Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi tədbirlərinə yekun vurulmuşdur

 

2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olmuşdur. Bu münasibətlə 2016-cı ilin avqustun 30-da Prezident İlham Əliyev sərəncam imzalamışdı. Sərəncamda deyilir: “Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan almanların yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır. Məskunlaşdıqları və qaynayıb-qarışdıqları bu yerləri İkinci dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlamışdır”.

 Eyni zamanda, sərəncamda Xarici İşlər , Mədəniyyət və Turizm nazirliklərinə, Milli Elmlər Akademiyasına bu yubileylə bağlı xüsusi tədbirlər proqramı hazırlamaq tapşırılırdı. Artıq hazırlanmış həmin proqram, demək olar ki, icra olunmuş, silsilə tədbirlər, konfranslar, seminarlar, “dəyirmi masalar keçirilmişdir.

Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi də təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

 Mədəniyyət və Turizm Nazirliyi belə tədbirlərin keçirilməsində xüsusi fəallıq göstərmişdir. Hələ bu ilin aprel ayında nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə alman məskənlərinin 200 illik yubiley tədbirlərinə hazırlıqla əlaqədar iclas keçirilmişdir. Toplantıda Göygöl (alman məskəni olmuş keçmiş Helenendorf) rayonundan Milli Məclisin deputatı Rövşən Rzayev, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höccət Əsədullayev, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux, Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Fuad İbrahimovnazirliyin aidiyyəti şöbələrinin əməkdaşları iştirak ediblər. Qeyd olunub ki, yubiley tədbirlərinin keçirilməsi bu dostluğun daha da möhkəmlənməsinə xidmət etməlidir.

Almaniyada bu yubileylə bağlı keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirak etmişlər.

Mərasimdə Ramin Həsənov bildirmişdir ki, 2017-ci il Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin yaradılmasın 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacaq. Səfir 200 illik yubiley münasibətilə Berlin Humboldt Universitetində həmin universitetin “Azərbaycan tarixi” kafedrasının müdiri Eva Maria Auxun təşəbbüsü ilə “Almanların VürtemberqQafqaz arasında vətən axtarışı” başlıqlı foto-sərginin keçirildiyini də diqqətə çatdırmışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək tarixən Azərbaycanda məskunlaşmış 500 alman ailəsinin ölkəmizdəki həyatının ölkəmizdə hökm sürən multikulturallıq və dini tolerantlığın bir nümunəsi olmaqla bərabər, iki dövlət arasında mövcud olan hazırkı münasibətlər üçün də möhkəm bünövrə təşkil etdiyini bildirib.

Tədbirdə çıxış edən Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, Almaniyanın ölkəmizdəki keçmiş səfiri Haydrun Tempel bu yubileyin Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etməsi üçün stimul olduğunu bildirmişdir. O, Berlin Humboldt Universitetində qoyulmuş foto-sərgiyə Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dəstəyin göstərilməsini Almaniya hökumətinin bu yubiley tarixinə verdiyi dəyərin göstəricisi olduğunu qeyd etmişdir. Haydrun Tempel bildirib ki, sözügedən sərgi Berlindən sonra Bakıda, Göygöldə, GürcüstandaUkraynada nümayiş etdiriləcək.

Tədbirdə, həmçinin Almaniya Bundestaqının deputatları, Alman-Azərbaycan Forumu İdarə Heyətinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Almaniyanın elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrinin və KİV təmsilçiləri, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak etmişlər.

 Hələ 2016-cı il oktyabrın 18-də Azərbaycan və Gürcüstanda mövcud olan alman irsi haqqında film çəkilişlərinin aparılması məqsədilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva alman kinorejissoru Fridhelm Brükneronu müşayiət edən həmkarları Ortvin Henniq, Gunter Konrad, Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Seretelli ilə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının baş məsləhətçisi Sudabə Zeynalovanazirliyin məsul əməkdaşları da iştirak etmişlər. Nazir müavini Sevda Məmmədəliyeva çıxış edərək demişdir ki, üç ölkənin – Almaniya, Azərbaycan və Gürcüstanın birgə tarixinə həsr olunmuş bu filmin çəkilişi bütün xalqlar üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda xalqlararası mövcud olan multikultural mühit və tolerantlıq bu filmdə öz əksini tapmalı və alman ictimaiyyətinə çatdırılmalıdır.

 İclasda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi də müzakirə olunmuşdur. Bu istiqamətdə Göygöl şəhərində Alman İcmasının Tarixi Muzeyialman kilsəsinin, həmçinin bir sıra tarixi əhəmiyyətli binaların bərpası və görkəmli alman bəstəkarı Yohann Sebastyan Baxa həsr olunmuş musiqi festivalının təşkilinə dair təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır. Bu gün həmin layihələrin böyük qismi reallaşmışdır.

Oktyabr ayında Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın milli pavilyonunda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir də yubileyə ən yaxşı töhfə kimi yadda qalmışdır. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşmışdır. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aslan Cəfərov tədbirdə Azərbaycandakı alman məskənlərinin yaradılmasının tarixindən bəhs etmiş, tolerant mühitdə iki xalq arasında formalaşan mədəni əlaqələri diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsinə dövlət tərəfindən daim xüsusi önəm verilir.

SonraŞprenflingen Gensingenİcmalar Birliyinin rəhbəri Manfred Şerer, Avropa Əməkdaşlıq Forumunun sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Samirə Patzerİsmailova, Mayns-Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Almaniya əyalət parlamentinin sabiq üzvü Rahim Şmidt Azərbaycan ilə Almaniya xalqlarının mədəni bağları, dostluq əlaqələri barədə məlumat vermişlər.

Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara “İRS” jurnalının Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş nömrəsi hədiyyə edilmişdir.

Noyabrın 20-dən 23-dək UNESCO-da təşkil olunmuş sərgi və konsert yubileyə ən yaxşı töhfə olmuşdur . Dekabr ayında Şəmkir rayonunda keçirilən silsilə tədbirlərdə UNESCO-dakı bu mərasim barədə ətraflı məlumat verilmişdir.

 Səmkirdəki tədbirə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab qatılmışdılar. Səfir bildirmişdir ki, ölkəmizdə işlədiyi müddətdə bir neçə dəfə almanların vaxtilə məskunlaşdığı bu rayona səfər etmiş, hər dəfə böyük işlərin görüldüyünün şahidi olmuşdur.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 200 il öncə Azərbaycana gəlmiş almanların Şəmkirdə yaratdıqları mədəni irsə azərbaycanlıların yanaşmasını Qarabağda xalqımızın mədəni irsinə ermənilərin vandal münasibəti ilə müqayisə etmişdir. Almaniya səfirliyi və professor Yeva Mariya Aux tərəfindən Heydər Əliyev Mərkəzində açılmış “Sərhədlərin silinməsi” adlı sərgi də qonaqların marağına səbəb olmuşdur.

Səfər proqramı Şəmkir alman kilsəsində, Mədəniyyət və Turizm NazirliyiAlmaniya səfirliyi tərəfindən birgə təşkil edilmiş alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş orqanklassik musiqi alətləri ansamblının konserti ilə davam etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti və professor Yeva Mariya Aux Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində yenidənqurmadan sonra yaradılan şəraitlə və eksponatlarla tanış olmuşlar.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində yubileylə bağlı mədəni tədbirlər, konsertlər, sərgilər keçirilib. Paytaxtımızda alman memarlarının layihələri əsasında inşa edilmiş memarlıq binaları qorunub saxlanılır. Bütün bunlar tolerantlıq və multikulturalizm siyasətinin, tarixi keçmişimizə, Azərbaycan ərazisində yaşayan müxtəlif etnik icmaların, konfessiyaların nümayəndələrinin mədəniyyətinə qayğıkeş münasibətin parlaq nümunəsi və təzahürüdür.

Əlbəttə, yuxarıda sadalananlar yubiley münasibətilə keçirilən tədbirlərin mənzərəsini tam əhatə etməsə də, bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr haqqında müəyyən təsəvvür yaradır.

Son olaraq onu da diqqətə çatdıraq ki, almanların yerli əhali ilə sıx mədəni əlaqələri nə qədər möhkəmlənsə də, onlar öz etnik özəlliklərini qoruyub saxlaya bilmişlər.

 

Hazırladı:

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2018.- 9 yanvar.- S.5.