Azərbaycan Ordusunun Qələbə imtahanı 

 

Aprel döyüşlərində Azərbaycan Ordusunun qələbəsinin qaynaqları və nəticələri ilə bağlı söhbətdə müsahibimiz hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovdur. Şair Ramaldanov ümummilli lider Heydər Əliyevin sovet dövründə böyük uzaqgörənliklə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk yetirmələrindəndir. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirdikdən sonra Sovet ordusunda xidmət edib. Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasını bitirmiş 6 azərbaycanlı zabitdən biri, alay komandirinin müavini olub.

1993-cü ildə motoatıcı briqada, 1995-ci ildə korpus komandiri vəzifəsinə təyin olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında rəis müavini vəzifəsində xidmət etmişdir.

 

Azərbaycan Ordusunun yaradılmasına ilk çiyin verən milli zabitlərdən biri olaraq Qarabağ döyüşlərinin od-alovundan keçib. 1994-cü ilin yanvarında Prezident, Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə Qarabağ cəbhəsində həyata keçirilən irimiqyaslı əks-hücum zamanı qalibiyyətli “Horadiz əməliyyatı”nda gənc zabit Şair Ramaldanovun komandiri olduğu briqadanın döyüşçüləri Arazqırağı 22 yaşayış məntəqəsini erməni işğalından azad edib. Sonrakı illərdə korpus komandiri və Hərbi Akademiyada tədris işləri üzrə rəis müavini vəzifəsində çalışan polkovnik Milli Ordu quruculuğuna yüksək bilik və bacarığı ilə önəmli xidmətini davam etdirib.

Şair Ramaldanov qalibiyyətli döyüş əməliyyatlarındakı roluna görə 2 dəfə “Azərbaycan bayrağı” ordeninə layiq görülən yeganə zabitimizdir. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi ələ keçiriləndən sonra Qarabağa Böyük Qayıdışın pilot meydanına çevrilən Cocuq Mərcanlı kəndini də məhz Şair Ramaldanovun rəhbərlik etdiyi briqada düşməndən azad edib. Qarabağ müharibəsinin qalib zabiti ilə Aprel döyüşlərinin ildönümü ilə bağlı söhbətimizə də məhz “Horadiz əməliyyatı”ndan başladıq.

– Lələtəpə yüksəkliyinin Cocuq Mərcanlıdan 22 il sonra geri alınması, sizcə, gec olmadı ki? O zaman niyə irəliləmədiniz?

– Şübhəsiz, bu iki uğurlu əməliyyat arasında sıx hərbi-siyasi varislik bağlılığı var. Əvvəla, “Horadiz əməliyyatı”nın son həmləsində Cocuq Mərcanlı ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər və bilavasitə Ali Baş Komandan kimi onun rəhbərliyi ilə düşməndən azad edilmişdisə, Lələtəpə yüksəkliyinin ələ keçirilməsi də onun sadiq davamçısı İlham Əliyevin qətiyyətli mövqeyinin və gerçəkləşdirdiyi mükəmməl siyasətin nəticəsi oldu. “Horadiz əməliyyatı” Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra öz himayədarlarının önəmli köməyi ilə Ermənistanın ərazilərimizə davam edən təcavüzünün dayandırılması zərurətindən həyata keçirilmişdi.

Ermənilər Qarabağ davasına uzun illərdən hazırlıq apardıqlarına, onların əli ilə Azərbaycana təzyiq göstərən dairələrin köməyindən yararlandıqlarına, ölkəmizdə isə hakimiyyət davası və milli birliyin olmaması mövqelərimizi zəiflətdiyinə görə nisbi mənada üstünlük əldə edərək torpaqlarımızı işğal edə bilmişdilər. 1993-cü ilin fəlakətli günlərində xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çox ağır nəticələri aradan qaldırmalı olmuşdu. Ulu öndər xalqın dəstəyi ilə daxili sabitlik yaratmaqla yanaşı, məsuliyyətsiz siyasi qüvvələrin əlində oyuncağa çevrilmiş orduda da vahid komandanlıq yaratmış, xalqa müraciət edərək vətənpərvər qüvvələri hərbi qulluğa səfərbər etmişdi.

O zaman həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Ermənistanın irimiqyaslı hücumunun qarşısı alınmış, Arazqırağı istiqamətdə isə xeyli irəliləmək mümkün olmuşdu. Düşmən yeni torpaqlar ələ keçirməklə o zaman Azərbaycanı Qarabağın işğalı ilə razılaşmağa məcbur etmək istəyirdi. Ali Baş Komandan Heydər Əliyev isə ermənilərin bu planlarını pozmaqla yanaşı, onlara ilk ciddi məğlubiyyətin acısını da daddırdı. Bununla da düşmən tərəfi həqiqi ordu quruculuğu və hərtərəfli güc toplamaq üçün Azərbaycana hava-su kimi gərəkli olan atəşkəs sazişini bağlamağa məcbur edildi.

O zaman yenidən təşkil olunan ordunun peşəkarlığı, hərbi-texniki potensialı çox aşağı səviyyədə idi. Buna görə də ən uğurlu əməliyyatda da itkilərimiz çox olurdu. Hər bir döyüşçünün həyatının qiymətini bilən humanist lider Heydər Əliyev itkilər verərək irəliləməkdənsə, atəşkəsə gedib lazımi hazırlıq işləri görməyi, düşmən üzərində hərbi-siyasi üstünlüyü təmin etməyi zəruri bildi. Bax belə bir məqamda biz Cocuq Mərcanlıda dayanmalı olduq. Biz o zaman bu yüksəkliyi alsaydıq, daha çox itki verməli olardıq.

Aradan keçən 22 ildə, əvvəla, Azərbaycanın iqtisadi-sosial inkişafında əldə olunan tərəqqi, ikincisi, aparılan uğurlu siyasi-diplomatik iş, üçüncüsü, silahlı qüvələrimizin misilsiz dərəcədə qüvvətləndirilərək dünyanın ən güclü ordularından biri səviyyəsinə yüksəldilməsi, nəhayət, Cocuq Mərcanlıdan Lələtəpə yüksəkliyinə qalxmağımıza və digər önəmli qələbələrimizə imkan yaratdı. Bu qələbələr atəşkəsdən sonrakı 22 ildə Ermənistanın yalançı qalib ədası sərgiləməsinə son qoydu, işğalçı dövlətin davam etməkdə olan siyasi-hərbi təxribatlarına zəhmli bir cavab oldu.

– Elə isə Aprel döyüşləri Qarabağ cəhbəsində, Ermənistan–Azərbaycan hərbi-siyasi qarşıdurmasında, münaqişə ətrafında beynəlxalq davranışlarda hansı dəyişiklik yaratdı?

– Dediyim kimi, Azərbaycan tərəfinin atəşkəsin ilk illərində həyata keçirdiyi tədbirlərin özü belə bir qələbə qazanmağa imkan verərdi. Lakin ümummilli lider Heydər Əliyev, ondan sonra isə Prezident İlham Əliyev yeni qanlar tökülməsin deyə münaqişənin sülh yolu ilə həllinə üstünlük verdilər. Ermənistanın əli qana batmış quldur rəhbərliyi isə havadarlarına arxalanıb danışıqları uzatdı, hər dəfə dalana yönəltdi. Ölkəmiz isə vaxt ötdükcə gücləndi, ordumuz möhkəmləndi, xalqın vətənpərvərlik ruhu yüksəldi. Ermənistan isə tənəzzül etdi, ordu özgə torpaqlarında yoruldu, düşkünləşdi, rəhbərliyin mənasız inadı ölkəni bataqlığa apardı.

Ermənistanın keçmiş rəhbərliyi belə bir vəziyyətdə zəruri sülhə getməkdənsə, hərbi təxribatlarla yalançı güc göstərməyə başladı. Növbəti irimiqyaslı hərbi təxribat isə Azərbaycan Ordusunun çevik və güclü həmləsi ilə süpürülüb atıldı. Elə bir vəziyyət yarandı ki, erməni hərbçilər mövqelərini və silah-sursatı ataraq qaçmağa məcbur oldular. Döyüşlərin davamında Ermənistanın qısa müddətə diz çökdürüləcəyini görən himayədarları və passiv sülh vasitəçiləri tərəfləri atəşkəsə çağırıb, onları yenidən sülh danışıqlarına dəvət etdilər. Azərbaycan illərdən bəri münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğundan düşmən tərəfə sonuncu möhləti də verdi.

– Amma deyəsən, Ermənistanın yeni rəhbərliyi vurulan ağır zərbənin keyini ötüşdürmək üçün yenə vaxt uzadır.

– Azərbaycanın öz ərazilərini azad etməyə qadir olduğunu cəmi 2 gündə bütün dünyaya sübut etdiyi, düşmənin hərb maşınını vurub laxlatdığı, güclü ordusunun irəliləməsinin qarşısını alan bir qüvvənin olmadığı bir məqamda və şəraitdə işğalçı dövlətə düşünmək, nəticə çıxarmaq imkanı yaratması, birmənalı olaraq, düzgün başa düşülməli və lazımi addımlar atılmalı idi.

Amma baş verənlərin özü də çox şey deyir. Ermənistanı müharibə bataqlığına salıb boğan Koçaryan-Sarkisyan rejiminin Aprel döyüşlərinin yaratdığı kəskin ağrının nəticəsi olaraq iflasa uğraması Ermənistanın yeni rəhbərliyini geriyə – işğalı uzatmağa deyil, irəliyə – Azərbaycan torpaqlarını azad etməyə, sülhü gerçəkləşdirməyə yönləndirilməli idi. Tərəddüdlər Ermənistanın yalnız ziyanınadır. Aprel döyüşlərinin dərsləri onlara bu həqiqəti diktə edir.

– Sonda, bir daha Aprel döyüşlərinin hər iki tərəf üçün nəticələri və dərslərinə qayıdaq...

– Aprel döyüşlərində əldə edilən uğur ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin, onun ən layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasətin düzgünlüyünün tarixi təsdiqi oldu. Azərbaycan atəşkəs dövründən maksimum yararlandı – ordu gücləndi, peşəkarlıq artdı. Vəziyyət o yerə çatdı ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini üstələdi. Dövlətin müharibə iştirakçıları, şəhid ailələri, hərbçilərlə bağlı sosial siyasəti hərbi-vətənpərvərlik ruhunu yüksək səviyyəyə qaldırdı. Xalq Vətən yolunda döyüşən əsgər və zabitə necə dəyər verilməsinə əmin olub layiqli xidmətə önəm verdi.

Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu, xüsusən onun çevik bölmələri istənilən hərbi tapşırığı çox itki vermədən yerinə yetirməyə, konkret olaraq torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu döyüşlər Ermənistanda hökm sürən qələbə eyforiyasını puç etdi. Ermənistan tərəfi Aprel döyüşlərini yaxşı heç nə ilə səciyyələndirə bilmir. Alınmaz sayılan müdafiə səddi müxtəlif yerlərdən asanlıqla dağıdılmış, hər sahədə ağır itkilər qeydə alınmışdır. Müharibənin ən ağır itkisi olan canlı qüvvə sarıdan düşmən daha çox tələfat vermişdir. İş o yerə çatmışdır ki, fərariliyin qarşısını almaq üçün qaçan əsgərlər güllələnmişdir. Döyüşlər zamanı Azərbaycan tərəfdə heç kəs öz mövqeyini tərk etməmiş, alınmış mövqelər dərhal möhkəmləndirilmişdir.

Sonda onu da bildirim ki, Ermənistan və onun havadarları münaqişənin həllini uzatmaqla güman edirdilər ki, Azərbaycan xalqı tədricən Qarabağı unudacaq, yeni nəsil bu itkiyə biganə qalacaq. Aprel döyüşlərinin iştirakçıları böyük əksəriyyətlə münaqişədən sonra doğulub-böyüyən nəslin nümayəndələri idilər. Onlar 22 il əvvəlki Horadiz döyüşlərinin iştirakçılarından qat-qat sərrast həmlələrlə, yüksək peşəkarlıqla, hədsiz vətənpərvərlik ruhu və psixoloji mətinliklə vuruşdular. Bu döyüşlər Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hərb tarixinin ən mükəmməl səhifələrindən biri və zamanın ölçüləri baxımından ən yüksək səviyyəli müharibə aparmaq nümunəsi oldu.

– Aprel döyüşləri Ermənistana, bütün dünya ermənilərinə, bu münaqişədə marağı olan dairələrə qəti şəkildə göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəyişməz mövqeyini ifadə edən “Azərbaycan öz ərazi bütövlüyünü, hansı yolla olur-olsun, mütləq bərpa edəcək”, xalqın isə əsrlərdən gələn “Yaddan çıxmaz Qarabağ” qənaəti quru söz deyil, düşmənə ünvanlanmış, cavabını gözləyən Qələbə ünvanlı mesajdır.

– Azərbaycan Ordusu Aprel döyüşlərində qarşısıalınmaz həmləsi ilə bu həqiqəti təkcə düşmənə deyil, onun dəmtutanlarına, saxta iddialarına inananlara da anlatdı. Aprel günlərində bütün dünyaya nümayiş etdirilmiş Xalq – Lider – Ordu birliyinin gücü Qarabağı geri qaytarmaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün tamamilə yetərlidir. Bizi vaxtilə məğlub hala gətirən də məhz bu birliyin yoxluğu olmuşdu. Qarabağ münaqişəsinin həllini yeni bir müstəviyə çıxarmış 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun Qələbə imtahanı oldu.

 

Söhbəti apardı:

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.- 5 aprel.- S.5.