
qazanmışdır.
Çoxaspektli xarici siyasət
yürüdən Azərbaycanın əsas hədəflərini
suverenliyimizin, ərazi bütövlüyümüzün və
beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin
bərpa edilməsi və qorunması, ölkənin davamlı
inkişafı üçün əlverişli xarici
mühitin yaradılması, dünya birliyi ilə
qarşılıqlı faydalı əməkdaşlığın
və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi,
enerji və nəqliyyat strategiyamızın
inkişafının dəstəklənməsi, ölkəmiz
haqqında həqiqətlərin dünya birliyinə
çatdırılması və beynəlxalq arenada
nüfuzunun artırılması, Azərbaycan xalqının zəngin
maddi-mədəni irsinin dünya miqyasında
tanıdılması, xaricdə yaşayan həmvətənlərlə
əlaqələr, beynəlxalq səviyyədə vətəndaşlarımızın
hüquqlarının təmin edilməsi, beynəlxalq sülh
və təhlükəsizliyə, regional inkişafa və tərəqqiyə,
mədəniyyətlər və sivilizasiyalararası dialoq
prosesinə töhfə verilməsi və beynəlxalq humanitar
layihələrin dəstəklənməsi təşkil edir.
Qarşılıqlı səfərlərin intensivliyi 2017-ci
ildə də davam etmiş və Azərbaycanın ikitərəfli
əlaqələrinin inkişafı baxımından məhsuldar
və faydalı olmuşdur. Beynəlxalq münasibətlər
sistemində tanınmış və hesablaşılan
güclü ölkə kimi Azərbaycan Cənubi Qafqaz
regionunda baş verən istənilən məsələ ilə
əlaqədar lider mövqeyini nümayiş etdirmiş və
nəinki regional layihələrin iştirakçısı, həmçinin
təşəbbüskarı və lokomotivi kimi fəaliyyətini davam etdirmişdir.
Prezident İlham Əliyevin və
hökumət nümayəndələrinin xarici ölkələrə
çoxsaylı səfərləri, o cümlədən,
dövlət və hökumət
başçılarının, xarici işlər nazirlərinin
və digər səviyyədə olan nümayəndə heyətlərinin
Azərbaycana səfərləri ikitərəfli əlaqələrimizi
daha da möhkəmləndirmişdir və keçirilən tədbir
və səfərlər əlaqələrimizin ikitərəfli
və çoxtərəfli əsasda inkişaf etdirilməsi,
ölkəmizin qlobal siyasi, iqtisadi, təhlükəsizlik və
humanitar məsələlərə dair mövqeyinin beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırılması
baxımından xüsusi əhəmiyyət
daşımışdır. Azərbaycan Prezidenti İlham
Əliyev ötən il ərzində yaxın və uzaq
ölkələrdə təşkil olunan beynəlxalq tədbirlərə
qatılaraq, müxtəlif məsələlər üzrə
ölkəmizin mövqeyini səsləndirmiş və beynəlxalq
tədbirlər zamanı mövcud olan imkanlardan
yararlanmış və digər ölkələrdən olan həmkarları
ilə çoxsaylı görüşlər
keçirmişdir.
İkitərəfli səviyyədə
olan əlaqələrimizin üçtərəfli formatda
regional əməkdaşlıq mexanizmləri vasitəsilə
daha da inkişaf etdirildiyi 2017-ci ildə də Azərbaycan-Rusiya-İran
prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə,
Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran
xarici işlər nazirlərinin üçtərəfli
formatda görüşləri keçirilmişdir və bu
görüşlərin keçirilməsi regionda təhlükəsizliyin
möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin
genişləndirilməsi və dərinləşdirilməsi
baxımından böyük əhəmiyyət
daşıyır. Bakıda keçirilmiş Azərbaycan,
Rusiya və İran dövlət
başçılarının üçtərəfli
görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə
siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə
əməkdaşlığın inkişafı
üçün mühüm zəmin yaratmışdır.
Politoloqların fikrincə, bu formatda əməkdaşlıq,
eləcə də Cənub və Cənub-Şərqi Asiyadan
Şimali Avropaya qədər uzanan xətt üzrə
transregional əməkdaşlığı təşviq edən
strateji əhəmiyyətə malikdir.
Azərbaycanın ən
ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
2017-ci ildə də xarici siyasət fəaliyyətində
başlıca yer tutmuşdur. Bu sahədə diplomatik səylər
davam etdirilmiş, səfirliklərin bu istiqamətdə fəaliyyəti
məqsədyönlü olmuş, Qarabağ məsələsinə
dair ədalətli, milli maraqlarımızı təmin edən
mövqe ilboyu sərgilənmişdir. Ermənistanın
xoşniyyətli danışıqlar aparmaq əvəzinə,
münaqişənin sülh yolu ilə həllinə yönəlmiş
bütün cəhdləri açıq şəkildə
pozması hamıya məlumdur.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
tələblərinə məhəl qoymayan və beynəlxalq
hüququ kobud şəkildə pozan Ermənistan öz
qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə
nəticəsində məcburi köçkünə
çevrilmiş yüz minlərlə azərbaycanlının
öz doğma yurd-yuvasına geri qayıtmasının
qarşısını alır və işğal olunmuş ərazilərin
fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə
mövcud status-kvonu daha da gücləndirməyə
çalışır. Azərbaycan hazırkı status-kvonun
dəyişməsində ən maraqlı tərəfdir və
bu istiqamətdə güclü fəaliyyət göstərir.
Prezident İlham Əliyev Azərbaycan
xalqına təbrikində xarici siyasətimizin əsas məsələsinin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həll edilməsindən
ibarət olduğunu açıqlamışdır: “Bu istiqamətdə
nəticələr olmasa da, hesab edirəm ki, 2017-ci ildə
bizim mövqelərimiz daha da möhkəmləndi. Birinci onu
qeyd etməliyəm ki, separatist rejim tərəfindən
keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən
qəbul edilmədi. Nə qonşu ölkələr, nə
Avropa İttifaqı, nə də ki, bütün başqa
ölkələr bu qondarma “referendum”u tanımadılar və
beləliklə, bir daha göstərdilər ki, bütün
dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir.
Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi
torpaqlarımızdır. Prezidentin sözlərinə görə,
mənfur qonşular tərəfindən Azərbaycanın
tarixi, dini abidələri məhv edilmişdir və uzun illərdir
ki, bu torpaqlar işğal altındadır.
Prezident İlham Əliyev xarici
siyasətdə ikinci önəmli məsələnin Ermənistanın
qeyd-şərtsiz danışıqlara qoşulmasından ibarət
olduğunu açıqlamışdır. Aprel məğlubiyyətindən
sonra Ermənistan tərəfindən irəli
sürülmüş heç bir şərtin Azərbaycan tərəfindən
qəbul edilmədiyini diqqətə çatdıran ölkə
başçısı bildirmişdir ki, danışıqlar
qeyd-şərtsiz bərpa edildi. Prezident İlham Əliyev
ümid etdiyini də açıqlamışdır ki, danışıqlar
nəticəsində məsələnin həllinə nail ola
bilərik. “Əlbəttə ki, danışıqlarda bizim
mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da
gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan
hələ də özünə gələ bilməyib, – deyən
ölkə başçısı açıqlamışdır
ki, bu məğlubiyyət ermənilər üçün
yaxşı dərs olmalıdır, bir daha bütün
dünyaya göstərməlidir ki, Azərbaycan xalqı
heç vaxt işğalla barışmayacaq.
Rəsmi Bakı ötən il də
Azərbaycanın ən ağrılı problemi olan
Dağlıq Qarabağ münaqişəsinin dünyanın
siyasi-iqtisadi mənzərəsini müəyyən edən
aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla
münasibətləri çərçivəsində
müzakirəsini davam etdirmişdir. Ermənistanın
işğalçı siyasətinin ifşası,
münaqişənin beynəlxalq hüququn norma və prinsipləri
əsasında, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunması istiqamətində həyata keçirilən
düşünülmüş strategiya artıq öz təsirini
göstərməkdədir. Prezident İlham Əliyevin il boyu
gerçəkləşdirdiyi səfərlər zamanı Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
münaqişənin həlli üzrə aparılan
danışıqların predmeti olmadığı birmənalı
olaraq, bütün görüşlərdə tərəf-müqabillərimizin
diqqətinə çatdırılmışdır.
Əlbəttə, xarici siyasətlə
daxili siyasətin bir-birini uğurla tamamlaması Azərbaycanın
əldə etdiyi nailiyyətləri şərtləndirən
mühüm amillərdən biridir. Həyata keçirilən
sosial-iqtisadi humanitar və digər sahələrdə əldə
olunan uğurların xarici siyasətdə də davam etdirilməsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə
yürüdülən siyasi kursun praqmatik xarakterini bir daha təsdiqləyir.
Bu gün davamlı inkişaf edən, dünyada sülh və
təhlükəsizliyə, mədəniyyətlər və
sivilizasiyalararası dialoqa mühüm töfhələr verən,
ən əsası, müstəqil xarici siyasət yürüdən
Azərbaycan 2017-ci ildə də bir çox mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi etmişdir. Belə ki, cari ildə
ölkəmizdə beynəlxalq humanitar forumlar, iqtisadi, siyasi
mövzuda konfranslar, idman sahəsində mühüm
yarışlar, İslam Həmrəyliyi Oyunları ən
yüksək səviyyədə təşkil olunmuş və
bütün bu proseslər Azərbaycanın müasir və
dinamik inkişaf edən güclü ölkə olduğunu
beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdir.
Prezident İlham Əliyev təbrikində bu məqama toxunaraq
demişdir ki, Bakıda ən yüksək səviyyədə
keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan
idmançıları birinci yerə layiq görüldülər.
“Bütün müsəlman aləmində
birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir.
Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da
Azərbaycan komandası ikinci yerdə idi. Yəni, bu, bir daha
onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir”,
– deyən ölkə başçısı əlavə
etmişdir ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi
ili” elan olunmuşdu və hər zaman olduğu kimi, Azərbaycan
bütün məsələlərdə İslam həmrəyliyinin
güclənməsinə öz töhfəsini verir. Ötən
il də istisna olmamışdır.
2017-ci ildə Azərbaycan Avropa
İttifaqı ilə bərabərhüquqlu və
qarşılıqlı faydalı əməkdaşlığını
davam etdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev
ötən ilin fevral ayında Brüsselə çox
uğurlu səfər həyata keçirməklə bu
marağı bir daha təsdiqləmişdi. Həmin səfərdən
bir gün sonra Azərbaycan Avropa İttifaqı ilə
danışıqlara başlamış və tərəflər
arasında yeni saziş üzərində rəsmi
danışıqlara start verilmişdi. Prezident İlham
Əliyev ötən il oktyabrın 4-də Avropa
İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin
daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və
Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti
ilə keçirdiyi görüşdə aparılan
danışıqların daha tez yekunlaşdırmaq istədiyimizi
açıqlamış və Avropa İttifaqı ilə
münasibətlərdə yeni bir səhifənin
açılışını etmək istədiyimizi
vurğulamışdır. Avropa Azərbaycanın əsas
ticarət tərəfdaşlarından biridir və ölkəmizin
Avropa ilə ənənəvi əlaqələri mövcuddur.
Ötən müddət ərzində Avropa İttifaqına
üzv ölkələrlə ikitərəfli formatda fəal
çalışmış rəsmi Bakı hazırda Azərbaycanın
Avropa İttifaqına üzv olan ölkələrin
üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq
formatı var. Belə bir əməkdaşlıq formatı
Avropa İttifaqı və Azərbaycan arasında gələcək
saziş üçün yaxşı zəmin
yaratmışdır və 2018-ci ildə tərəflərin
münasibətlərində yeni imkanlar
açılacağına inam böyükdür.
Beləliklə, 2017-ci il Azərbaycan
Respublikasının həyatında, xüsusən də
ölkəmizin beynəlxalq münasibətlər sistemində
mövqeyi baxımından əlamətdar il oldu. Diaspor fəaliyyətinin
gücləndirilməsi, diplomatik nümayəndəliklərlə
diaspor təşkilatları arasında əlaqələndirmənin
artırılması ilə əlaqədar ardıcıl fəaliyyətlər
həyata keçirilmişdir. İl ərzində Azərbaycanda
Peru və Kosta-Rikanın səfirlikləri
açılmışdır. Azərbaycanda 64 ölkənin səfirliyi,
12 beynəlxalq təşkilatın nümayəndəliyi və
4 Baş Konsulluq fəaliyyət göstərir. Azərbaycanın
Avstriya, Sudan və Cibutiyə fəxri konsulları,
Efiopiyanın isə Azərbaycana fəxri konsulu təyin
olunmuşdur. Bir sözlə, uğurlu siyasi strategiyanın həyata
keçirilməsi Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi, suverenliyinin və ərazi
bütövlüyünün bərpa olunması məqsədi
daşıyan xarici siyasət kursunun müvəffəqiyyətlə
davam etdirilməsinə şərait yaratmışdır.
Şübhə yoxdur ki, dövlətimizin milli maraqları əsasında
müstəqil və çoxistiqamətli xarici siyasət kursu
2018-ci ildə də davam etdiriləcək və Prezident
İlham Əliyevin dediyi kimi, cari il də ölkəmiz
üçün uğurlu olacaqdır.
Səbuhi
MƏMMƏDOV,
Xalq qəzeti. - 2018.- 5 yanvar.- S.1.