Günay teatr-studiyası

Latviya müsabiqəsində iştirak edib

 

Bakı Uşaq Teatrının Günay teatr-studiyası avqustun 18-19-da Latviyada keçirilən AMBERSTAR 2019 beynəlxalq incəsənət müsabiqəsində iştirak edib. Müsabiqə müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə Riqa-Stokholm-Riqa kruiz turu ilə səyahət edən gəmidə keçirilib.

Müsabiqədən əvvəl Günay studiyasının gənc artistləri Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə Latviya Universitetində baş tutmuş tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Azərbaycanın zəngin teatr ənənələri və musiqi mədəniyyəti barədə tamaşaçılara məlumat verib, teatr sənətinin gənclərin estetik tərbiyəsinin formalaşmasındakı rolundan bəhs edib. Bu istiqamətdə Günay teatr-studiyasının fəaliyyətini yüksək qiymətləndirən Z.Dadaşzadə Azərbaycan teatr sənəti ənənələrinin təbliğində onlara uğurlar arzulayıb.

Konsert zamanı Azərbaycanın milli rəqs və musiqi nümunələri ifa edilib, şeirlər səsləndirilib. Xüsusilə "Kitabi-Dədə Qorqud" eposunun motivləri əsasında səhnələşdirilmiş Üç tonqal tamaşası və "Arşın mal alan" operettasından qızların yaylıqla rəqsi tamaşaçıların rəğbəti ilə qarşılanıb.

Proqramın yekununda çıxış edən tədbirin əsas təşkilatçısı, Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimov Günay studiyasının gənc istedadlarına öz təşəkkürünü bildirib, xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin təbliğində bütün soydaşlarımıza uğurlar arzulayıb.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 20 avqust.- S.4.