Aprel zəfəri

 

Silahlı qüvvələrimiz 3 il öncə Aprel döyüşlərində böyük tarixi qələbəyə imza atmışdır

 

Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş vermişdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələrinin erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması nəticəsində 2 dinc sakin həlak olmuş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmişdir. Goranboy rayonunaNaftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə adlandırılan yüksəklik düşməndən azad edilmişdir.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə demişdir: Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir.

Möhtərəm Prezidentimiz həmçinin bildirib ki, Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq.

Beləliklə, aprelin 2-nə keçən gecə Ermənistanın kəşfiyyat-diversiya qrupları Talış, Tapqaraqoyunlu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərinə əvvəlcə minaatanlardan zərbə endirmiş, bundan sonra isə düşmənin kəşfiyyat-diversiya qrupları hücuma keçməyə cəhd göstərmişdi. General-mayor Hikmət Həsənovun sözlərinə görə, şəraiti qiymətləndirdikdən sonra həmin zolaqda yerləşən briqadanın ehtiyat qüvvələri və hərbi birləşmənin tank taborunun hissələri ilə düşmənə sarsıdıcı zərbə vuraraq, öncə onların ön xətdə olan mövqelərini ələ keçirmiş, eyni zamanda, düşmənin müdafiə xəttinin dərinliklərinə doğru irəliləyərək Talış yaşayış məntəqəsi istiqamətində hakim yüksəklikləri azad etmişlər. Bununla da Tapqaraqoyunlu kəndi və o istiqamətdə yerləşən Naftalan şəhərinin təhlükəsizliyi tam təmin olunmuşdu. Hərbçilərimizin qəhrəmanlığı nəticəsində işğaldan azad edilmiş yüksəkliklərdə möhkəmlənərək təmas xətti boyunca yerləşən digər yaşayış məntəqələrinin də təhlükəsizliyi təmin olunmuşdu.

Dördgünlük döyüşlərdə bir sıra strateji mövqelər, o cümlədən, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələtəpə yüksəkliyi azad olunmuşdu. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş, düşmənin 320 hərbçisi öldürülmüş, 500-dən artıq hərbçisi isə yaralanmışdı. Ümumilikdə, isə Aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilmişbununla da böyük qələbənin təməli qoyulmuşdu.

Bundan başqa, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Bu məqsədlə Prezident İlham Əliyev 24 yanvar 2017-ci il tarixində İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır. Bu gün Cocuq Mərcanlı kəndində həyat öz axarı ilə davam edir, quruculuq-abadlıq işləri yüksək templə həyata keçirilir.

Aprel döyüşlərindən 2 il sonra Azərbaycan Ordusu işğalçılar üzərində növbəti qələbəsini qazanmışdı. Belə ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra ordumuzun nəzarəti altına keçmişdi. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıtmış, yaxınlarının məzarlarını ziyarət etmişlər. Xatırladaq ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, HavuşŞahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılmış, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilmişdi. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılmış, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur olmuşdu.

Bu gün isə adıçəkilən ərazilər Azərbaycan Ordusunun nəzarəti altındadır. Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olunmuşdur, Dərələyəz mahalının Arpa kəndi isə ordumuzun nəzarəti altına keçmişdir. Artıq bu yüksəkliklərdən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolubir neçə ətraf yaşayış məntəqəsinə nəzarət edə bilirik. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvanda çox uğurlu əməliyyat keçirildiyini bildirərək demişdir ki, ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilmişdir: Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur.

Bu, bir faktdır ki, Aprel döyüşləri strateji mənada bütün hesabları dəyişdi. Dörd gün davam edən döyüşlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir dönüş nöqtəsi yaratdı və münaqişənin həll olunmasında tamam yeni bir səhifə açılmasına imkan qazandırdı. Bundan başqa, Aprel döyüşləri işğalçı Ermənistanın Azərbaycan Silahlı Qüvvələrindən bir neçə dəfə zəif olduğunu təsdiqlədi. Müharibənin dördüncü günündə güclü erməni ordusu mifi alt-üst edildi. Aprel döyüşləri həm də Azərbaycan Silahlı Qüvvələrinə düşmənin imkanlarını, güclü və zəif cəhətlərini təhlil etməyə imkan verdi.

Dördgünlük döyüşlər göstərdi ki, iqtisadi baxımdan xarici ölkələrdən asılı olan Ermənistan ordusu səfil gündədir və Azərbaycan Ordusundan xeyli geridədir. Aprel döyüşləri təsdiqlədi ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan Ordusunun qüdrətlənməsi üçün kifayət qədər imkanlara malikdir və artıq buna nail olunmuşdur. Ən əsası, Aprel döyüşləri göstərdi ki, istənilən vaxt Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etmək gücündədir və bu reallığı Ermənistan hakimiyyəti də qəbul etmək məcburiyyətində qaldı. Həmin döyüşlər bir daha təsdiqlədi ki, erməni işğalı uzun müddət davam edə bilməz və Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil. Beynəlxalq aləm də əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün region üçün ciddi təhlükə mənbəyi olaraq qalır.

Prezident İlham Əliyev Aprel döyüşlərinin ermənilərin ideoloji əsaslarını dağıtdığını bildirmişdir. Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yolunun qonşularla münasibətləri tənzimləməkdən ibarət olduğunu vurğulayan Prezident İlham Əliyev bunun üçün işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxmalı oldurlarını xatırlatmışdır. Bu baxımdan Aprel döyüşlərinin çox böyük təsiri olduğunu deyən dövlət başçısı əlavə etmişdir ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, belə yüksək nəticələrə gətirib çıxarır.

Bəli, Aprel döyüşləri Azərbaycanın Ermənistana verdiyi dərs idi, Günnüt əməliyyatı isə işğalçı rejimə belə dərslərin hər zaman təkrarlanacağı barədə göndərilən ciddi mesaj oldu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar ötən il martın 31-də bir qrup hərbçimizlə görüşdə demişdir: Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir.

Aprel döyüşləri və Günnüt əməliyyatı Azərbaycana Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış danışıqlar prosesinə təsir göstərmək imkanı da verdi. Belə ki, küçə diplomatiyasının köməyi ilə xirtdəyəcən korrupsiya çirkabına bulaşan, Ermənistanı iqtisadi səfilliyin içinə sürükləyən Serj Sarkisyan hakimiyyətini devirən Nikol Paşinyanın seçicilərinə xoş gəlmək üçün danışıqlar formatını dəyişməyə can atmasının qarşısını Azərbaycanın Prezidenti İlham Əliyevin yürütdüyü güclü hərbi-siyasi siyasət aldı. Martın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə danışıqlar formatı barədə belə demişdir: ...Mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır.

Danışıqlar prosesinə yeni təkan verildiyini diqqətə çatdıran ölkə başçısı bunun da vacib olduğunu açıqlamış və əlavə etmişdir ki, Azərbaycan Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını çox müsbət qiymətləndirir: Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq.

Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata açıqlamasında bir daha Azərbaycanın ədalətli mövqeyini belə açıqlamışdır: Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur.

Bu gün hamı etiraf edir ki, Aprel döyüşləri və Günnüt əməliyyatı Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yeni vəziyyət yaratmışdır və erməni tərəfi danışıqlar formatını dəyişdirməyə can atmaqla vaxt qazanmaq istəyir. Halbuki Azərbaycan tərəfi ermənilərin belə yanaşmalarını qeyri-konstruktiv hesab edir və səbrinin tükənməz olmadığını bildirir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan əsgəri hər zaman işğalçılara sarsıdıcı zərbə endirməyə hazırdır və bu yolda xalqın tükənməz dəstəyinə malikdir. Nə qədər gec deyil, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir.

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2019.- 2 aprel.- S.1; 5.