Çəltikçiliyin inkişafı idxaldan asılılığı

aradan qaldırmağa imkan verəcək

 

Son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı və əhalinin düyüyə olan tələbatının ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülmüş, müsbət nəticələr əldə olunmuşdur. Başlıcası isə sahəyə dövlət dəstəyi daha da gücləndirilmiş, fermerlərin çəltik istehsalına marağı artmışdır.

 

Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin fevral ayında imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu baxımdan atılan mühüm addım sayılmalıdır. Bu proqram eyni zamanda, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məramına xidmət edir. Xatırladaq ki, bundan əvvəl, “2008–2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində də ölkə ərazisinin müxtəlif regionlarında dənli və dənli-paxlalı bitkilərin, o cümlədən çəltikçiliyin inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulmuş, bu istiqamətdə müvafiq işlər həyata keçirilmişdir. Həmçinin buğda və çəltik əkini sahəsinin becərilməsində istifadə edilən yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün maddi yardımlar verilməsi, aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən digər tədbirlər bu sahəyə istehsalçıları daha da həvəsləndirmişdir.

Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Çəltik əkinçiliyi əsasən Lənkəran və Aran iqtisadi rayonlarında aparılır. Tarixən ölkəmizdə keyfiyyəti ilə seçilən, müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənmiş “ ənbərbu”, “Vilgəri”, “Haşimi”, “Sədri”, “ qılçıqlı” və digər yerli sortlar becərilmişdir. İqtisadi şəraitlə əlaqədar olaraq ölkəmizdə çəltiyin əkin sahəsi illər üzrə müxtəlif olmuşdur. Məsələn, 1927-ci ildə çəltik sahələri 54 min hektara çatmışdır. Lakin sonralar tərəvəzçiliyin inkişafı səbəbindən bu tendensiya azalmış, yalnız 1995-ci ildən başlayaraq çəltik əkinləri genişlənmişdir. 2016-cı ildə 2,5 min hektarda çəltik əkilmiş və 5,6 min ton məhsul yığılmışdır. 2017-ci ildə isə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5,1 min hektara çatdırılmış, ölkə üzrə 15,9 min ton məhsul toplanmış və orta məhsuldarlıq 31,1 hektar olmuşdur. Artıq 12 rayonda çəltikçilik inkişaf etdirilir.

Ötən il təkcə Lənkəranda 826 hektarda çəltik əkilmiş, bu il çəltik sahələri 1000 hektara çatdırılmışdır. Eyni zamanda, yığılacaq məhsulun emalı üçün müasir tipli, sayca 3-cü çəltik zavodu artıq istifadəyə verilmişdir. Aqronom Fərman Abdullayev çəltikçilik sahəsi ilə ciddi məşğul olan mütəxəssislərdəndir. Onun sözlərinə görə, hazırda əkin sahəsini 160 hektara çatdıran təsərrüfatda üç sortdan - “Haşimi”, “Sədri” və “Apola” sortlarından istifadə olunur.

– Möhtərəm Prezidentimizin ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına yönəlmiş addımları bizi çox sevindirir. Hələ inişil sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində cənab İlham Əliyev bizə hər vasitə ilə köməklik göstərilməsi məsələsini önə çəkmişdir. Həmin ilin dekabrında isə rayonumuzda ilk dəfə olaraqÇay, çəltik və sitrus festivalı” təşkil olunmuşdur. Bu tədbirə yerli fermerlərlə yanaşı, bir çox rayonlardan olan kənd təsərrüfatı məhsulları istehsalçıları, eləcə də çoxsaylı xarici qonaqlar təşrif gətirmişdilər. Bolluq, bərəkət rəmzi olan bayram ovqatlı, çal-çağırlı festivalla bağlı təəssüratlarımız hələ də təzə-tərdir.

Bu yaxınlarda Bakıda sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də dövlət başçısı çayçılıq, sitrusçuluq, tərəvəzçilik və çəltikçilik sahələrini daha da genişləndirmək zərurətini bir daha qeyd edib. Biz yaradılan münbit şəraitdən lazımınca bəhrələnirik. Təsərrüfatımızda məhsuldarlıq hər hektardan 45-75 sentner təşkil edir. İstehsal olunan çəltik emal edildikdən sonra 1, 3, 5, 25 kiloqramlıq qablaşdırmada bazara çıxarılır. Hazır məhsulun satışı hələlik daxili bazarda həyata keçirilir. “Lənkəran düyüsü” adı ilə topdansatış qaydasında sort keyfiyyətinə uyğun olaraq münasib qiymətlərə təklif olunur. Alıcılıq qabiliyyəti də yüksəkdir.

Ölkəmizdə çəltikçiliyin inkişafı ilə bağlı atılan daha bir müsbət addım Azərbaycan Çəltikçilik Assosiasiyasının Lənkəran rayonunun Siyavər kəndində toxumluq çəltik təsərrüfatı yaratmasından ibarətdir. Bu təsərrüfatın təşkilindən məqsəd elit çəltik toxumlarını əldə etmək və az sahədə yüksək məhsuldarlığa nail olmaqdır. Bundan ötrü təsərrüfat üçün 75 hektar əkin sahəsi ayrılıb. Toxumluq çəltik əkininə qonşu İran İslam Respublikasından dəvət olunmuş mütəxəssislər də cəlb ediliblər.

Burada əkindən əvvəl torpağın tərkibini öyrənmək üçün aqrokimyəvi analizləri aparılır. Daha sonra relyefiqlim şəraitinə uyğun texnikanın köməyi ilə torpaq əkinə hazırlanır. Xüsusi qoşqular vasitəsilə torpaq saatlarla qarışdırılır ki, bu zaman alaq otları da parçalanaraq gübrəyə çevrilir. Biçinə 15-20 gün qalmışa qədər həmin çəltik sahələri daim su ilə təmin edilir. Müasir yanaşma metodları gələcəkdə 1500 hektar sahədə yüksək keyfiyyətli çəltik əkini aparmağa imkan verəcək.

Astarada çəltik istehsalı ilə məşğul olan ən böyük müəssisə “AstaraçayMMC-dir. 2010-cu ildə fəaliyyətə başlayan müəssisədə yaşıl çay yarpağı plantasiyalarının salınması, çay istehsalı və emalı ilə paralel olaraq sitrusçuluq və çəltikçilik də inkişaf etdirilir. 2014-cü ildə Lənkəran rayonunun Girdəni kəndində 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkininə başlayan müəssisənin kollektivi 2016-cı ildə bu sahəni 98 hektara çatdırıb. Artıq müəssisənin çəltik əkini coğrafiyası da genişləndirilib: Astara, Lənkəran və Biləsuvar rayonlarında çəltik əkini aparan müəssisə sahələrini 1000 hektara çatdırıb. Ötən il çəltik sahələrindən bol məhsul götürülüb. Müəssisənin çəltik sahələrində əsasən “Haşimi”, “Akula”, “Meko”, “Okean” və “Qara düyü” növləri əkilir. Əkin, becərilmə və yığım zamanı ölkəmizdə ilk dəfə olaraq müasir texnikadan istifadə edilir. Müəssisənin balansında neçə-neçə “Laverdo” çəltikyığan kombaynı, torpaq sahələrini hamarlayaraq əkinə hazır vəziyyətə gətirən “Lazer” qurğuları, “Neo-Holland”, “Landino” və “Klass” traktorları, “Neo-Hollandekskavatoru, beşağızlı kotanlar, torpağıdoğrayan disklər, dizel qurğusu var.

Yetişdirilmiş çəltik məhsulları rayonun Kakalos kəndində inşa edilmiş düyü emalı sexində çeşidlənərək 25, 5 və 1,8 kiloqram çəkilərdə satışa çıxarılır. Astara düyüsü ölkəmizdə və xaricdə kənd təsərrüfatı sərgilərində uğurla nümayiş etdirilir. Azərbaycanın xarici ölkələrdə açdığı ticarət mərkəzlərində “Made in Azerbaijanbrendi ilə Astara düyüsü də satılır.

Ekoloji cəhətdən təmiz olan bu düyünün üstünlükləri barədə məlumat verən “AstaraçayMMC-nin kənd təsərrüfatı departamentinin rəisi, baş aqronom İsrafil İsrafilov deyib:

Prezidentimizin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli sərəncamına uyğun olaraq, ölkəmizdə çəltikçiliyin inkişafına dair ayrıca sənədin də qüvvəyə minməsi bu sahənin potensial imkanlarından daha səmərəli istifadə məqsədini güdür. Son müşavirə bu sahədə qarşımızda duran üfüqləri daha da genişləndirib.

Lənkəran–Astara zonasında subtropik torpaq-iqlim şəraitində yetişdirilən düyü dadı və xüsusi ətrinə görə dünyada yetişdirilən düyülərdən fərqlənir. Bu məhsul tam təbiidir, onun əkinində, becərilməsində gübrələrdən və kimyəvi maddələrdən istifadə edilmir. Ölkəmizin cənub bölgəsinin torpaqları insan orqanizmi üçün xeyirli maddələrlə zəngindir. Bütün bunlara görədir ki, ekoloji cəhətdən təmiz olan Astara düyüsünə tələbat get-gedə artır.

Masallı fermeri Həbib Abiyev rayonda çəltikçiliyin dirçəldilməsinə zəhmət sərf edənlərdəndir. Ötən il bol, ətirli və keyfiyyətli məhsul əldə edib. Bu il təsərrüfat sahəsindən daha çox məhsul gözləyir. Onun dedikləri:

– Ənənəvi sahələrin inkişafına dövlət dəstəyi iqtisadi tərəqqiyə güclü stimul verir. Prezident İlham Əliyev çayçılıq, sitrusçuluq və çəltikçiliyi genişləndirməyi daim tövsiyə edir. Ötən ilin sentyabrında dövlətimizin başçısı şəxsən bizim “Masallı nemətləri” MMC-nin açılış mərasimində iştirak edərək onun işinə öz xeyir-duasını vermişdir. Bu il iyulun 31-də Bakıda sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə də Azərbaycan rəhbəri bu sahələrin inkişafına hərtərəfli dəstək göstərilməsi barədə tapşırıqlarını verdi.

Rayonumuzda da çəltikçiliyin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, keçən il 302 hektarda çəltik yetişdirilmiş, orta məhsuldarlıq 33,5 sentner olmaqla 1010 ton məhsul istehsal edilmişdir. Burada çəltiyin əsasən “Haşimi”, “Apola”, “Okean”, “Sədri” və “Şirudi” sortları yetişdirilir.

Bir neçə il əvvələdək çəltik respublikamızda, eləcə də Masallı rayonunda primitiv yolla əkilib-becərilirdi. Artıq bu sahədə çətinliklər aradan qaldırılıb. “Masallı nemətləri” MMC tərəfindən çəltik əkini üçün zəruri olan bir sıra müasir texnika (konveyer, lazerhamarlayıcı, çəltik şitili əkən aqreqat) alınaraq rayona gətirilmişdir. Yeni istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.

Çəltikçilikdə su təminatı vacib amildir. Keçən ildən fərqli olaraq, hazırda su hövzələrində kifayət qədər su ehtiyatı var. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin və Viləş Su Anbarı İstismar İdarəsinin mütəxəssisləri birlikdə kənd təsərrüfatı bitkilərinin vaxtında suvarılması məqsədilə lazımi tədbirlər görmüşlər. Məhsuldarlıqla bağlı nikbin proqnozlar verilir.

Kənd təsərrüfatı naziri İnam Kərimov respublika müşavirəsindəki çıxışında bildirmişdir ki, aqrar islahatlar üzrə tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıq sahələrində artım müşahidə edilir. Bu il bizim qarşımızda duran əsas vəzifələrdən biri fermerlərin daim yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir. Nazirin dilindən bu sözləri eşitmək fermerləri daha da ruhlandırır. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və kənd təsərrüfatı sahəsində ixrac potensialının yaxşılaşdırılmasına imkan verəcək.

Qeyd edək ki, ölkəmizin düyüyə olan illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. İdxalı azaltmaq üçün çəltikçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər daha da gücləndirilir və bu sahənin inkişafına mühüm təkan verilir. Düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirmək aktual məsələlərdəndir. 2025-ci ildə orta məhsuldarlıq 40 hektar olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2019.- 16 avqust.- S.6.