Beyləqan görüşləri Xalqın

Prezidentə böyük dəstəyini göstərdi  

 

Azərbaycan ­Prezidenti İlham Əliyevin Beyləqana səfəri zamanı rayon sakinləri ilə olduqca səmimi və mehriban görüşünü televiziya ekranından seyr etdim və duyduğum qürur hissini xalqımızla bölüşməyi qərara aldım. Bu mənzərəni görmək çox xoş idi. Beyləqan sakinləri cənab Prezidenti nə qədər böyük sevinc və məhəbbətlə əhatəyə almışdılar! Tamaşaçıya bu mənzərə qürur verirdi.

 

İnsanlar dövlət başçısını yanlarında görməkdən, onunla təmas qurmaqdan, uğur və problemlərini bölüşməkdən fərəh duyurdular. Etiraf etmək lazımdır ki, Prezident İlham Əliyev artıq 15 ildir ki, Azərbaycanın bütün rayonlarında insanlarla görüşür, hər dəfə də soruşur ki, daha nə etmək, hansı problemləri həll etmək lazımdır. Müşahidə etdim ki, xalq dövlət başçısına böyük inam və hörmət bəsləyir. Ağbirçək qadın onu necə də səmimiyyətlə salamladı: “Xoş gəlmisən, mənim balam, başına dönüm. Bizdən Mehriban xanıma da çoxlu salam apar. Beyləqan torpağına xoş gəlmisən. Səndən çox-çox razıyıq. Allah o bir oğlunu min budaq eləsin. Azərbaycanın fəxri, Heydər oğlu, Beyləqan Sənin arxandadır...”

Başqa bir sakin yeri düşmüşkən problemini Prezidentin nəzərinə çatdırdı: “Oğlum Beyləqan rayonunda seçki məntəqəsinin fəal işçisidir, indi xəstədir, əməliyyat olunmalıdır”. İnsanlara həmişə humanist yanaşan Prezident İlham Əliyevin reaksiyası yubanmadı: “Mən kömək edərəm, ad-familiyasını yazın”. Başqa bir sakin məktəb tikintisinə ehtiyac olduğunu bildirdi. Prezidentin dərhal müvafiq göstəriş verəcəyini söylədi.

Bax cənab Prezidentin beyləqanlılarla görüşü belə yüksək əhval-ruhiyyədə, səmimilik, mehribanlıq, işgüzarlıq şəraitində keçdi. Biz belə mənzərələri Azərbaycanın bütün rayonlarında görmüşük. Prezident hər yerdə insanlarla bu cür istiqanlıqla görüşür. İnsanlar da hər yerdə onun arxasında möhkəm dayandıqlarını bəyan edirlər. Elə Beyləqanda olduğu kimi. Bu isə Prezident İlham Əliyevin xalqın böyük dəstəyini qazandığını əyani şəkildə göstərir.

 

İsa ƏHMƏDOV,

Zaqatala Rayon Ağsaqqallar

Şurasının sədri

 

Xalq qəzeti.- 2019.- 17 fevral.- S.3.