“Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI 

¹ 173      

       Bakı şəhəri, 16 aprel 2019-cu il

 

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 16 aprel

tarixli 173 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid

 

QAYDASI

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.11-ci maddəsinə əsasən hazırlanmışdır və peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasını müəyyən edir.

1.2. Bu Qayda tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrinə şamil edilir.

2. Peşə təhsilinin növbəti səviyyəsinə keçidin şamil edildiyi hallar

2.1. Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid peşə təhsili pilləsinin bir səviyyəsində təhsili bitirməklə növbəti səviyyəsinə keçid deməkdir (bundan sonra – peşə təhsili pilləsində keçid).

2.2. Peşə təhsili pilləsində keçid bir peşə təhsili müəssisəsi daxilində və ya tələbələrin bir peşə təhsili müəssisəsindən digər peşə təhsili müəssisəsinə keçməsi vasitəsilə həyata keçirilir.

2.3. Peşə təhsili səviyyələri üzrə keçid tələbələrin qəbul olunduqları təhsil bazasına (ümumi orta və ya tam orta təhsil bazası) müvafiq olaraq aparılır.

2.4. Peşə təhsili pilləsində keçid dedikdə, aşağıdakı hallar nəzərdə tutulur:

2.4.1. ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

2.4.2. tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki peşə təhsili səviyyəsində birinci tədris ilinin ikinci yarımilindən etibarən təhsilinin davam etdirilməsi;

2.4.3. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində üçüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

2.4.4. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almış məzunlar yüksək texniki peşə təhsili səviyyəsində dördüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

2.4.5. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilində təhsilinin davam etdirilməsi.

2.5. Peşə təhsili pilləsində keçid peşə təhsili üzrə ixtisasların peşə istiqamətlərinin uyğunluğu təmin edildikdə mümkündür.

2.6. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsilini başa vurduğu ildən etibarən 2 (iki) il müddətində peşə təhsili pilləsində keçid edə bilərlər.

2.7. Peşə təhsili müəssisələrinin məzunlarının peşə təhsili pilləsində keçidi yalnız peşə təhsili müəssisəsində vakant (boş) yerlər olduqda mümkündür.

3. Peşə təhsili pilləsində keçid üçün

müraciət və ixtisas seçimi

3.1. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsili pilləsində keçid üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd qəbulu sistemində (bundan sonra – elektron sistem) “Elektron ərizə”ni dolduraraq təsdiq etməlidirlər.

3.2. Peşə təhsili pilləsində keçid üçün ixtisas seçimi elektron ərizə doldurulan zaman həyata keçirilir.

3.3. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisaslar üzrə vakant yerləri müəyyənləşdirir və istədikləri ardıcıllıqla ixtisas seçimini edirlər.

3.4. Peşə təhsili pilləsində keçidüçün müraciət etmiş şəxslər maksimum 5 (beş) ixtisas seçmək hüququna malikdirlər.

4. Sənədlərin baxılması və müsabiqənin keçirilməsi

4.1. Elektron ərizə qəbulu prosesi yekunlaşdıqdan sonra ərizəçilərin elektron sistem tərəfindən ixtisas seçimlərinin düzgün olub-olmadığı müəyyən edilir.

4.2. İmtina üçün əsas olmadıqda, məzunun peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilməsinə dair qərar qəbul edilir.

4.3. Keçid üçün ərizələrin sayı vakant yerlərin sayından çox olduqda, müraciət edənlər arasında müsabiqə seçimi aparılır. Müsabiqə seçimində aşağıdakı göstəricilərdən

4.3.1. ixtisas fənləri və istehsalat təlimi dərsləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

4.3.2. ixtisas üzrə iş stajı;

4.3.3. işəgötürənlər tərəfindən göndəriş.

4.4. Peşə təhsilinin növbəti səviyyəsinə keçidlə bağlı məlumat ərizəçinin elektron şəxsi kabinetində yerləşdirilir, eləcə dəərizəsində göstərdiyi elektron poçt ünvanına və ya əlaqə telefonuna bu barədə mesaj göndərilir, əvvəltəhsil aldığı peşə təhsili müəssisəsinə isə şəxsi işin müvafiq peşə təhsili müəssisəsinə göndərilməsi ilə bağlı müraciət olunur.

4.5. Peşə təhsilinin növbəti səviyyəsinə keçmiş şəxsə onun müraciəti əsasında məzun olduğu peşə təhsili müəssisəsi tərəfindən 3 (üç) iş günü müddətində akademik arayış (akademik transkript) verilir.

4.6. Peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilmiş şəxs 10 (on) iş günü müddətində qəbul olunduğu peşə təhsili müəssisəsinə aşağıdakı sənədləri şəxsən təqdim edir:

4.6.1. peşə təhsili haqqında dövlət sənədinin əsli;

4.6.2. akademik arayış (akademik transkript);

4.6.3. şəxsiyyət vəsiqəsinin surəti;

4.6.4. sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

4.6.5. hərbi bilet və ya çağırışçı şəhadətnaməsi.

4.7. Bu Qaydanın 4.6-cı bəndində göstərilən müddətdə sənədlərin peşə təhsili müəssisəsinə təqdim edilməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

4.8. Tələbənin şəxsi işi alındıqdan sonra onun keçdiyi peşə təhsili müəssisəsində tələbələr sırasına daxil olması barədə müvafiq tədbirlər həyata keçirilir.

4.9. Müsabiqənin nəticələri ilə bağlı ərizəçilər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət edə bilərlər və ya bununla bağlı inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərlər.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 19 aprel.- S.9.