Azərbaycanda memarlıq

ənənələri uğurla davam etdirilir  

 

Bu gün ölkəmizdə şəhərsalmanın yeni, müasir formaları uğurla tətbiq olunur. Şəhər və region mərkəzlərində yeni binalar inşa edilir, parklar xiyabanlar salınır. Ötən illərin memarlıq uğurları ilə bağlı suallarımızı Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Azərbaycan Memarlar İttifaqının üzvü, bir çox maraqlı layihələr müəllifi, memar Cahid Həsənov cavablandırır.

Cahid müəllim ötən il memarlarımızın hansı layihələri həyata vəsiqə almışdır?

– Əvvəla, onu deyim ki, son illər Azərbaycanda memarlıq və şəhərsalma ilə bağlı görülən işlərə nəzər saldıqda bu sahədə yeni uğurlu layihələrin həyata keçirilməsinin şahidi oluruq. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitseprezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın memarlıq sahəsinə diqqət və qayğıları, onların dəyərli təklifləri, ideyaları sayəsində yaranmış memarlıq abidələri hələ bir çox onillklər öz bənzərsizliyini və müasirliyini qoruyub saxlayacaq.

 Dünyanın əksər şəhərlərində müxtəlif təyinatlı, əzəmətli binalar tikilib istismara verilir. Baxmayaraq ki, onlar insanlara rahatlıq bəxş edir, əslində isə müasir memarlıq nöqteyi – nəzərdən o qədər də diqqət çəkmir.

Azərbaycanda son illər tikilmiş onlarca tikili, dediyim kimi, təkcə milli memarlığımıza deyil, hətta dünya memarlığına böyük töhfədir. Kristal Holl, Xalça Muzeyi, "Alov qüllələri" kompleksi, Olimpiya stadionu, Bakı Konqres zalı, dünya memarlığnda bu günədək rastlaşmadığımız, beş təbiəti özündə eyni zamanda, müxtəlif rakurslardan əks etdirən dünya şöhrətli Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzi və sair.

Son illər regionlarımızda da müxtəlif şəhərsalma nümunələri yaradılmışdır ki, onlar böyük maraqla qarşılanmışdır.

Son illər ərzində sizinmemar kimi uğurlu layihələriniz olub.

  Gəncə şəhərində inşa olunmuş “ Əli və Nino” abidə kompleksi, Ağstafa rayonunda Musiqi və Mədəniyyət Mərkəzi, Sumqayıt bulvarında digər həmmüəlliflərlə birgə layihələrimiz əsasında salınmış Sumqayıt bulvarı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

 2018– ci ildə işləyib başa çatdırdığım “ Sarı gəlin” abidə kompleksi layihəsi barədə mətbuatda məlumat vermişəm. Bu gün bədnam qonşularımız Azərbaycanın bu məşhur mahnısını öz adlarına çıxarmaq istəyirlər. Mən də qərara gəldim ki, “Sarı gəlin” abidə kompleksini yaradaq. Bunun üçün bir layihə işləyib hazırladım. Biz mənəvi dəyərlərimizi hər vəchlə qorumalıyıq. Bu abidə qoyulandan sonra onun ərazisində beynəlxalq musiqi festivalı da keçirmək olar.

Bu il memarlıq və şəhərsalmada hansı yeniliklər gözlənilir?

  Heç şübhəsiz ki, bu sahədə inkişaf tendensiyası davam etdiriləcək. Bir çox genişmiqyaslı layihələr işıq üzü görəcək. Onu da deyim ki, təkcə Bakı şəhərində deyil, regionlarımızda–  Sumqayıt, Gəncə, Şamaxı, Astara kimi rayonlarda da yeni layihələr əsasında müasir tiplı memarlıq abidələri, parklar, xiyabanlar inşa ediləcək. Qaradağ rayonu ərazisində inşa olunan beynəlxalq əhəmiyyətli obyektlərin tikintisi Bakını şəhər sıxlığından azad edəcək.

Bu gün ölkəmizə turistlərin cəlb olunması üçün beynəlxalq mövzulu kiçik həcmli parkların, komplekslərin salınmasına böyük ehtiyac var. Mən də bu istiqamətdə bir neçə layihə işləmişəm. Onlardan ikisi Şamaxı və Şəki şəhərlərində dünya şöhrətli səyyah Aleksandr Düma adına parkbu parkların ərazisində böyük yazıçıya heykəlin qoyulmasıdır. Aleksandr Düma Şamaxıda olarkən yerli şairlərlə görüşmüş, söhbətlər aparmışdır. Məhz elə söhbət gedişatını heykəl kompozisiyada verməyə çalışmışam. Bu kompleksin Şamaxı şəhərinin girişində yaşıllıq qoynunda inşa olunmasını arzu edirəm. Və eləcə də Şəkidə.

Məşhur sovet kinosu ulduzlarından A.MironovY.Nikulinin çəkildikləri “Brilyant əl” filminin bir hissəsi İçərişəhərdə lentə alınmışdır. Çəkilişlərin aparıldığı ərazidə bu məşhur aktyorların hər ikisinə heykəl ucaldılması ilə bağlı layihə hazırlamışam. Bunları ona görə əhəmiyyətli hesab edirəm ki, xarici ölkə turistləri üçünbu abidələr böyük maraq doğuracaq.

İşğal altındakı şəhərlərimiz azad olunduqdan sonra bərpa ediləcək. Bildiyimə görə, həmin yaşayış məntəqələrinin bərpa planları da hazırlanmışdır. Söz yox ki, bərpa layihələrində parkların, xiyabanların da inşa olunması nəzərdə tutulub. Mən də, işğal olunmuş ərazilərimizdə, şəhər və qəsəbələrimizdə Qələbə ilə bağlı parkların layihələrini işləyirəm. Burada yalnız xeyrin şərə, ağın qaraya, sülhsevər xalqın işğalçıya qalibiyyətini göstərəcək heykəllər, kompozisiyalar olacaqdır.

Onu da deyim ki, qələbə parklarını artıq məzarlıq müstəvisindən çıxartmaq lazımdır. Mən hətta layihələndirdiyim bu parklarda rəngarəng, çil– çıraqlı fəvvarələr də olacaq ki, bu parklar gündəlik həyatımızda hər kəsin gedəcəyi bir məkan olsun. Onlar uşaqların, yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunda böyüməsinə birbaşa təsir etsin. Eləcə də, beynəlxalq turizmin inkişafı üçün imkanlar yaratsın.

 

Müsahibəni yazdı:

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 10 fevral.- S.6.