Yüz yaşın mübarək, sevimli qəzetimiz

 

“Xalq qəzeti”nin 100 yaşı tamam olur. Bu, çox əlamətdar hadisədir. SSRİ dövründə “Kommunist” adı ilə nəşr olunan bu qəzet həmişə xalqın milli ruhunu qorumağa çalışıb, mədəniyyətimizin, adət- ənənələrimizin və digər dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılması istiqamətində çox faydalı işlər görüb. O dövrdə bu qəzetdə Azərbaycanın mötəbər qələm sahibləri – Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev, Əzim Əzimzadə, Mircəlal Paşayev, Əli Vəliyev, habelə görkəmli siyasətçilər, istedadlı jurnalistlər çalışmışlar.

 

“Xalq qəzeti” Azərbaycan xalqının əsl mənada tribunasıdır. Xalq bu qəzeti həmişə sevib və bu gün də həmin sevgi yaşamaqdadır. Ulu öndər Heydər Əliyevin çıxışları, müsahibələri qəzetin səhifələrində mütəmadi olaraq yer alırdı. Bu gün isə Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalqla görüşünü əks etdirən, problemlərimizin həllinə yönəlmiş nitqləri qəzet səhifələrində maraqla oxunan yazılardır. Bu çıxışlar, görüşlər şərəfli tariximizin qiymətli anlarıdır və onlar qəzet səhifələrində qorunub saxlanılır.

Qəzet müstəqil Azərbaycanımızın uğurlarının tribunasına çevrilib. Onun yazarları ölkəmizdə baş verən inqilabi dəyişikliklərin, milli-mənəvi dəyərlərimizin təbliğində yaxından iştirak edirlər.

Əksər sənət adamları kimi, mənim də bu qəzetlə həmişə yaxın əlaqələrim olub. Haqqımda maraqlı yazılar dərc olunub, sənətim həmişə yüksək qiymətləndirilib. Heykəllərimin açılış mərasimlərindən maraqlı reportajlar yazılıb. Yaradıcılıq laboratoriyamda dəfələrlə qəzetin jurnalistləri ilə görüşmüşəm.

Bir sözlə, bu qəzet mənə həmişə doğma olub və bu gün də “Xalq qəzeti”ni sevə-sevə izləyirəm.

Əziz dostlar, bayramınız mübarək olsun!

 

Ömər ELDAROV,

Xalq rəssamı, akademik

 

Xalq qəzeti.- 2019.- 29 avqust.- S.4.