Şabranda e.ə. IV-III minilliyə
aid abidədə yeni
tapıntılar aşkarlanıb
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun Şabran arxeoloji ekspedisiyası Şabran rayonu ərazisində
yerləşən e.ə. IV minilliyin sonu - III minilliyin əvvəlinə
aid Çaqqallıqtəpə abidəsində arxeoloji
qazıntılar zamanı yeni tapıntılar aşkar edib.
İnstitutdan
Trend-ə verilən məlumata görə, tapıntılara
üzəri yüngül konstruksiya ilə
örtülmüş dairəvi evləri göstərmək
olar. Bu evlərin içərisində erkən tunc
dövrünə aid manqal aşkarlanıb ki, bu tip manqallara da
Kür-Araz mədəniyyətinin yayıldığı
bütün ərazilərdə rast gəlinir.
Bundan
başqa, qazıntı sahəsinin qərb hissəsində
divarları çay daşları ilə
hörülmüş dairəvi ev qalığı, həmçinin
üç ədəd təsərrüfat quyusu aşkar
olundu.
Tədqiqatlar
zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri
sırasında çox sayda əmək alətləri, dən
və çaxmaq daşları, ox ucluqları, oraq dişləri
və bir ədəd küpə tipli bütöv qab da var.
Ümumilikdə,
qazıntı işləri zamanı abidə ərazisindən
tapılan materialların əksəriyyəti keramika məmulatıdır
ki, bu da abidənin tarixini müəyyənləşdirməyə
kömək edən əsas amillərdəndir. Keramika
nümunələrinin əksəriyyəti üzərində
yarımşar formalı qulplar Kür-Araz mədəniyyətinin
əsas atributu hesab olunur.
Eyni
zamanda, qazıntılar vaxtı çaxmaq daşından
hazırlanmış ox ucluqları da aşkarlanıb. Bu da
eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində
burada yaşayan yerli əhalinin əkinçilik və
maldarlıqla yanaşı, ovçuluqla da məşğul
olduğunu sübut edir. Həmçinin, buradan tapılan
sümükdən hazırlanan bizlər, iynələr
yaşayış məskənində toxuculuq mədəniyyətinin
də formalaşdığından xəbər verir.
Xalq qəzeti.- 2019.- 30 avqust.- S.6.