Prezident İlham ƏLİYEV: İslahatların

əsas hədəfi insanların rifahını yaxşılaşdırmaqdır 

 

Azərbaycan əhalisinin rifahının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olub və daha da güclənib. Ölkəmizdə yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində son 15 ildə əhalinin rifahı, yaşayış və məşğulluq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldilib.

 

Hazırda da Azərbaycanda əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində respublikada yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır.

Dövlət başçısı tərəfindən insanların rifahının diqqət mərkəzində saxlanılması, bu istiqamətdə mühüm addımlar atılması təsadüfi deyil. Ölkə rəhbəri fevralın 12-də Real televiziyasına müsahibəsində bununla bağlı deyib: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik”.

Prezident İlham Əliyev sözügedən müsahibəsində əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı daha sonra qeyd edib ki, bugünkü reallıqlar, ­dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr bizim daha səmərəli aparmağımızı, şəffaflığın əsas prinsip olmasını diktə edir. Keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək: “Bu yaxınlarda minimum əməkhaqqının qaldırılması ilə bağlı çox ciddi addım atılmışdır, digər sosialyönümlü addımlar atılmışdır. Biz nəyin hesabına buna nail ola bilmişik? Ona görə ki, bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır”.

Göründüyü kimi, dövlətimizin başçısı Azərbaycan vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini daim prioritet vəzifə kimi görürbu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Məhz bunun nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramının icrası sayəsində 15 min kilometr avtomobil yolu salınıb, 31 yeni elektrik stansiyası inşa olunub, dörd böyük su anbarı tikilib, ölkə üzrə təbii qazla təminat 95 faizə çatdırılıb, 100 mindən çox müəssisə yaradılıb, 15 “ASAN xidmət” mərkəzi, 44 olimpiya kompleksi yaradılıb, 17 aqropark fəaliyyətə başlayıb, 3 min 200-dən çox məktəb əsaslı təmir edilibya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub. Bu müddət ərzində maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə enib və 2 milyon yeri açılıb.

Dövlət başçısı Real televiziyasına müsahibəsində, həmçinin qeyd edib ki, Azərbaycanın iqtisadi potensialı möhkəmləndikcə, imkanları artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsi yaxşılaşdırılır. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür: “Köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”.

Azərbaycanda sosial rifahın daha da yüksəldilməsinə mühüm önəm verən cənab İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk fərman da məhz Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində birdəfəlik yardım göstərilməsi barədə sərəncam olub. Qeyd edək ki, bu, dövlət başçısının sözügedən kateqoriyaya aid insanlara diqqət və qayğısının növbəti təzahürüdür.

Onu da xatırladaq ki, ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan 3 dəfə çox – 626 mənzil təqdim edilib. Bu il isə bu kateqoriyalardan olan şəxslərə azı 800 mənzil veriləcək.

Dövlət başçısının minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə imzaladığı 8 fevral 2019-cu il tarixli sərəncam da respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Bu, eyni zamanda, cənab Prezidentin ölkədə sosial təminata daha çox ehtiyacı olanlara sosial qayğısı kimi də qiymətləndirilməlidir.

Ümumiyyətlə, son zamanlar Azərbaycanda həyata keçirilən sosial siyasət həm kefiyyət, həm də ünvanlılıq baxımından yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə ­Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan islahatlar vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına baza yaradır. Minimum əməkhaqqının artırılması ilə bağlı son addım isə məhz bunu bir daha təsdiq edir. Dövlət başçısının sözügedən sərəncamı vətəndaşlarımızın birbaşa gəlirlərinin artması üçün əsaslı baza formalaşdırıır ki, bu da inkluziv sosial siyasətin əsas elementlərindən hesab olunur. Xatırlatmaq yerinə düşər ki, ötən il əldə edilən iqtisadi uğurlar da məhz sonuncu artım üçün baza formalaşdırmışdır. Belə ki, 2018-ci ildə baş verən iqtisadi hadisələri və makroiqtisadi göstəricilərdəki artımı nəzərə alsaq, bütün bunlar növbəti il üçün daha sürətli iqtisadi artım üçün baza formalaşdırırdı.

Əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı danışarkən, bir məqamı da xatırlatmaq istərdik. Bu, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolunun məhz iqtisadi-sosial tərəqqidən keçməsi həqiqəti ilə bağlıdır. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən, bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.

Son 15 ilin reallıqları göstərir ki, Azərbaycanın iqtisadi tərəqqisindən, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

Yeri gəlmişkən, burada mühüm bir məsələyə də toxunmaq istərdik. Prezident İlham Əliyev əhalinin rifahının daha da yaxşılaşması üçün təkcə fərman və sərəncamlar imzalamaqla, müvafiq dövlət qurumlarına konkret tapşırıq və tövsiyələrini verməklə kifayətlənmir. Eyni zamanda, insanların çətin, ağır məsələlərlə üzləşdiyi vaxtlarda onların yanında olur, problemlərin həlli istiqamətində zəruri addımlar atır. Möhtərəm PrezidentReal” televiziyasına müsahibəsində bununla bağlı deyib: “Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verdiyi zaman dövlət vətəndaşın yanındadır. Bu yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə, dövlət qurumları mənim tapşırığımla öz dəstəyini göstərirlər və göstərəcəklər. Bundan əvvəl şimal-qərb bölgəsində bundan daha böyük zəlzələ olmuşdur. Daşqın olmuşdur, minlərlə sakin evsiz-eşiksiz qalmışdır. İnkişaf etmiş ölkələrdə belə olan hallardabaş verir? Vətəndaş hansı ki, öz evini sığortalayıb, gedir sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, - əgər ala bilsə, - və o pulla özü üçün yeni ev tikir. Yəni, aylarla, bəlkə də illərlə vətəndaş öz məişət problemini həll edə bilmir. Azərbaycanda nələr baş verir?! Dərhal bütün dövlət qurumları səfərbər olunur, dövlət maliyyə vəsaiti ayırır və evini itirmiş vətəndaşa dövlət xətti ilə ev tikilir. Hansı başqa ölkədə bunlar var?! Bunu deməklə mən öyünmək istəmirəm, sadəcə olaraq, həqiqətləri demək istəyirəm.

Dövlət–vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq”.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2019.- 17 fevral.- S.1; 4.