Xalqa xidmətdə keçən bir əsr 

 

Müstəqil dövlətçilik tariximizdə öz yeri, çəkisi, nüfuzu olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən “Xalq qəzeti”nin (1991-ci il avqustun 27-dək “Kommunist”) 100 yaşı tamam olur. Yarandığı vaxtdan o dövrün görkəmli, vətənpərvər əhval-ruhiyyəli ziyalılarını ətrafında cəmləşdirən, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideyalarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynayan qəzet savadsızlığın ləğvi, sonrakı dövrlərdə isə Vətənimizin xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi, dövlət orqanları və mətbuatın nüfuzunun yüksəldilməsi uğrunda yorulmadan mübarizə aparıb.

 

Öz dövrü üçün birinci partiya və dövlət qəzeti olan “Kommunist” həmişə tarixi hadisələrin mərkəzində dayanmış, respublikanın gündəlik həyatında baş verən bütün məsələlərin həllində fəal təbliğat vasitəsi olmuş, bununla belə milli təəssübkeşliyini unutmamışdır.

 XX əsrin axırlarında ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən sonra bu mətbu orqan “Xalq qəzeti” adı ilə fəaliyyətini davam etdirmişdir.

 Müstəqillik dövrü milli mətbuatımızın, o cümlədən “Xalq qəzeti”nin öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməsinə yeni imkanlar açmışdır. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Respublikamızın dinamik inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə çoxsaylı informasiya vasitələri ilə rəqabət mühitində “Xalq qəzeti” ümummilli məsələlərin həlli, cəmiyyətin rifahı naminə üzərinə düşən vəzifələri daha böyük əzmlə yerinə yetirmişdir. Qəzetin kollektivi öz obyektivliyi, operativliyi və dürüstlüyü ilə həmişə seçilmiş, öz nüfuzunu qorumuşlar.

 “Xalq qəzeti” Azərbaycan və ümumilikdə dünya jurnalistikasının yüzillərlə formalaşmış peşəkarlıq ənənələrini çox uğurla davam və inkişaf etdirən məktəbdir... İndiyə qədər qələmini, yaradıcılığını burada püxtələşdirən neçə-neçə jurnalist nəsli yetişib və onlar öz yazılarında həyatın, cəmiyyətin bütün məsələlərinin işıqlandırılmasında fəal rol oynayıblar.

 Yüz il əvvəl yaşayıb-yaratmış, xalqın istiqbalı yolunda ömrünü şam kimi əritmiş yazarları kimi, “Xalq qəzeti” bu gün də öz yazılarında tarixlə müasirliyi tutuşdurur, xalqımızın milli dövlətçilik duyğularına xitab edir, ənənə və müasirlik işığında Vətənimizin aydın gələcəyinə yol göstərir.

 Kollektivi 100 illik yubileyi münasibətilə təbrik edir və arzulayıram ki, “Xalq qəzeti” hələ neçə əsr xalqın xidmətində beləcə şərəflə, alnıaçıq, üzüağ dursun.

 

Əhliman ƏMİRASLANOV,

Milli Məclisin deputatı,

Əməkdar elm xadimi,

akademik

 

Xalq qəzeti.- 2019.- 29 avqust.- S.4.