Xalqımız Prezidentin həyata keçirdiyi

islahatları yüksək dəyərləndirir

 

Fransanın ­“Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu Prezident İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu bir daha təsdiqlədi.

 

Xatırladım ki, sorğu ilə son bir ildə cənab Prezidentin rəhbərliyi ilə respublikamızda həyata keçirilən islahatlara, aparılan daxili və xarici siyasətə ölkə əhalisinin münasibəti öyrənilib və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün bölgələrimizdə gözlənilıdiyi kimi, dövlət başçısının siyasi və iqtisadi kursunun xalq tərəfindən hansı səviyyədə dəstəkləndiyi öz ifadəsini tapıb. Əslində bir ili əhatə edən dövr üçün keçirilən sorğunun nəticələrinin başqa cür olması da mümkün deyildi. Çünki Prezidentin rəhbərliyi ilə son 15 ildə reallaşdırılan islahatlar sadəcə olaraq ötən bir il ərzində bir qədər də dərinləşdirilib və əhatə dairəsi genişləndirilib. Yeri gəlmişkən, Azərbaycan bu islahatların məntiqi nəticəsi olaraq Dünya Bankının “Doing Business – 2019” hesabatında rekord irəliləyişə nail olub və islahatların aparılma səviyyəsinə görə bir çox inkişaf etmiş ölkələri geridə qoyub.

Aparılan islahatlar hesabına əldə edilən nəticələr ölkəmizdə ictimai-siyasi sabitliyi şərtləndirən başlıca amildir. Məhz buna görə də hazırda Azərbaycan regionun həm iqtisadi, həm də hərbi cəhətdən ən qüdrətli ölkəsinə çevrilib. Bu gün beynəlxalq siyasi meydanda Azərbaycanın çəkisi kifayət qədər yüksəkdir və ölkəmizin adı hər yerdə ictimai-siyasi sabitliyin bariz bir nümunəsinəsi kimi göstərilir .

Bu uğurlar cənab İlham Əliyevin siyasi iradəsinin təntənəsidir, başqa sözlə, dövlətimizin başçısı bir çox məsələlərin uğurlu həlli yolunda bəzən heç kimin öncədən düşünə bilmədiyi bir səviyyədə qətiyyət nümayiş etdirir.

Düşünülmüş xarici və daxili siyasətin bu şəkildə gerçəkləşdirilməsi isə son 15 ildə Azərbaycanı tək Cənubi Qafqazda deyil, Qərblə Şərqin, Şimalla Cənubun qovuşduğu böyük bir regionda ən nüfuzlu bir dövlətə çevirə bilib.

Azərbaycanın qısa zaman ərzində bu qədər qüdrətli bir dövlətə çevrilməsi onu özündən asılı vəziyyətdə görmək istəyənlərin arzularını gözlərində qoyub. Bu gün respublikamız güclü iqtisadiyyata, kifayət qədər dayanaqlı sosial duruma malik dövlət kimi vaxtılə bir məkanda olduğu ölkələrin çoxlarına nümunədir. Heç də əbəs deyil ki, beynəlxalq təşkilatların müəyyənləşdirdikləri bir çox reytinqlərdə Azərbaycan nəinki, MDB ölkələrini bir qayda olaraq qabaqlayıb, hətta son illərdə əldə etdiyi uğurlarla dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoymağı bacarıb.

Belə nailiyyətlərin sahibi olan dövlətimiz və onun qətiyyətli Prezidenti şübhəsiz ki, beynəlxalq siyasi müstəvidə özünü tam müstəqil aparır. Azərbaycan buna bir dövlət olaraq son 25 ildə getdiyi doğru yolla yiyələnib. Ötən 15 il ərzində isə cənab İlham Əliyevin reallaşdırdığı uğurlu daxili və xarici siyasət sözügedən sahədə Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxarıb.

Son 15 il ərzində Prezident İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə onun bilavasitə təşəbbüsü və rəhbərliyilə aparılan islahatlar ölkə həyatının bütün sahələrini əhatə edib. Bunun sayəsində Bakının, eləcə də bölgələrimizin siması köklü şəkildə dəyişib. Paytaxtımız sanki yenidən qurulub və hazırda öz əzəməti ilə seçilərək, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Hazırda Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq tədbirlərin uğurla keçirildiyi bir məkan kimi bütün dünyada tanınır. Bunun bir səbəbi də ölkəmizin bütün dünyaya nümunə ola biləcək ictimai-siyasi sabitlik adasına çevrilməsidir. Bir ölkənin bu səviyyədə quruculuq işləri apara bilməsi və ictimai-siyasi sabitliyin nümunəsinə çevrilməsi üçün onun güclü iqtisadiyyatının mövcudluğu gərək idi. Möhtərəm İlham Əliyev 2003-cü ilin sonunda ölkə prezidenti seçildiyi ilk gündən bunu hər kəsdən daha yaxşı dəyərləndirə bildi. O, eyni zamanda, neft ölkəsi olan Azərbaycanda iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasının strategiyasını müəyyənləşdirdi.

Beləliklə, hakimiyyətə gəldiyi ilk gündən “biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur”,-- deyən dövlət başçısı neftlə bağlı iqtisadiyyatın çətinliklərini nəzərə alaraq daha uzaq perspektivə diqqət yetirməyi bacardı. Neft pullarının daimi olmadığını yaxşı dərk edən Prezident iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı.

Ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafı münbit fəaliyyət meydanının yaradılacağından asılı idi. Bunun vacibliyini dəyərləndirən dövlət başçısı 2004-cü ildən başlayaraq “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı” Dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr reallaşdırdı. Dövlət başçısının rəhbərliyilə görülən işlərin bəhrəsi az bir müddətdə özünü büruzə verdi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmamışdı.

Bütün bu işlər nəticə etibarilə Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki siyasi mövqeyinin kifayət qədər güclənməsinə, öz seçiciləri arasındakı nüfuzunun isə daha da möhkəmlənməsinə gətirib çıxardı.

 

Fikrət YUSİFOV,

iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2019.- 12 aprel.- S.5.