Qubada meyvəçiliyin inkişafı sürətlənir

   

Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Quba respublikamızın  ən iri və ənənəvi meyvəçilik rayonudur. Bu yerlərin torpağı, havası, suyu lap əzəldən meyvəçiliyin inkişafı üçün əlverişli şərait yaradıb. Bölgənin sadə, torpağa bağlı fədakar insanları bağlarda böyük həvəslə çalışaraq, son illər bol məhsul almağa nail olurlar. Qubalı meyvəçilərin uğurları, ilk növbədə, dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olur.

 Bu il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə üzrə keçirilən müşavirədə qeyd olunub ki, ölkəmizdə son illər sənaye sektoru ilə yanaşı, qeyri-neft sahəsi də uğurla inkişaf edir. Dövlət başçısı çıxışında vurğulayıb ki, Azərbaycanda bu il kənd təsərrüfatında rekord göstərici əldə edilib. Bu, aparılan islahatlar nəticəsində mümkün olub.

Azərbaycanda taxıl istehsalının bu ilin 6 ayında 40 faiz artdığını vurğulayan ölkə Prezidenti çıxışında sonra deyib: “Digər məhsulların istehsalı da artıb. Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, tərəvəz 14 faiz. Yəni, ixracımız da artır  və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasətimizi apararaq özümüzü daha böyük nəticələrə çatdıracağıq”.

Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov öz növbəsində bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar üzrə tədbirlər uğurla davam etdirilir. Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıq sahələrində artım müşahidə olunur.   

Qeyd etmək lazımdır ki, ötən il “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan bu mühüm sənəddə meyvəçiliyin regionlar üzrə ixtisaslaşması, meyvə emalı müəssisələrinin yaradılması, meyvə qurusu istehsalı sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müvafiq tədbirlər nəzərdə tutulub.

Dövlət proqramında meyvə istehsalı sahəsində mövcud potensialdan tam istifadə edilməsi nəzərdə tutulur. Kənd təsərrüfatı naziri İ.Kərimov qeyd edib ki, meyvəçilik ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əməktutumlu önəmli bir sahədir. Müasir dünyada intensiv bağçılıqdan geniş istifadə olunur. Biz də minimum ərazilərdə maksimum məhsuldarlıq əldə etməyə çalışmalıyıq. Bu sahədə fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var.

Təqdirəlayiq haldır ki, Qubada son iki ildə meyvəçilik sahəsində də xüsusilə müsbət nəticələr əldə edilmişdir. Belə ki, 2018-ci ildə rayonda bağlardan rekord miqdarda - 115 min 776 ton alma, 3 min 55 ton armud, 2 min 503 ton gilas, 2 min 249 ton gavalı,126 ton şaftalı, 208 ton fındıq və 291 ton qoz tədarük edilib. Bu il qubalı bağbanlar daha böyük göstəricilərə nail olmaq əzmindədirlər.

Hazırda Quba rayonunda, ümumilikdə, 17 min 900 hektar meyvə bağı var. Son illər rayonda super intensiv meyvə bağlarının sahəsi artırılaraq 1800 hektara çatdırılıb. Bu bağların 1000 hektarında alma əkilib.

Quba rayonunun İkinci Nügədi kəndindən olan sahibkar Adəm Əhmədov bildirib ki, ölkəmizdə aqrar sektorun inkişafı üçün atılan uğurlu addımlar sahənin inkişafını təmin etməklə bərabər, bu sahədə çalışan insanların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olur.

Fermer deyib:

– Bizim 270 hektar meyvə bağımız da var. Burada alma, gavalı, alça və başqa meyvələr yetişdiririk. Qubada fermerlər alma bağlarından əllərini üzmüşdülər. Satışda, texnika ilə təminatda problemlər var idi. Artıq bu çətinliklər arxada qalıb. Yeni texnologiya və metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olmuşuq.

Qubalı sahibkar sonra bildirib ki, o, şəxsən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib.  Bu, isə onun işini xeyli asanlaşdırıb. Gələcəkdə bağların məhsuldarlığını daha da artırmaq, daha böyük hədəflərə nail olmaq arzusundadır.

A.Əhmədov qarşıya qoyduğu hədəflərə nail olacağına əmindir. Çünki özünün qeyd etdiyi kimi, hər zaman arxasında dövlətin dəstəyini hiss edir.

Məlum olduğu kimi, ötən il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər. Ölkə Prezidenti Qubada bir sıra mühüm istehsal və sosial obyektlərin açılışında iştirak etmiş, ölkə ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Dövlətimizin başçısı Qubaya səfəri çərçivəsində  Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə də yaxından tanış olmuşdur.  Qeyd edək ki, institut 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutda 59 işçi çalışır, onların arasında elmlər və fəlsəfə doktorları var. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamına əsasən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib.

İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.

Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev fəxrlə bildirdi ki, möhtərəm Prezident İlham Əliyev 2018-ci ilin oktyabr ayında Qubaya səfərindən sonra rayonun sosial-iqtisadi inkişafına ciddi təkan verəcək 4 mühüm sərəncam imzalamışdır. Bu sərəncamlar Quba sakinlərinə böyük hörmət və rəğbətin ifadəsidir. RİH başçısının fikrincə, “Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında”, “Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, “Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı” və “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncamlar rayonun gələcək inkişafında çox mühüm rol oynayacaq.

Quba rayonu ərazisindəki ən bol sulu çaylardan biri olan Qaraçayın sol sahili boyu Birinci Nügədi kəndinin meyvə bağları, taxıl, yonca, örüş sahələri yerləşir. Kənd sakinlərinin çoxu buradakı pay torpaqlarında əsasən meyvə yetişdirirlər.

1980-ci illərin sonlarında uzun onillər boyu sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlayan Aslan Yusifov bir neçə ildən sonra doğma kəndi tərk edib şəhərə getməli oldu. Aslan Bakıya gəlib Xəzər Dəniz Gəmiçiliyinin yük gəmilərinin birində matros kimi işləməyə başladı. Amma doğma kəndi üçün, ailəsinə görə çox darıxırdı. Etiraf edir ki, düz 15 il o, intəhasız okean sularında üzən gəmilərdə hansı ölkəyə, hansı şəhərə üz tutdusa, qəlbində doğma torpağın nisgilini apardı.

Nəhayət, bir neçə il əvvəl kəndə qayıdıb pay torpaqlarında fermer kimi çalışmağa başladı. İndi işindən-gücündən çox razıdır. Dövlət elə şərait yaradıb ki, onun və başqa fermerlərin rayonda kredit, gübrə, texnika ilə bağlı heç bir çətinlikləri yoxdur. Fermerin sözlərinə görə, ilbəil sahələrdən bol məhsul topladığı üçün ailəsinin dolanışığı da xeyli yaxşılaşıb.

Fermer Aslan Yusifovu ən çox sevindirən həm də odur ki, bu gün onun doğma kəndi, bütövlükdə Quba rayonu günbəgün gözəlləşir, tərəqqi edir. Fermer Aslan Yusifov dedi:

– Bu gün Quba Azərbaycanın ən gözəl rayon mərkəzlərindən biridir. Rayonumuzda heç vaxt belə gözəl, rahat yollar olmayıb. Son vaxtlar rayona, eləcə də bizim kəndə gələn turistlərin sayı da artıb. Hətta qış aylarında da gəlib bu yerlərin əsrarəngiz gözəlliklərindən zövq almaq istəyənlər az deyil.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2019.- 11 avqust.- S.6-7.