İnam, etimad və sevgiyə

haqqı olan xanım lider

 

Mehriban Əliyevanın UNESKO-nun xoşməramlı səfiri seçilməsindən 15 il keçir

 

Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, … Mehriban Əliyeva UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın, eyni zamanda, səfiri olsun. Bu, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Son zamanlar elə bir gün olmur ki, ölkənin və regionun kütləvi informasiya vasitələri onun ictimai-siyasi fəaliyyətinin hansısa sahəsi ilə bağlı məlumat verməsin. Gah onu mükafatlandırırlar, gah o kimlərəsə qayğı və ya himayədarlıq göstərir, gah beynəlxalq tədbirlərdə iştirak edir, gah da sadə insanların, qayğıya möhtac olan uşaqların arasında olur. Elə yola saldığımız bayram günləri kütləvi informasiya vasitələri onunla bağlı bir neçə mühüm xəbər yaydı.

Avqustun 11-də mətbuatda oxuduq ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Elə həmin gün məlumat verildi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılmasına başlanılıb. Bakının rayonları, eləcə də respublikanın bütün regionlarını əhatə edən layihə zamanı 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edilib, onlara qurban payları verilib. Heydər Əliyev Fondunun əməkdaşları və fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bütün rayonlarda ünvanlı sosial yardım alan növbəti ailələrə baş çəkib və qurban payları çatdırıblar.

Avqustun 13-də bildirildi ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.

Avqustun 14-də kütləvi informasiya vasitələri yazdılar ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsindəki paylaşımda xalqımızın ümummilli lideri haqqında dəyərli fikirlər vardır: “Heydər Əliyev bütün ömrü boyu xalqına, Vətəninə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük… Heydər Əliyevin nailiyyətləri və qələbələri Azərbaycan tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır”.

Bəs bu qəbildən olan xəbərlərin ildən-ilə və ya aydan- aya deyil, hər gün artmasının səbəbi nədir? Bu sualın cavabını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının 21 fevral 2017-ci il tarixli iclasında ətraflı şəkildə vermişdi. Xatırladaq ki, dövlət başçımız həmin iclasda yeni təyin edilmiş Birinci vitse - prezident Mehriban xanım Əliyevanı təqdim edərək demişdi ki, Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. O, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.

O zaman vurğulanmışdı ki, Mehriban Əliyeva 2004-cü ildən ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, həm də regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Bu fondun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.

Heydər Əliyev Fondunun bilavasitə Mehriban xanımın təşəbbüsü ilə reallaşdırılan layihələrinin hər biri ayrılıqda bir yazının mövzusudur. Məsələn, onun mədəniyyətlə, incəsənətlə bağlı layihələri xalqımızın mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Dəyərli və misilsiz sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur.

Ancaq Mehriban Əliyevanın ictimai-siyasi həyatdakı fəaliyyəti daha böyük rezonans yaradır. Belə ki, o, Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və onun bu fəaliyyəti dünyanın idman ictimaiyyətinin gözü qabağındadır. 2012-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə alınması da Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində olmuşdur. İki il yarım ərzində bu yarışları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır. Bütün bunları nəzərə alan dövlət başçımız IV İslam Həmrəyliyi Oyunlarının təşkilini də Mehriban Əliyevaya həvalə etmişdi və nəticələr hamıya məlumdur.

Mehriban Əliyeva UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasına önəmli töhfələr verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Bu gün istənilən soydaşımız ona böyük rəğbət və sevgi ilə yanaşır.

15 il əvvəl – avqustun bu günlərində Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə UNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, həmçinin, iki mötəbər mükafata -- Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və UNESKO-nun “Qızıl Motsart” medalına, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalına, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyəçilik fəaliyyətinə, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna, Rusiyada “Müqəddəs Mələksima Knyaginya Olqa” ordeninə, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə layiq görülüb.

Heydər Əliyev Fondu məhz Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal Sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci dünya müharibəsində dağılmış Berlin Şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin də beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Moskva, Berlin, Strasburq, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Vaşinqton, Nyu York, Varşava, London, Dubay, Haaqa, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyaların keçirilməsi, xarici ölkələrdə fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyaların nümayiş olunması, fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitablarının dünya ölkələrində paylanması beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması işinə xidmət edir, töhfələrini verir.

Bu gün istənilən soydaşımız onun ictimai-siyasi fəaliyyəti barədə söz açarkən fəxrlə deyə bilir ki, Mehriban Əliyeva Azərbaycan qadınının həqiqi obrazını bütün dünyaya tanıtmış, Şərq xanımlığının ən ali nümunəsini yaratmışdır.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2019.- 15 avqust.- S.1; 3.