Uğur formulu: sabitlik

güclü iqtisadiyyat

 

Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı ­davam etdirək.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyevin son 16 ildə ulu öndərin strategiyasından qaynaqlanan sosial-iqtisadi siyasəti keyfiyyətcə yeni prioritetləri müəyyənləşdirərək, innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirib, yüksək rəqabət qabiliyyətli və diversifikasiya olunan iqtisadiyyatın formalaşmasını sürətləndirib. Azərbaycanda yaradılan böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edib.

Dövlət başçısı tərəfindən təsdiqlənən, başlıca məqsədi isə uzunmüddətli perspektivdə ölkənin davamlı sosial-iqtisadi inkişafının reallaşdırılması ilə yüksək sosial rifah olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ və bilik iqtisadiyyatının formalaşması, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin artırılması, investisiyaların cəlbi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqi və iqtisadi zəmin yaradıb.

Respublikada reallaşdırılan iqtisadi siyasətin və islahatların davamlılığını gerçəkləşdirmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilib. Bu mühüm sənəd iqtisadiyyatın bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edib.

 

Regional inkişaf dönməz xarakter alıb

 

Dövlət Proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Ölkə rəhbərinin şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması bölgələrin sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafına mühüm təsir göstərib.

Regionların inkişafında Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqroparkın, habelə iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişafını sürətləndirib. İxracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 20-dən çox ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 20-ə yaxın beynəlxalq sərgiyə vahid ölkə stendi ilə qoşulub. Bu missiyalar zamanı imzalanan müqavilələrə əsasən, 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib.

Özəl bölmənin tərəqqisi məqsədilə 2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlərin 70 faizi regionların payına düşüb, ötən il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat güzəştli kredit ayrılıb.

Son 16 il ərzində gerçəkləşdirilən mühüm sosial-iqtisadi layihələr sayəsində Azərbaycan iqtisadiyyatının inkişafına və dayanıqlılığına nail olunub. Bu müddətdə respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, hazırda isə beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirir. Bütün bunların nəticəsində Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib.

Sözügedən dövrdə yeni sənaye müəssisələrinin yaradılması ölkəmizin ümumi inkişafına böyük təkan verib, dövlətimizin qüdrətini artırıb, müstəqilliyimizi möhkəmləndirib. Respublikada reallaşdırılan nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib.

Azərbaycanda böyük gəmiqayırma zavodu işə salınıb. Bu müəssisə hazırda bütün növ gəmilər istehsal edə bilmək gücündədir. İstifadəyə verilən Ələt Dəniz Ticarət Limanı isə Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır.

Bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu istismara buraxılıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınını təmin edib.

“ASAN xidmət” kimi Azərbaycan brendi dünyaya təqdim olunub və bu, beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Mənzil İnşaatı Dövlət Agentliyinin – MİDA-nın fəaliyyətə başlaması ilə vətəndaşların sosial evlərlə təminatı məsələsi də öz həllini tapıb.

 

Sosialyönümlü siyasətin uğurlu statistikası

 

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi yolu ilə iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına önəm verən ölkə Prezidenti İlham Əliyev regionların sürətli inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır, müntəzəm olaraq bölgələrə səfər edir. Həmin səfərlər çərçivəsində yerlərdə görülmüş işlərlə yaxından tanış olan dövlət başçısı sakinlərin də rəyini nəzərə alır, onları narahat edən məsələlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

Son 15 ildə görülən işlərdən danışarkən, statistik rəqəmlərə də nəzər salmaq istərdik. Belə ki, bu dövrdə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. Eyni zamanda, aparılan uğurlu siyasət nəticəsində ölkəmizə təxminən 250 milyard dollar həcmdə investisiya qoyulub və bunun yarısını xarici sərmayə təşkil edib.

Bu müddətdə dövlət siyasətinin sosialyönümlü olması da prioritet istiqamət təşkil edib. Məhz elə buna görə də sözügedən dövrdə 2 milyon yeni iş yeri yaradılıb. Maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artıb, 3 min 200-dən çox məktəb, 640 tibb müəssisəsi əsaslı təmir edilib və ya yenidən tikilib. Bölgələrdə 44 olimpiya mərkəzi açılıb.

Bütün bunlarla bərabər, məcburi köçkünlərin problemlərinə mühüm önəm verilib, son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilib.

Əhalinin rahatlığı ilə bərabər, istifadəyə verilən yol və körpülər bölgələrdə sahibkarlığın və turizmin inkişafını sürətləndirərək, iqtisadi canlanmaya zəmin yaradıb.

Ötən il ərzində ölkənin avtomobil yollarının tikintisinə və saxlanılmasına 1,7 milyard manat vəsait yönəldilib, 2 min kilometrdən çox avtomobil yolu salınıb, 25 yolötürücüsü, 32 körpü və 4 tunel inşa edilib. Ümumilikdə isə 2004-cü ildən indiyədək 20 min kilometrə yaxın avtomobil yolu istifadəyə verilib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb.

 

İqtisadi islahatların yeni mərhələsi

 

Son bir il iqtisadiyyatımızda islahatların dərinləşməsi kimi yadda qalıb. Həmin müddətdə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, investisiya mühitinin daha da yaxşılaşdırılması, xüsusən də iş adamları üçün yeni imkanların, o cümlədən güzəştli kreditlərə çıxış imkanlarının artırılması, eyni zamanda, idarəetmə sistemində çevikliyin artırılması ilə bağlı struktur islahatlarının genişləndirilməsi deməkdir.

Həyata keçirilən iqtisadi islahatlar, gömrük və vergi sahəsində şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib. Məhz bunun nəticəsidir ki, cari ilin ilk ayında vergi orqanları tərəfindən büdcəyə plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları tərəfindən isə 20 milyon manatdan çox vəsait keçirilib. Sahibkarlığın İnkişafı Fondunun xətti ilə il ərzində 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kredit ayrılıb. İpoteka və Kredit Zəmanəti Fondu hesabat dövründə ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib. Həmin fond 17 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib. Belarus, Çin, Ukrayna, Latviya və Polşada Azərbaycan Ticarət evləri fəaliyyətə başlayıb. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada da Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artıb. İnvestisiya təşviqi proqramı çərçivəsində reallaşdırılan layihələrin dəyəri 2,8 milyard manata çatıb. Kənd təsərrüfatı sahəsində çalışanlara 370 milyon manat məbləğində subsidiya və güzəştlər verilib.

Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Dövlət başçısının “Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək” strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır.

 

Antiazərbaycan qüvvələrin

çirkin kampaniyası iflasa uğrayır

 

Göründüyü kimi, son 16 il ərzində respublikada ictimai-siyasi sabitlik, dayanıqlı və dinamik inkişaf bərqərar olub. Dövlət başçısı çıxışlarının birində bu uğurların təməlində “xalq-iqtidar” birliyinin, əmin-amanlığın dayandığını diqqətə çatdırıb: “Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.

Əldə edilən sosial-iqtisadi uğurlar, həmçinin həyata keçirilən müdrik xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına öz müsbət təsirini göstərib, ölkəmizi regionun və dünyanın aparıcı qüvvəsinə, əsl söz sahibinə çevirib. Respublikamızla ikitərəfli əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artıb.

Fransanın “Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğuda da dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən reallaşdırılan təkmil islahatlara xalqın dəstəyi öz ifadəsini tapıb. Azərbaycanda “xalq-iqtidar” birliyinin getdikcə güclənməsi diqqətə çatdırılıb. Bütün bunlar isə Azərbaycanın müstəqil siyasətinə, davamlı uğurlarına qısqanclıqla yanaşan daxili və xarici antiazərbaycan qüvvələri narahat etməyə başlayıb. Amma onlar bütün cəhdlərinin, çirkin niyyətlərinin heç bir nəticə verməyəcəyini anlamırlar. Başa düşmürlər ki, əldə edilən möhtəşəm uğurların əsasında “xalq-iqtidar” birliyi dayanan Azərbaycan dövlətini heç bir çirkin məqsədlə sarsıtmaq mümkün deyil. Nə qədər cəhd göstərsələr də sonda uğursuzluğa düçar olacaqlar.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2019.- 23 aprel.- S.1-2.