Muğamın tədrisində elmi-metodik

üsullara üstünlük verilməlidir 

 

Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil edir, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində onun dərin kökləri var. Muğam Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır. Bu sənət həm də dünya musiqi xəzinəsinin incisidir.

 

Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil etmişdir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında da mühüm rol oynamışdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizin zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğamı, muğam sənətini bizim misilsiz milli-mənəvi sərvətimiz olaraq yüksək dəyərləndirmişdir: “Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, muğam gözəlliyin və məhəbbətin rəmzidir desəm, səhv etmərəm”.

Azərbaycanın birinci ­xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti nəticəsində muğamımız toyxana, kiçik konsert salonları səviyyəsindən çıxarılıb ­UNESCO səviyyəsinə qaldırılmış, muğama layiq olduğu beynəlxalq status verilmişdir. Milli mədəniyyətimizlə yanaşı, bəşər mədəni irsi üçün də Azərbaycan muğamının bədii dəyəri, yüksək önəmi 2003-cü ildə UNESCO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuş, bu beynəlxalq qurum muğamı “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan etmişdir.

Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi ilə bağlı ideyaların ardıcıl reallaşdırılması, “Muğam Azərbaycanın milli sərvətidir” – deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı nəticəsində muğam sənəti yeni inkişaf mərhələsini yaşayır. ­Prezident İlham Əliyevin sərəncamı əsasında Beynəlxalq Muğam Mərkəzinin inşası, beynəlxalq müsabiqələrin keçirilməsi, kompakt disklərin hazırlanması, elmi simpoziumların təşkili və eyni zamanda, muğamın UNESCO səviyyəsində təbliği ona olan marağı artırır, insanların, xüsusilə də, gənc nəslin muğama münasibəti yaxşılığa doğru dəyişir.

Muğam sənətinin yaşadılması və günümüzə çatdırılmasında onun zaman-zaman yeni ifaçılar nəslinə öyrədilməsi və sənət biliciləri tərəfindən təkmilləşdirilməsi önəmli rol oynamışdır. Muğamın indiki anlamda ilk dəfə professional tədrisinə isə onun 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilməsi ilə başlanılmışdır. Tədris proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının strukturunda xeyli islahatlara və ənənəvi məhəlli məktəblərin nisbi unifikasiyasına gətirib çıxarmışdır.

Dahi bəstəkar, milli professional musiqimizin atası Üzeyir Hacıbəylinin göstərişinə əsasən, o vaxtın ən nüfuzlu musiqiçilər qrupu (Mirzə Fərəc Rzayev, Mirzə Mansur Mansurov, Əhməd xan Bakıxanov, Seyid Şuşinski, Zülfi Adıgözəlov və başqaları) dəstgahların ixtisar edilmiş tədris versiyalarını işləyib hazırlamışdılar. Ötən əsrin 20-30-cu illərində tədris versiyaları ilə yanaşı, böyük sənətkarları – o vaxtın ustadlarının genişləndirilmiş versiyaları da mövcudluğunu davam etdirmişdir.

Muğamın yüksəlişi Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf etmiş, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilmişdir. Son 15 ildə aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq, muğam sənəti bir daha dünya musiqi incisi kimi təsdiqini tapmışdır.

Bu gün Azərbaycan muğam dəstgahlarında, təxminən, 100-ə yaxın şöbə və guşə istifadə olunur. Milli musiqi tariximizdə mövcud olan bu nümunələr, əsasən, xalq musiqi ifaçılarının zəhmətinin bəhrəsi olaraq qorunub, bu günümüzə ötürülmüşdür.

Hər hansı bir muğam dəstgahının tərkibində 4-8 şöbə, 5-10 guşə istifadə olunur. Eyni zamanda, hər şöbə və guşənin məcburi cümlələri var. Əgər bu məcburi musiqi cümlələri yerli-yerində ifa olunmazsa , bu zaman muğam dəstgahı öz ahəngini, təravətini, nəhayət, forma və xüsusiyyətlərini itirmiş olar. Diqqətinizə çatdırım ki, eyni şöbəni ayrı-ayrı muğam dəstgahlarında ifa edərkən hər dəstgaha uyğun musiqi cümlələrindən, daha doğrusu, məcburi musiqi cümlələrindən istifadə olunur. Məsələn, beş peşəkar tar ifaçısının ifasında “ Bayatı-şiraz” dəstgahını müqayisə edək. Nəticədə, duyulacaq ki, bütün ifaçılar bu muğamı eyni musiqi cümləsi ilə başlayır. Və ya “Bayatı-İsfahan” şöbəsini hamı çox cüzi fərqlə başlayır. Hüzzal şöbəsini də eynilə.

Başqa muğam dəstgahını müqayisə edək. “Orta mahur” muğamını beş ifaçının hamısı eyni musiqi cümlələri ilə ifa edir. Bu fikri bütün muğam dəstgahlarına aid etmək olar. Belə müqayisəli təhlili çox genişləndirmək olar və buna ehtiyac da var. Çünki, bizim muğam ifaçıları qəti surətdə iddia edirlər ki, muğam şifahi ənənəli musiqi janrıdır. Düzdür, mən də bu fikir ilə tam razı idim. Muğam o vaxt şifahi ənənəvi idi ki, o zaman yazılı musiqi ədəbiyyatı yox idi. Elə bu səbəbdən də yüzlərlə muğam şöbə və guşəsi bu günümüzə gəlib çatmayıb.

Muğam ifaçıları onu da iddia edirlər ki, muğam improvizə xasiyyətli musiqi formasıdır. Bu da düzdür. Bəs bu zaman sual oluna bilər ki, hansı klassik musiqi növü improvizə xüsusiyyətinə malik deyil? Məsələn, F.Şopenin “İnqilabi etüd”ünü dinləyək. Əgər beş ifaçının (f-no) çalğısını müqayisə etsək, beş təkrarlanmayan, fərqli ifa eşidəcəyik. Daha bir misal nəzərinizə çatdırım. Üzeyir Hacıbəylinin “Koroğlu” operasının “Uvertüra”sının Niyazinin ifası ilə Rauf Abdullayevin ifası eynidirmi? Və ya bu iki ifa Ramiz Məlikaslanovun ifası ilə üst-üstə düşürmü? Xeyr, hər ifaçının özünəməxsus əli, zövqü, duyumu, dünyagörüşü, nəhayət, öz sənət fəlsəfəsi var.

Daha bir sadə nümunə göstərmək istəyirəm. Böyük Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasında 4 Leyli obrazı ifasını müqayisə edək. Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova və Səkinə İsmayılova. Bu leylilərin hansı daha mükəmməldir? Fikirləşmədən deyərik ki, hamısı! Əslində, Leylinin partiyası birdir (eynidir). Sadəcə, 4 ifaçının oxumasını müqayisə edərkən, fərqli zövqlər, musiqi duyumu, rejissor və dirijor işi seçilir.

İndi də məcnunları müqayisə edək. Eyni muğam parçalarını Əbülfət Əliyev, Qulu Əsgərov, Arif Babayev və Mənsum İbrahimov ifa edirlər. Bu gün yayılan muğam təfəkkürünə görə, hər Məcnunun ifasında yeni improvizə xüsusiyyətləri olmalı idi. Nəticədə, ayrı-ayrı Məcnun zövqü, muğama yanaşma tərzi, duyum xüsusiyyətləri, muğam fəlsəfəsi, dövrün tələbatını yaşamaq hissi özünü bariz şəkildə nümayiş etdirir. Əgər improvizə xüsusiyyəti tam şəkildə muğamın əsasını təşkil etsəydi, o zaman Məcnun Şikəsteyi-fars əvəzinə, Zabul ifa edə bilərdi və ya Üşsaq əvəzinə, Pəncigah oxuyardı.

Son 12 ildə altı muğam müsabiqəsi keçirilib və hər müsabiqənin 20 qalibi olub. Çox gözəl. Deməli, 120 istedadlı muğam ifaçısı meydana gəlib. Sual oluna bilər, əgər muğam improvizə xarakterli olsaydı, o zaman bizim 120 nəfər improvizəni mükəmməl dərk edən muğam ifaçımız olmalı idi. Gənc 120 muğam ifaçısının hər biri 1-2 muğam cümləsi, öz improvizə təcrübəsinə arxalanaraq yarada bilsəydi, o zaman 120-dən çox yeni musiqi-muğam cümləsi yaranardı və nəticədə, yeni muğam şöbəsi və ya guşəsi meydana gələrdi. Bəs mane olan nədir?

120 improvizə xüsusiyyətini mükəmməl bacaran muğam müsabiqəsi qalibləri bir musiqi-muğam cümləsi yarada bilmədilər. Bəs bizim muğam ifaçılarımız deyirlər ki, muğam improvizə xarakterinə malik şifahi ənənəli musiqi janrıdır. Sual: nə üçün hamı muğamı əsasən eyni cümlələrlə oxuyur? Cavab: Ona görə ki, əksər instrumental muğam ifaçıları muğam şöbə və guşələrini eyni, məcburi musiqi cümlələri ilə bilir və ifa edirlər. Sadəcə, musiqinin surəti, tempi, bəzi frazaları həddindən artıq ya cəld, ya da əksinə, çox ağır ifa olunur. Müəyyən ifaçılar üstünlüyü ancaq gəzişmələrə verirlər. Belə ifaçıların muğam ifası gəzişmələr toplusundan ibarət olur.

Müşayiət zamanı “xanəndə”nin istifadə etdiyi ərəb, fars, türk, hind və daha çox yayılmış xarici ölkə xalqlarının xalq, professional musiqi nümunələrindən istifadə edərək onları, guya, muğamlaşdırırlar, yeni muğam, musiqi cümlələri bəstələyirlər. Lazımsız sıçrayışlar həddindən artıq çoxalıb. Bu amil həm instrumental, həm də vokal muğam ifaçılığında çox yayılıb. İfaçılara nöqsan, irad tutarkən həm gənc, həm də yaşlı ifaçılar deyirlər ki, muğam improvizə xarakterli şifahi ənənəli musiqi janrıdır. Biz necə istəsək, elə də ifa edəcəyik. Oxuyanlar isə mətni (qəzəli) dəyişdikcə muğamın xarakterinin , təsir gücünün, fəlsəfi baxışlarının dəyişdiyini zənn edirlər.

Son illər muğam tədrisi metodikası da dəyişib. 20-30 il bundan əvvəl muğam müəllimləri tələbə ilə fərdi muğam dərslərini üzbəüz keçirdilər. İndi də belədir. Hər tələbənin qabiliyyətinə, duyumuna, zövqünə, ifaçılıq texnikasına münasib muğam cümlələri seçilib tədris olunurdu. Bu gün isə bəzi muğam müəllimləri muğam tədrisi metodikasını “təkmilləşdirərək”, hər hansı bir muğam parçasını ifa edərək telefona yazır və bütün tələbələr arasında paylaşırlar. Nəticədə, həm müəllim, həm də tələbə əziyyət çəkmir və hamı eyni şəkildə ifa edir. Məsələn, Fatma Mehrəliyevanın ifa etdiyi “Kəsmə şikəstə”ni götürək. Bu gün bu zərbi muğamı ifa edən əksər gənc ifaçı Fatma xanımın ifasının nüsxəsini oxuyur. Bir-iki ifaçının isə Şövkət Ələkbərovanın ifasından bəhrələndiyi hiss olunur.

Təhsil görmüş hər bir peşəkar vokal ifaçısı klassik vokal əsərlərini (məs. Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Sənsiz” romansları) özünəməxsus, fərqli ifa edir ( bunların not yazısı birdir). Amma “Kəsmə şikəstə” və ya hər hansı bir muğam parçası şifahi ənənəli olduğuna baxmayaraq, eyni şəkildə (hətta nəfəsi də olduğu kimi alırlar) ifa edilir.

Nəticə olaraq, onu deyə bilərəm ki, muğam dəstgahlarının məcburi cümlələri, strukturu, sadəcə, skeleti nota alınmalı və gələcək nəsillərə çatdırılmalıdır. Bu günün müəllimləri muğamı (ifa etdiyi) nota sala bilmirlərsə, bu onların problemidir. Bu təhsil proqramlarında “muğamların nota salınması” fənni tədris olunmur.

30-40 il bundan əvvəl muğam müəllimləri, əsasən, orta savadlı idilər. Bu günün muğam müəllimlərinin əksəriyyəti isə ali savad almışdır. Dövlət onların ali təhsil alması üçün kifayət qədər vəsait xərcləmişdir. Buna görə də muğam daha mükəmməl şəkildə, indi deyildiyi kimi, elmi-metodik üsullarla tədris edilməlidir.

Muğamın əhəmiyyəti yuxarıda söylədiklərimizdən qat-qat artıqdır. Muğam bizim həyatımızın, varlığımızın bir hissəsidir. Birinci vitse-prezident Mehriban Əliyeva muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz, muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq, düzgün öyrətmək və təbliğ etmək indiki nəsillərin mənəvi borcudur.

 

Arif ƏSƏDULLAYEV,

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

professor, Əməkdar incəsənət xadimi

 

Xalq qəzeti.- 2019.- 3 fevral.- S.7.