Zamanın sınaqlarından

üzüağ çıxmış ümummilli qəzet 

 

“Xalq qəzeti”nin 100 yaşının tamam ­olmasını həmişə qəzetimizin ən yaxın müəllifləri, diqqətli oxucuları olmuş yaradıcı ziyalılarımız da böyük maraq və sevinclə qarşılayırlar. Onlar əlamətdar yubileylə bağlı məmnunluqlarını ifadə edir, ürək sözlərini, xoş arzularını çatdırırlar. Nüfuzlu müəlliflərimizdən biri olan, dost münasibətilə fəaliyyətimizə həmişə dəstək verən görkəmli söz adamı – Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca ilə görüşümüzdə sevimli sənətkarımız yeniyetməlik çağlarından daimi oxucusu olduğu qəzetimiz barədə ürək sözlərini belə ifadə etdi:

 

– “Xalq qəzeti”nin 100 yaşının tamam olması təkcə bir redaksiya kollektivinin, sənədli yaradıcılıq sahəsi kimi milli mətbuatımızın deyil, bütövlükdə xalqımızın həyatında, ictimai fikir və mədəni tərəqqi tariximizdə əlamətdar hadisədir.

İlk nömrəsi 1919-cu il avqustun 29-da Azərbaycan Xalq Cümhuriyyətinin söz azadlığı və ideya müxtəlifliyi üçün yaratdığı əlverişli şəraitdə o zaman inqilabiləşmiş dünya üçün cazibədar səslənən “Kommunist” adı ilə işıq üzü görmüş, cümhuriyyətin süqutundan sonra 71 il bu başlıq altında nəşr olunmuş bu qəzet ümummilli söz tribunası rolu oynamışdır. Sovet dövrünün yeganə gündəlik anadilli nəşr olmuş bu qəzet dövlət müstəqilliyimizin astanasında xalqa xidmət məramını üstün mövqeyə qaldıraraq, sonrakı 28 ildə fəaliyyətini “Xalq qəzeti” adı altında davam etdirməkdədir.

Mürəkkəbliyi və ziddiyyətliliyi ilə seçilən 3 epoxanı əhatə edən bu xronikanın özü “Xalq qəzeti”nin son bir əsrlik ictimai-siyasi həyatımızdakı davamlı və önəmli mövcudluğunu, cəmiyyətdəki mövqeyini və rolunu yığcam və ümumi şəkildə nişan verir.

– Fikrət müəllim, bu 100 il indiki nəsillərə nələri söyləyir?

Əvvəla, “Xalq qəzeti”nin 100 yaşa çatması onun zaman-­zaman fərqli baxışların təmsilçiləri olmuş bir neçə nəsil kolektivinin ortaq hədəfinin – Azərbaycan coğrafiyasına və milli-mədəni tərəqqiyə bağlı fəaliyyətinin bir əsrlik davamlılığının tarixən nadir sayılacaq göstəricisidir. 3 epoxadan keçib gələn 100 yaşlı bir qəzetin varisi olmaq şərəfi “Xalq qəzeti”nin indiki kollektivinə nəsib olub. Bu, olduqca öyünclü bir hadisədir. Milli mətbuatımızın və redaksiyanın ən yaxşı ənənələrini yaşadan və müstəqiliyimizin bərpasının bəxş etdiyi söz azadlığı dəyərləri ilə zənginləşdirən xalq qəzetçiləri bu nailiyyətə və qismətə görə alqışlanmağa layiqdir.

İkincisi, milli mətbuatımızın yaranmasından 44 il ­sonra ərsəyə gəlmiş bu qəzetin fəaliyyətinin bugünədək davam etməsi və 29 min 160 sayının işıq üzü görməsi onun milli jurnalistikamızda ən üzunömürlü və ən çox nömrəsi işıq üzü görən bir dövri nəşr olduğundan xəbər verir. Bu baxımdan “Xalq qəzeti”nin 100 yaşa ­çatması ümummədəni bir hadisə, Azərbaycan jurnalistikasında diqqətçəkən bir tarixdir.

Nəhayət, Azərbaycan cəmiyyətinin avanqard qəzeti olaraq ötən bir əsrdə həyatımızın bütün sahələrində baş verən yenilikləri, dövlətin və ictimai fəaliyyətin əsas yönlərini, milli-mədəni varlığımızın sevindirici fakt və hadisələrini, yurdumuzdan görünən dünyanı və xarici aləmdə əks-səda yaradan Vətənimizi, eləcə də tariximizin “ağ ləkə”lərinə çevrilmiş arzuolunmaz halların səs-sorağını, əhatəli və canlı salnaməsini yaradan yeganə mükəmməl mətbuat orqanı olaraq “Xalq qəzeti” ümummilli səciyyə və önəm daşıyan mötəbər bir informasiya-bilgi mənbəyidir. Bu baxımdan isə “Xalq qəzeti”nin onilliklərdən keçib ikinci yüzilliyə daxil olması siyasi tariximizin və milli-mədəni yaddaşımızın əlamətdar hadisəsidir.

Xalq şairi “Xalq qəzeti”nin 100 illiyi ilə bağlı mülahizələrinin davamında bildirdi:

– Fəaliyyətinin üçdə ikisindən çoxu sovet-kommunist epoxasının sərt, milli təmayülə qısqanc tələbləri çevrəsində keçməsinə baxmayaraq, bu qəzet mümkün olan hər hansı forma və məzmunda Azərtbaycan idealına xidmət göstərmiş, milli məfkurəli ziyalılarımızın xalqla mətbu ünsiyyətinin gur tribunası olmuşdur. Dövlət müstəqilliyimizin bərpası ilə nəticələnən torpaqlarımızın bütövlüyü və demokratiya uğrunda mübarizədə qəzetin kollektivi redaksiya daxilində daim yaşadılmış milli təmayüllü ümumxalq hərəkatının ön xəttinə çıxara bilmişdir. Bu baxımdan “Xalq qəzeti” dövlətçiliyimizin qorunması və bərpası prosesinin fəal iştirakçısı olmuş, suverenliyimizin ilk günlərindən isə fəaliyyətini ümummilli, strateji hədəflərin gerçəkləşdirilməsinə səfərbər etmişdir.

Açıqlamasının yekununda Fikrət Qoca dedi: – Ümumxalq sevgisi və ümumdövlət etimadı “Xalq qəzeti”nin qazandığı ən böyük dəyər və fəaliyyətinə verilən ən böyük qiymətdir. Bütun bu qeyd edilənlər bir daha sübut edir ki, “Xalq qəzeti” xalqımızın taleyində və yaddaşında dərin, silinməz izlər qoymuş, zamanın sınağından üzüağ çıxmış milli mətbuat vasitəsi, ötən bir əsrin sistemli söz saxlancıdır. Bu dərin və sağlam əsaslar qəzeti növbəti əsrin onilliklərinə inamla aparacaq.

Sonda Azərbaycanın yaradıcı ziyalıları, bədii söz adamları və öz adımdan qəzetin milli ideala bağlı, cəmiyyəti nikbinliyə, sabaha inama, çağdaş quruculuğa yönləndirən kollektivini səmimi təbrik edirəm. Arzu edirəm ki, qəzet redaksiyası ötən bir əsrdə yaranmış yaradıcılıq ənənəsini, əldə etdiyi uğurları bundan sonra da ilham və həvəslə davam etdirib zənginləşdirsin.

“Xalq qəzeti”nin hər yeni nömrəsində ümid və arzularımız əks-səda versin. Sevimli qəzetimizin səhifələrindən bundan sonra da xalqımızın xoş sorağı gəlsin!

– Dəyərli sözlərə, səmimi təbrikə, xoş arzulara görə çox sağ olun!

 

Hazırladı:

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.- 29 avqust.- S.6.