Siyasi liderliyin zəfər estafeti 

 

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı yenidən öz taleyini görkəmli siyasi lider, böyük dövlət xadimi cənab İlham Əliyevə etibar etdi.  Aprelin 11-i müstəqil Azərbaycan dövlətinin siyasi tarixinə hərtərəfli islahatlar yolu ilə yeniləşmə və tərəqqinin növbəti yüksək mərhələsinin başlanğıcı kimi yazıldı. Son bir il Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatı mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə də zəngin oldu. Ölkəmiz ötən bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Müstəqil dövlətimiz həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdı, ­qarşıya qoyulan hədəflərə doğru daha inamla irəlilədi.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində, eləcə də Nazirlər Kabinetinin iclaslarında ötən ilin və bu ilin birinci rübünün sosial-iqtisadi inkişafına yekun vurarkən bütün bunlar barədə konkret fakt və rəqəmlərlə söz açıb. Nailiyyətlər möhtəşəm və sevindiricidir. Ölkəmiz ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla dönmədən irəliləyir, dövlət müstəqilliyimizin siyasi-mənəvi və sosial-iqtisadi əsasları möhkəmlənir.

Şübhəsiz, ötən il siyasi təqvimimizin ən unudulmaz hadisələri sırasında Azərbaycan Xalq Cümhuriyyətinin, silahlı qüvvələrin, ilk parlamentin yaradılmasının, Bakının antimilli qüvvələrdən azad edilməsinin100 illik, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileylərinin ümumxalq bayramları kimi qeyd edilməsi ilə yanaşı, ölkəmizdə növbəti prezident seçkilərinin keçirilməsi də xüsusi tarixi önəm daşıdı. Həmin taleyüklü siyasi kampaniyanın yekununda Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək dövlət başçısı İlham Əliyevə yenidən etimad göstərdi. Bununla xalqımız ulu öndər Heydər Əliyevin formalaşdırdığı və ötən illərdə müstəqil ölkənin təkmilləşdirilmiş ali idarəetmə sükanını dördüncü dəfə özünün alternativsiz lideri İlham Əliyevə etibar etdi.

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri Azərbaycanda dövlət başçısı İlham Əliyevin nüfuzunun kifayət qədər yüksək olduğunu bir daha təsdiqlədi. Bu seçkilərdə xalq öz iradəsini növbəti dəfə ortaya qoyaraq, son 15 ildə Azərbaycanı inamla idarə edən, beynəlxalq aləmdə yeni tipli milli lider olaraq tanınan, başçısı olduğu gənc, müstəqil dövlətin dünya düzənində layiqli mövqeyini təmin edən, öz ölkəsinə daxildə və xaricdə misilsiz uğurlar qazandıran, namizədliyi sədri olduğu Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülsə də xalqın geniş dairələrində qətiyyətlə dəstəklənən İlham Əliyevi kiminsə əvəz edə biləcəyini ağlına belə gətirmədən onu növbəti 7 il müddətində Prezident seçdi.

Bu seçim xalqın öz liderinə sonsuz inamının ifadəsi, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və əbədiləşdirilməsinə yönəlik siyasi kursunun davam etdirilməsinə sadiqliyin və siyasi dəstəyin də növbəti təsdiqi oldu.

Bir il əvvəlki dövlət başçısı seçkilərinin hansı siyasi gerçəklik şəraitində keçirildiyini xatırlayarkən, ilk növbədə, qeyd etmək lazımdır ki, xalqın seçimi qabaqcadan məlum idi və ümumxalq siyasi iradəsinin dönməzliyi ilə şərtlənmişdi. Yəni, Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyevin cəmiyyətdə nüfuzu o qədər yüksək idi ki, ölkədə və xaricdə qabaqcadan bu seçkinin nəticələri haqqında fikir yürütmək çətin deyildi. Prezident İlham Əliyevin vətəndaşlar arasında nə qədər böyük hörmət və inama sahib olması, həm ölkə daxilində, həm də xaricdə siyasi-analitik dairələrə incəliklərinə qədər məlum idi. Azərbaycan xalqının seçim ünvanını nüfuzlu beynəlxalq ictimai rəyi öyrənmə mərkəzlərinin keçirdiyi sorğular da aydın nişan verirdi.

11 aprel seçkilərində xalqımız müstəqillik tarixinin növbəti sınağından da şərəflə çıxdı. Seçkilərin nəticələri, əslində, milyonlarla azərbaycanlının dünənə dərin ehtiramını, bugünün gerçəklərindən razılığını, gələcəyə böyük ümidini əks etdirdi. Bu tarixi seçim azərbaycanlıların öz taleyinə biganə olmadıqlarını, son 25 ildə ölkəmizin keçdiyi inanılmaz inkişaf yolunun uğurlarına obyektiv qiymət verdiklərini bir daha təsdiqlədi. Beləliklə, milyonlarla insan öz taleyinə əzmlə sahib çıxaraq ən layiqli namizədi – sevimli lideri İlham Əliyevi ölkəsinin rəhbəri, dövlətinin prezidenti görmək istəyini qətiyyətlə nümayiş etdirdi.

Mən ötənilki seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində fəal iştirak etdiyimdən seçicilərlə keçirdiyim görüşlərin unudulmaz təəssüratını da yada salmaq istəyirəm. Prezidentliyə namizəd İlham Əliyevin seçki kampaniyası ilə əlaqədar o vaxt yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirildi. Xalqın ayrı-ayrı təbəqələrinin əhval-ruhiyyəsi və açıq-aydın ifadə olunan qənaəti əminlik yaradırdı ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi birmənalı olaraq xalqın namizədidir. Çünki partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, rifah, sabitlik naminə yorulmaz fəaliyyəti cəmiyyətdə birmənalı olaraq ümumi razılıq, ictimai məmnunluq doğurur.

Təmsil etdiyim Ağstafa rayonunda da son 15 ildə böyük abadlıq və quruculuq işləri həyata keçirilib. Cənab Prezident dəfələrlə rayonda olub, bir çox iqtisadi, sosial, mədəni obyektlərin açılışında şəxsən iştirak edib. Həmçinin, rayonun kəndlərinin böyük hissəsi qazlaşdırılıb, yeni yollar çəkilib və s. Bu quruculuq prosesi davamlıdır. Buna görə Ağstafa əhalisi də dövlət başçısının rayona göstərdiyi qayğını yüksək qiymətləndirdi və 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verdi.

Bu gerçəyin çox ciddi əsasları var idi. Çağdaş Azərbaycan dövlətini qurmaq missiyasına ümummilli lider Heydər Əliyev “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlamışdı. Azərbaycanın müstəqilliyi Tanrının xalqımızın gələcəyinə verdiyi bir şans, istək və arzularına açdığı yol idi. Nə yaxşı ki, ümummilli lider Heydər Əliyev kimi böyük mütəfəkkir tarixdə nadir hallarda yaranan belə imkandan istifadə edərək xalqını yenidən müstəqil dövlətçiliyinə qovuşdurdu, siyasi suverenliyə dönməz, əbədi xarakter verdi.

İlk mərhələdə Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrı-acılar bahasına yaradılmış ideoloji ənənə və dövlətçilik təcrübəsini dağılmağa, müstəqilliyi naməlum talenin oyunları ilə üz-üzə qalmağa qoymadı. Bu, müasir Azərbaycanda siyasi varislik ənənəsinin nə qədər ehtiyac duyulan həyati məsələ olduğuna mükəmməl sübut idi.

Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün həqiqi rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağılla, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini – yeni liderini seçəndə də o səviyyədə mübarizlik göstərdi. Ümummilli lider Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin ən yaxın silahdaşı və ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi İlham Əliyev gəlirdi.

Bu, yalnız İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, yeni tipli siyasi lider olaraq İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Yeni tipli siyasi xadim İlham Əliyev hər gün bir uğura imza atırdı, onda “tarix” ilə “müasirlik” arasındakı fərq, şübhəsiz, daha aydın görünürdü.

Ümummilli lider Heydər Əliyevin timsalında rəhbərin öz soydaşlarının arzu-ideallarına sadiqliyinə inanan xalq romantik ideallarını belə gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vüsət və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma impulsu ilə toparlanmışdı. Bu, xalqın tarixi arzu-istəklərindən yoğrulmuş liderin–xalqa xidmət arealının hüdudsuzluğu ilə ucalmış Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə geniş meydan, təbii ki, hava-su kimi lazım idi.

Ulu öndərin mükəmməl idarəetmə məktəbinin ən kamil yetirməsi olan İlham Əliyev siyasi meydanda çoxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu baş nazir kimi qəbul etdi. Əslində, bu qədəmisayalı başlanğıc ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi üzərində formalaşan, Avropa və Şərq dəyərlərinin sintezindən yaranan, monolit kökü olan özünəməxsus siyasi mədəniyyətin gəlişi idi.

Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi. Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. Varis-lider İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix idi.

Belə bir tarixi şəraitdə ümummilli lider 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə– həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Müstəqil dövlətin yenicə qurulmuş, nizamlanmış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində İlham Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi göstərdi ki, əvvəla, Azərbaycan xalqı ümummilli liderin milli dövlət quruculuğu siyasətinin perspektivliyinə dərindən inanır; ikincisi, İlham Əliyevi məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edir; nəhayət, gələcəkdə milli dövlət quruculuğu qarşısına çıxa biləcək qaçılmaz problemlərin həllində onun siyasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir.

Beləliklə, Azərbaycan xalqı ­Prezidentimizin bütün sahələr üzrə uğurlu siyasətini görür və daim dəstəkləyir. İndiyə qədər keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində dövlət başçısı İlham Əliyevin və onun rəhbərlik etdiyi partiyanın parlaq qələbə qazanması məhz xalqımızın öz liderinə olan yüksək inamının ifadəsidir. Bu baxımdan, 11 aprel prezident seçkilərində də cənab İlham Əliyevin qələbə qazanması tamailə təbii və qanunauyğun bir nəticə idi. Bu faktı onun siyasi oppenentləri də etiraf edir, çox güclü bir rəqibə məğlub olduqlarını gizlətmirlər.

Dünyada baş verən mürəkkəb proseslərin fonunda Azərbaycan son illərdə yüksək dinamika ilə inkişaf edir, ictimai-siyasi sabitlik təmin olunub, ölkədə lider – xalq birliyi sarsılmazdır. Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin, ümummilli lider Heydər Əliyevin ideyalarının daşıyıcısı, dövlət müstəqilliyimizin başlıca siyasi qüvəsi kimi zamanın sınağından çıxmış Yeni Azərbaycan Partiyası sədrinin gördüyü möhtəşəm, əzəmətli işlər nəticəsində ölkəmiz öz tarixinin ən güclü dövlətini yaradıb.

Daxili siyasətə gəlincə, Azərbaycanda həyata keçirilən quruculuq işləri göz önündədir. Elə bir bölgəmiz yoxdur ki, orada abadlıq, quruculuq işləri getməsin. Həmçinin, sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə olunub, bölgələrdə də müasir müəssisələr qurulub, yüz minlərlə iş yerləri açılıb, məktəblər, tibb ocaqları, mədəniyyət və idman obyektləri tikilib istifadəyə verilib. Bütün bunlar vətəndaşlarımızın rifahı, sağlamlığı, yüksək biliklərə yiyələnməsi üçündür. Əlbəttə, xalqımız İlham Əliyevin bu siyasətini, gerçəkləşdirdiyi önəmli dövlət proqramlarının və zəruri layihələrin yaratdığı yenilikləri görür və ürəkdən dəstəkləyir.

Artıq Azərbaycanda milli birlik, sabitlik, demokratiya bərqərar ediləndən sonra sivil dəyərlərə geniş miqyasda inteqrasiya olunmaq dövrü vüsət almışdır. Ölkəmizin inkişafının, dünya dövlətləri ilə əməkdaşlığının strateji tərəflərindən biri də hazırda beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsələsidir ki, Prezident İlham Əliyev bu sahədə də qətiyyətli mövqedədir.

Prezident İlham Əliyev öz açıq və dərin təfəkkürü, çevik, analitik dünyaduyumu ilə milli maraqları bəşəri formulada sintez və təqdim edə bilir. O, sülh haqqında, yaxud sülhü müdafiə barədə konkretdir. Terrorizmə qarşı mübarizədə səmərəli fikirlərini beyəlxalq tribunalardan səsləndirərkən tələfat və dağıntıların əziyyətini çəkənlərin ilk sıralarında Azərbaycanı nümunə kimi tanıdır.

Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam sosial-siyasi, mənəvi-mədəni əhval- ruhiyyə güclənmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta ən dağıdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxspektrli uğurları görməmək, yaxud inkar etmək gücündə deyil.

İlham Əliyevin pezidentlik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Artıq regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Prezident İlham Əliyevin müstəqil dövlətimizə 11 aprel seçkilərinə qədərki 15 illiki rəhbərliyi dövründə ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlar bu dövrün tarixinin qızıl səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb.

Ölkə rəhbəri İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir gerçəyə çevirib. Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi sayəsində 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Yoxsulluq onun müstəsna səyləri ilə 10 dəfəyə qədər azalaraq 5 faiz səviyyəsinə enib. İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə 2 milyona yaxın yeni iş yeri açılıb.

Prezident İlham Əliyevin xarici siyasətində isə daim dövlət və milli maraqlarımız qəti şəkildə qorunur. Qloballaşan dünyada ancaq konkret düşüncəli, yüksək mədəniyyətli, zəkalı, sərbəst mükalimələr yürüdən siyasətçilər nüfuz və hörmət qazana bilərlər. Bu mənada, İlham Əliyev vətəninin milli mənafeyini istənilən səviyyələrdə, aparıcı beynəlxalq dillərdə çatdırmağa və müdafiə etməyə kifayət qədər qadir siyasətçidir.

Son illərdə dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli çoxalıb. Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr yaradılır və inkişaf etdirilir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019–2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Modern düşüncəli siyasi lider İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci ildə Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər isə uğurla davam etdirilir. “Əsrin müqaviləsi”nin fəaliyyəti 2050-ci ilə qədər uzadılıb.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Artıq Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, bu il isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb.

Azərbaycan ordusu dünyanın ən güclü 50 ordu sırasına daxil olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər görülüb. Azərbaycan ­Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində Qarabağ cəbhəsində qalibiyyətli döyüşləri, işğalçıya sarsıdıcı zərbələri və strateji mövqelərdə möhkəmlənməsi ilə həm düşmənə, həm də dünyaya nümayiş etdirdi.

Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə, 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, İrəvan–Gorus–Laçın yolu nəzarətə götürüldü.

Dünyada böyük multikultural dəyərlərə malik ölkə kimi tanınan Azərbaycanda İlham Əliyevin prezidentliyi dövründə milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması istiqamətində mühüm işlər görülüb. Həmin müddətdə ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub.

Son 15 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Avroviziya” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına uğurla ev sahibliyi edib. Sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoqa və əməkdaşlığa mühüm töhfə verən “Bakı prosesi”nin təşəbbüskarı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər və layihələr həyata keçirilib. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu təsdiqləyir.

Prezident İlham Əliyevin xalqımız tərəfindən birmənalı olaraq dəstəklənməsində azərbaycançılıq ideologiyasının yeni mərhələdə uğurla davam etdirilməsi də önəmli rol oynayır. Ölkə rəhbəri milli-mənəvi dəyərlərimizin, ana dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində də misilsiz xidmətlər göstərib. Bu barədə faktlar kifayət qədərdir və biz zaman-zaman bu mövzularla bağlı ətraflı söhbət etmişik.

Ən təqdirolunası məqamlardan biri dövlətimizin başçısının türk dövlətləri və xalqlarının birliyinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər və təşəbbüslərdir. Məhz bu siyasətin nəticəsidir ki, türk birliyi son illər daha da güclənib və bu proses irəliyə doğru getməkdədir. Qeyd etdiyimiz kimi, bu uğurun əldə olunmasında Azərbaycan Prezidentinin müstəsna xidmətləri var. Ona görə də, cənab İlham Əliyev bu gün türk dünyasının liderlərindən biri kimi qəbul olunur.

Azərbaycan rəhbəri İlham Əliyevin siyasətində İslam həmrəylinin gücləndirilməsi də əsas istiqamətlərdən biridir. Nəinki, Azərbaycan xalqı, eləcə də bütün İslam dünyası cənab İlham Əliyevin bu yöndəki səylərini yüksək dəyərləndirir. Prezident 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə bütün İslam dünyasına ciddi mesaj verdi. Həmin il çərçivəsində yerli və beynəlxalq tədbirlər keçirildi. Bütün müsəlman dünyası cənab İlham Əliyevin həmrəylik təşəbbüsünü dəstəkləyir.

Qədirbilən xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Odur ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa səs verib. Bu, həm də onu göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.

Dövlətimizin başçısı İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Ulu öndər Heydər Əliyev ölkəsinin müstəqilliyinin on ili ərzində milli, dünyəvi quruluş formasiyasını seçən Azərbaycanın bugününün və sabahının üç ana prinsipini, ideya istiqamətini müəyyənləşdirmişdir: azərbaycançılıq, millilik, demokratizm! Bu gün artıq özünü təsdiqləmiş, nəticələri ilə xalqın böyük hissəsinin etibarını əldə etmiş bu dəyərlər Prezident İlham Əliyevin milli birlik, vətənçilik barədə məxsusi düşüncələri ilə daha çevik, yeni məcrada davam və inkişaf etdirilir.

Müstəqillik dövrünün tarixi proseslərinin ictimai xarakteri onu göstərir ki, əgər Azərbaycanda Heydər Əliyevin dövlətçiliyə xilaskar baxışları, müdaxilələri olmasaydı, bu gün dünya azərbaycanlılarının taleyi barədə şübhələr hökm sürərdi. Azərbaycançılıq kimi böyük ideya dil, mədəniyyət, adət-ənənələrin, xalqın şərəfli tarixinin elmi cəhətdən araşdırılması, öyrənilməsi vətəndaşların həmrəylik istəyi, mütəşəkkilləşmək barədə duyğuları ilə yoğrulmuşdur.

Millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayyüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır. Bu keyfiyyət, bütövlükdə, ümumtürk ruhunun tərbiyəsindən gələn bir xarakterdir. Türk ruhumuzun siyasi, milli, əxlaqi, mədəni dəyərləri çoxəsrlik tarixi sınaqlardan alnıaçıq çıxıb. Millətin yaşam proseslərinə qiymət verərkən, təbii ki, türk dünyasının, türk xalqlarının zaman-zaman özəlliklərini saxlayaraq hərtərəfli inkişaf meyllərinə tapınmasından dövlətin də, Prezidentin də, vətəndaşların da bugünkü qürur hissi böyük olmalıdır.

Müasir Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyi ilə müstəqil həyatının çətin, ziddiyyətli yaşantılarını çoxdan geridə qoymuşdur. Demokratik quruluşun mahiyyətini göstərən amillərin gerçəkləşməsi sayəsində dövlətimiz bu gün dünya birliyində layiqli yer tutur. Bayrağımız, demək olar ki, bütün beynəlxalq təşkilatlarda ucaldılmışdır. Millətimizin daxili potensialı, ictimai düşüncəsi ona imkan verir ki, Azərbaycan demokratizmi heç də digər ölkələrin demokratizmindən geri qalmasın.

Dünya siyasətinin ən peşəkar simalarından biri, iyirminci yüzilin böyük mütəfəkkir qurucusu Heydər Əliyev bütün vətəndaşlara, o cümlədən müxalifətə açıq siyasi fəaliyyət və özünütəbliğat üçün təhlükəsiz şərait yaratmışdır. İqtidar siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşa, o cümlədən də müxalifətə söz demək, mübarizə aparmaq azadlığını vermişdir.

Prezident İlham Əliyev bu gün eyni demokratizmi davam etdirərkən, bəlkə də, bir qədər də artırarkən sağlam, eyni zamanda, gənc intellektual düşüncənin, qabiliyyətin, milli təəssübkeşliyin, yolunu fəal surətdə açıq elan etmişdir. O, müxalifətlə münasibətdə nümayiş etdirdiyi demokratik, milli, mədəni, əxlaqi səviyyə ilə Azərbaycanın maraqlarını hər şeydən üstün tutduğunu dəfələrlə açıqlamış, avantürist meyillərə əsaslanan müxalif qüvvələri millətin sabahı naminə fəaliyyət göstərməyə, iqtidarla dialoqa dəvət etmişdir.

Önəmlisi odur ki, Azərbaycandakı siyasi, sosial, mədəni xətt doğma dəyərlərə münasibətdə millətin keçmiş dövlətçilik və yaşam təcrübəsindən istifadəyə söykənir. Bu yol müasir dövlətçilikdə vacib impulsiv milli strategiya sayıla bilər. İlham Əliyev Azərbaycan dövlətinin başına təkcə ümummilli liderin varisi, davamçısı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi – yeni zamanın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri var. Və dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının və müstəqilliyinin siyasi proqramını ümummilli liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və reallaşdırmış, iqtisadi müstəqillik uğrunda mübarizənin möhkəm təməlini qoymuşdur. Siyasi müstəqilliyin və onun iqtisadi cəbhəsinin daha da möhkəmləndirilməsinin sükanı artıq 16 ildir ki, Prezident İlham Əliyevin əlindədir. Əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməz prosesə çevrilməsi ümummillil lider Heydər Əliyevin ən layiqli və sadiq davamçısı İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.

 

Nizami CƏFƏROV,

Milli Məclisin deputatı, Atatürk

Mərkəzinin müdiri, akademik

 

Xalq qəzeti.- 2019.- 11 aprel.- S.3.