Lənkəranda qədim maddi-mədəniyyət

nümunələri tapılıb 

 

Lənkəran rayonunun Sütəmurdov kənd sakini həyətyanı sahəsində su quyusu qazarkən qədim maddi-mədəniyyət nümunələri aşkar edilib. Tapıntıların tədqiqi üçün AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə (LREM) müraciət olunub.

Lənkəran REM-nin əməkdaşları quyuya baxış keçirib. Təqribən eni 1, dərinliyi 5 metr olan quyunun profilində qalınlığı 3 metrdən yuxarı olan mədəni təbəqə aşkarlanıb. Məhz həmin təbəqədə aşkarlanan tapıntıların orta əsrlər dövrünə aid olduğu müəyyən edilib. Sütəmurdov kənd sakini Xəyal Məmmədovun dedikləri: “Həyətdə su quyusu qazarkən 3 metrlikdə bir əşyaya, 60 santimetr qazandan sonra daha iki əşyaya rast gəldik. 4 metrə çatarkən artıq digər əşyalar aşkar etdik. Mənə elə gəldi ki, bu, çox qədim əşyadır. İstərdim ki, tarixçilər, arxeoloqlar bunlarla maarqlansınlar, bu qabların tarixini öyrənsinlər.”

Xəyal Məmmədov daha sonra bildirib ki, 15 il əvvəl də həyətlərində quyu qazılarkən oxşar hadisə ilə qarşılaşıblar. Amma əhəmiyyət verməyiblər. Bu dəfə quyuda aşkarlanan müxtəlif ölçülü küp sınıqları, boşqab qalıqları, çıraqlar diqqəti daha çox cəlb edib.

AMEA Lənkəran REM-nin elmi işçisi, a.ü.fəlsəfə doktoru Samir Kərimov tapıntı ilə bağlı bunları bildirib: “Aşkarlanan materiallar 2 qrupla təmsil olunub. I qrup şirsiz saxsı məmulatıdır. Bunlar, əsasən, orta tutumlu küpələr və işıqlandırma vasitələri olan çıraqlardır ki, məişətdə istifadə olunub. II qrup saxsı məmulatı isə əsasən şirəli saxsı məmulatından ibarətdir. Və həmin şirəli saxsı məmulatının tədqiqi göstərir ki, burada XII-XIII əsrlərə aid qalın mədəni təbəqə yatımına malik yaşayış yeri mövcud olub.”

Mütəxəssisin məlumatına görə, mədəni təbəqənin profilində 0,7 metr qalınlığında yanğın izləri, saxsı qırıntıları, kömür qalıqları və qalın kül qatı sübut edir ki, burada həyat ardıcıl, intensiv davam edib. Sonralar abidənin üzərində kənd yaşayış yeri salındığından mədəni təbəqə qismən də olsa, dağıntılara məruz qalıb.

Samir Kərimov daha sonra əlavə edib ki, bu abidəni Sutəmurdov yaşayış yeri kimi də xarakterizə edə bilərik. Tapıntı yeri Lənkəran çayının sahilindən təqribən 700-800 metr aralıda yerləşir. Hələ 2017-ci ildə tərəfimizdən qonşu Velədi kəndində də bu tipli orta əsrlərə aid yaşayış yerini aşkar etmişdik. Saxsı məmulatının analizi göstərir ki, bu saxsı məmuatı ilə Velədi yaşayış yerinin saxsı məmulatı arasında oxşarlıq mövcuddur.

Yazılı mənbələrdə Lənkəran şəhərinin əsasının XVII–XVIII əslərdə qoyulduğu qeyd olunsa da, əldə olunan, eyni zamanda, təsadüf nəticəsində aşkar edilən maddi mədəniyyət nümunələri Lənkəran şəhəri yaxınlığında yaşayışın hələ XII-XIII əsrlərdə mövcud olduğunu bir daha sübut edir.

Tapıntılar tədqiq olunması üçün Lənkəran Regional Elmi Mərkəzinin arxeologiya şöbəsinə təqdim olunub. Tədqiqat işləri başa çatdırıldıqdan sonra abidə haqqında elmi məqalə hazırlanaraq ictimaiyyətə çatdırılacaq.

 

Sərraf Talıbov,

AMEA Lənkəran REM-in

informasiya və ictimaiyyətlə əlaqə şöbəsi

 

Xalq qəzeti.- 2019.- 31 avqust.- S.7.