Heydər Əliyev irsi gələcək

nəsillər üçün zəngin xəzinədir 

 

Bugünlərdə ölkəmizin bütün guşələrində, həmçinin dünyanın müxtəlif ölkələrində ümummilli lider Heydər Əliyevin anım mərasimləri keçirilir. Ömrünü xalqının rifahına, Vətəninin çiçəklənməsinə, inkişafına, müstəqilliyimizin əbədi olmasına, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmləndirilməsinə həsr edən Heydər Əliyev 16 ildir ki, aramızda yoxdur. Ancaq o, hər bir azərbaycanlının qəlbində əbədi yer tutur. Xalqımız bugünkü əmin – amanlığa, firavanlığa və sabitliyə görə ulu öndər Heydər Əliyevə borcludur. Onun tərəfindən təməli qoyulmuş siyasi kursun uğurlu davamı, Azərbaycanın nüfuzunu daha da artırmış, əlaqələrini genişləndirmişdir. Bu gün respublikamızın dünyanın sayılıb- seçilən dövlətləri sırasna qoşulması Heydər Əliyev siyasi kursunun bəhrəsidir.

 XX əsrdə Azərbaycan xalqı dünyaya mütəfəkkir, ictimai-siyasi xadim, fenomen şəxsiyyət -- Heydər Əliyev kimi lider bəxş etmişdir. Ulu öndər xalqını zamanın sərt sınaqlarından çıxarmış, müstəqilliyimizi məhv olmaqdan, Azərbaycanı parçalanmaqdan xilas etmişdir. Heydər Əliyevin həyat və fəaliyyətini, azərbaycançılıq ideyasını təbliğ edən, mərkəzlərin, muzeylərin yaradılması, “Heydər Əliyev siyas məktəbləri”nin fəaliyyəti ulu öndərə olan böyük ehtiramın bariz nümunəsidir.

Heydər Əliyevin zəngin irsi gələcək nəsillər üçün örnəkdir. Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndərin misilsiz xidmətləri olmasın. Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinədir, Vətənə, xalqa, dövlətə xidmət nümunəsidir. Ona görə də ulu öndərin adı ilə bağlı hər hansı bir araşdırma böyük bir elmi əsər və ya monoqrafiyadır. Bu mənada, Heydər Əliyev və Azərbaycanın müasir dünyada yeri haqqında düşünərkən yaranan böyük təəssürat sözlə dilə gətirmək belə çətindir. Mən də belə bir böyük şəxsiyyətin zamanında yaşamağıma, fəaliyyət göstərdiyimə və onun siyasi məktəbindən dərs aldığıma görə özümü hədsiz dərəcədə xoşbəxt hiss edir, mənim üçün yazılmış bu alın yazısına görə Yaradanıma sonsuz şükürlər edirəm.

Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş ölkəmizin üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həlli onun beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Gənc Azərbaycan dövləti həm özünün xalqını dünya birliyinə tanıtmalı, həm də beynəlxalq aləmə inteqrasiya yolunda qətiyyətli addımlar atmalı idi.

Azərbaycan xalqı tarix boyu məşhur dövlət xadimləri, o cümlədən XX əsrdə həm Sovetlər Birliyində, həm də müstəqillik illərində siyasi xadim və görkəmli dövlət adamı, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev kimi şəxsiyyət yetirən bir xalqdır. Bu mənada, Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün onun dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin formalaşdırılması böyük əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyətinin ­başlıca istiqamətlərinin prioritetni Azərbaycanın dünya birliyinə tam hüquqlu üzv kimi daxil olması, ikitərəfli və çoxtərəfli münasibətlərin, beynəlxalq və məhəlli təşkilatlarla əlaqələrin yaradılması və Ermənistanın hərbi təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyümüzün təmin olunması təşkil edib. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun gücləndirilməsi ulu öndərin xarici siyasətinin əsasını təşkil edib.

Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan özünün geosiyasi mövqeyini, ictimai-siyasi və mənəvi psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq mövcud inkişaf modellərindən heç birinə birmənalı şəkildə üstünlük vermədən Qərb və Şərqin yaratdığı dəyərlərdən yaradıcılıqla və səmərəli şəkildə bəhrələnməyə, tarazlaşdırılmış çoxşaxəli xarici siyasət yeritməyə nail oldu. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə hansı şəraitdə hakimiyyətə gəlməsini nəzərə alsaq, Azərbaycanın çağdaş dünyada qazandığı yer və mövqenin çətinliklər hesabına başa gəlməsi bir daha aydın olur.

1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili əsasında xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafeyinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, daha doğrusu, Avroatlantik strukturlara inteqrasiya və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlərlə, İslam dünyası, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda və birgə münasibətlərin düşünülmüş, bütün amilləri nəzərə alan münasibətlər yaradıldı. Yəni, bu yöndə əsas vəzifə həm çox tərəfli, həm də ikitərəfli münasibətlərdə ən etbarlı tərəfdaş olmaq prinsipini həyata keçirmək idi.

Azərbaycanın yeni xarici siyasət kursunda, bütövlükdə Avropanın böyük dövlətləri ilə münasibətlər məsələsi mühüm bir istiqamət təşkil edir. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni xətt qısa bir müddətdə çevik taktiki gedişlərlə həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, ­İtaliya kimi çox nüfuzlu tərəfdaşlar qazanması Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.

Ulu öndərin müəllifi olduğu xarici siyasət konsepsiyası dərin elmi nəzəri və zəngin təcrübə üzərində qurulmuş konsepsiya idi. Bu fəaliyyətdə hər bir amil, faktor, şərait və xüsusiyyət nəzərə alınmışdı. Məhz bu siyasi kursun nəticəsidir ki, Azərbaycan bu gün dünyanın, demək olar ki, bütün ölkələri ilə diplomatik münasibətlər quraraq əməkdaşlıq edir. Hazırda ölkəmiz planetin beynəlxalq əməkdaşlıq regionlarından birinə, bəlkə də, ən mühümünə çevrilibdir. Məhz bunun nəticəsidir ki, yalnız adı çəkilən ölkələr yox, Cənubi Amerikanın, Afrikanın bir sıra ölkələrinin, Kanadanın və digərlərinin Azərbaycana marağı günbəgün artmaqdadır.

Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə də böyük diqqət yetirilirdi. Hazırda dünyada təxminən 4 mindən çox beynəlxalq və məhəlli təşkilat mövcuddur ki, bunlardan 300-dən çoxu hökumətlərarası təşkilatlardır. Beynəlxalq təşkilatlara üzv olmaq, onların tədbirlərində iştirak etmək, səmərəli iş qurmaq Azərbaycanın problemlərini, həqiqətlərini, dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə, hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətlər Birliyi, GUAM, İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Parlamentlərarası İttifaq (Pİ), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı kimi beynəlxalq nüfuzlu təşkilatların üzvü olmaqla bərabər, Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir. Azərbaycan bu əməkdaşlığı bu gün də uğurla davam etdirərək yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.

Dərin mənəvi, mədəni, elmi - iqtisadi potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Ümummilli liderin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neftdən gələn gəlir onun əsl sahibi olan Azərbaycan ­xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.

Bu gün dünyada baş verən müxtəlif proseslər - yeni müharibə ocaqlarının yaranması, münaqişələrin artması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi üçün daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması ilə mövcud ideyaların reallaşdırılması istiqamətində əməli hərəkətə keçməlidirlər. Bütün bunlara baxmayaraq, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.

Ulu öndərin möhkəm təməllər üzərində qurduğu xarici siyasət kursu hazırda qloballaşan dünyada, mürəkkəb proseslər baş verdiyi dönəmdə Azərbaycanı sabitlik adasına çevirib. Belə bir vəziyyətdə Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi hər birimiz üçün qürurverici haldır. Heydər Əliyev tərəfindən elmi-konseptual şəkildə əsasları qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni çalarlar qatılaraq, daha da zənginləşdirilən müstəqil Azərbaycanın təhlükəsizlik strategiyası, bu baxımdan, öz dövrünün ən qabaqcıl təcrübəsini də əxz edərək, ölkəmizi nəhəng və geniş miqyaslı nailiyyətlərə qovuşdurur.

Regional təhlükəsizlik qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla bərabər onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. Dünya xəritəsinə nəzər salsaq, geopolitik subyektlərin daim qarşılıqlı təsirdə olmasına, hətta bir sıra hallarda bir regiondakı vəziyyətin digərinin təhlükəsizlik vəziyyətini şərtləndirdiyini müşahidə edə bilərik. İstənilən dövlətin təhlükəsizliyi hazırda geniş siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan dünyada beynəlxalq təhlükəsizlik anlayışından kənar təsəvvür edilə bilməz. Məhz bu baxımdan, bir çox beynəlxalq təşkilatların nizamnamə və sənədlərində də beynəlxalq təhlükəsizliyin qorunması problemi daim öz əksini tapmaqdadır.

Ötən dövrdə Azərbaycanın enerji siyasəti daha da güclənib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Azərbaycan bölgənin bir çox ölkəsinə yanacaq ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib. Belə ki, hazırda ölkəmizin nefti və qazı mövcud enerjidaşıyıcı sistemlərlə müxtəlif istiqamətlərə nəql edilir. Lakin, hazırkı imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün də yaxşı potensial mövcuddur. Rəsmi Bakı neft- qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, bu sahədə müxtəlif layihələr üzərində düşünən Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız dünya birliyində etibarlı və strateji tərəfdaşı kimi yerini möhkəmləndirib.

Azərbaycanın təşəbbüsü ilə BTC, Bakı -- Supsa neft, Bakı--Tbilisi-- Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin müstəqil olmasından xəbər verir. Bu layihələrdən sonra Trans--Anadolu (TANAP) və Trans--Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir.

Əlbəttə, Azərbaycanın əlverişli geosiyasi mövqeyinin, multikultural müxtəlifliyin və çoxmədəniyyətliliyinin, yüksək insan potensialının və zəngin təbii ehtiyatlarının olmasına baxmayaraq, balanslı siyasətin həyata keçirilməsi bir o qədər də asan olmamışdır. Ulu öndərimiz özünün zəngin siyasi-diplomatik bilik və bacarığına, yüksək dövlət idarəçiliyi və uzaqgörən qabiliyyətinə istinad edərək, elə bir dövlət siyasəti formalaşdırdı ki, bu siyasət ölkəmizin ildən- ilə müasir dünyada imicinin və mövqeyinin güclənməsinə zəmin yaratdı.

Sözsüz ki, dövlətimizin siyasətinin ölkəmizin maraqlarına uyğun olaraq həyata keçirilməsi həm ümummilli liderimizin, həm də möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz xidmətlərinin bariz nümunəsidir. Xalqımız əmindir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət və Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu onun dünya birliyindəki yerini və mövqeyini daha da möhkəmləndirəcək.

 

Məlahət İBRAHİMQIZI,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının

sədri, V çağırış Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2019.- 14 dekabr.- S.3.