Həyatın özü qədər səmimi 

 

Səmimiyyət insanın malik olduğu ən mühüm xüsusiyyətlərdən biridir. Təsadüfi deyildir ki, böyük Çin filosofu Konfutsi səmimiyyəti bütün yaxşılıqların təməli adlandırmışdı. Həqiqətən də, səmimiyyət hər bir insanın düşüncəsində müsbət izlər buraxır, onunla əməkdaşlıq etməkdən və ünsiyyətdən hər kəs məmnun qalır. Ən əsası, yaxşılıq və xeyirxahlıqla zəngin olan səmimiyyət cəmiyyətdə əlverişli mühitin formalaşmasına şərait yaradır və bu mühüm amilinsanlar arasındakı əlaqələrin harmoniyasına öz müsbət təsirini göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva məhz belə insanlardandır.

 

Müasir Azərbaycan gəncliyinin parlaq simalarından olan Leyla xanım Əliyeva səmimiyyəti və xeyirxahlığı özündə təcəssüm etdirən çoxşaxəli fəaliyyətilə Azərbaycanda elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid layihələrin yüksək səviyyədə həyata keçirilməsində yaxından iştirak edərək Vətənimizin hərtərəfli tərəqqisinə yönəlik genişmiqyaslı inkişaf prosesinə öz müsbət töhfəsini verir.

Leyla xanım Əliyeva kifayət qədər tanınmış gənc ictimai xadimdir. Onun fəaliyyəti müxtəlif sahələri əhatə edir. Belə ki, o, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri, həmin ildən “Baku” jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoqİctimai Birliyinin (IDEA) təsisçisi və sədridir. Leyla xanım, həmçinin “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı və lideridir.

Rusiyanın ASTRAVOLGA.RU İnternet-nəşrində Marina Parenskayanın “Leyla Əliyeva – məşhur ailənin xeyirxah işlərinin davamçısı, demək olar ki, həmyerlimiz” sərlövhəli məqaləsində qeyd olunduğu kimi, bunlar Leyla Əliyevanın statuslarının, sadəcə, siyahısı deyil. Bu siyahının arxasında dünyanın müxtəlif ölkələrində Leyla Əliyevanın həyata keçirdiyi real fəaliyyət dayanır və onun rəhbərlik etdiyi bütün layihələr fərdi liderlik keyfiyyətləri, məqsədyönlüyü, iradəsi və zəhmətsevərliyi sayəsində uğur qazanır. Buna görə də, Leyla Əliyeva təsadüfi deyil ki, gənc olmasına baxmayaraq, siyasi-sosial, ekologiya, eyni zamanda, mədəni-humanitar sahələrdə ciddi uğurlara imza atmaqla bütün dünyada öz adını tanıtdırmağa nail olmuşdur.

Heydər Əliyev Fondunun məqsədləri hamıya məlumdur. Fondun hədəflərinə Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının daha da yaxşılaşdırılması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək kimi xoş niyyətlər daxildir. Buraya, həmçinin Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirməyi də əlavə etmək lazımdır. Bundan başqa, fond respublikanın uşaq müəssisələrinin infrastrukturunu inkişaf etdirmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək kimi məsələləri diqqət mərkəzində saxlayır.

Səhiyyə, ekologiya, mədəniyyət sahələrində layihələr həyata keçirən fond, Azərbaycan mədəniyyətinin geniş təbliğini də həyata keçirir. Xüsusilə də mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrlə də beynəlxalq ictimaiyyətin təqdirini qazanan Heydər Əliyev Fondu ölkəmizdəki və dünyadakı müxtəlif mədəni, dini abidələrin təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq katedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir.

Heydər Əliyev Fondunun, o cümlədən, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətində milli – mənəvi dəyərlərimizin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşviqi, dini məbədlərin qorunması və bərpasına dəstək verilməsi də xüsusi diqqətçəkən məqamlardan biridir. Məhz belə faydalı və mütərəqqi fəaliyyətin nəticəsidir ki, Rusiya Prezidenti Vladimir Putin 2015-ci ildə Leyla Əliyevanın "Puşkin” medalı ilə təltif edilməsi haqqında fərman imzalamışdır. Bu mükafat mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.

Azərbaycan və Rusiya xalqları arasında dost münasibətlərinin inkişafına daha bir nümunə kimi Həştərxan şəhərində Müqəddəs Mələksima Knyaz Vladimir abidəsinin ucadılmasına göstərilən köməyi də göstərmək olar. Abidənin ucadılmasına və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, həmçinin, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Leyla xanım Əliyeva bütün Rusiyanın Patriarxı Kirillin sərəncamı ilə Rus Pravoslav Kilsəsinin ali ordeni olan III dərəcəli Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni ilə təltif edilmişdir.

Leyla xanım müsahibələrinin birində bildirmişdi ki, Heydər Əliyev Fondu insanların dəstəyə ehtiyac duyduğu yerdə olmağa çalışır. Fondun fəaliyyətinin spektrinin, həqiqətən, geniş və müxtəlif olduğunu bildirən Leyla Əliyeva əlavə etmişdi ki, təşkilat ən müxtəlif istiqamətlərdə – xeyriyyəçilik, təhsil, ekologiya, həmçinin mədəniyyət, incəsənət, səhiyyə, idman və İKT sahələrinin inkişafına yönəlmiş bir çox layihələri uğurla həyata keçirir. Leyla xanım əksər layihələrin onun üçün qürur mənbəyi olduğunu da açıqlamışdı. Həqiqətən də, onun təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən layihələr Azərbaycan cəmiyyətinin bütün təbəqələrində böyük rəğbət doğurur, sosial yardımlaşma və xeyirxahlıq hisslərinin daha da möhkəmlənməsinə güclü təsir göstərir.

İstənilən ölkədə sosial cəhətdən həssas vətəndaş qrupları varbu mənada Azərbaycan da istisna deyil. Buna görə də, fiziki əngəlli insanlara, kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlara yönəlmiş layihələr Heydər Əliyev Fondu üçün xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 32 uşaq müəssisəsi yeni avadanlıqla təchiz olunmuş və əsaslı surətdə təmir edilmişdir. Ən əsası, valideyn himayəsindən məhrum olmuş körpələri sevindirmək, onların könlünü almaq kimi son dərəcə mühüm və müqəddəs missiyanı uğurla yerinə yetirən fond həmin uşaqların beynəlxalq müsabiqələrdə iştirakını təmin edir, səmərəli istirahət və əyləncə təşkil etmək məqsədilə onları xaricdə tətilə göndərir. Çox fərəhli haldır ki, Heydər Əliyev Fondunun rəhbərliyinin fəaliyyəti sayəsində indi uşaq evlərinin sakinləri gələcəyə ümidlə baxırlar.

Leyla Əliyevanın fəaliyyətinə beynəlxalq maraq da böyükdür. Onun geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. Bugünlərdə Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özİnstagram” səhifəsində Leyla xanım Əliyevanın fəaliyyətinə münasibətini belə açıqlamışdır: “Leyla Əliyeva həyatını mərhəmət ideyalarının yayılmasına həsr edib”. R.Kadırov Minskdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməkdən məmnunluğunu belə ifadə etmişdir: “Leyla İlham qızı çox gözəl təhsil almış, ziyalı qızdır. O, bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edibbu yolda çox böyük uğurlara nail olub”. Çeçenistan rəhbəri əlavə etmişdir ki, bunu Leyla Əliyevanın BMT-nin xoşməramlı səfiri və İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi seçilməsi də sübut edir: “Leyla İlham qızı şeirlər yazır və jurnal redaktə edir. Bütün bunlar Azərbaycanın dünyada müsbət imicinin yaranmasına xidmət edir. Bu il Leyla Əliyevanı Qroznıda görməkdən, mədəniyyət, idmanhumanitar sahələrdə əlaqələri genişləndirməkdən şad olacağıq”.

Leyla Əliyevanın uğurlu layihələrindən biri də “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasıdır. Kampaniyanın strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanıdılması, ona hüquqisiyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və nəticələri, eləcə də Ermənistan silahlı qüvvələrinin işğal altında olan Azərbaycan ərazilərindən tez bir zamandaheç bir qeyd-şərt olmadan çıxarılmasının zəruriliyi barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.

Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələrdir. Leyla Əliyeva kampaniya ilə bağlı müraciətində demişdir: Bu cinayətlər xüsusi amansızlıqla törədildiyindən və insan ləyaqətinə ciddi zərbə vurduğundan, bəşəriyyət həmin gecənin xatirələrini yaddaşlarda saxlamaq, soyqırımı unutmamaq, qurbanların və sağ qalanların xatirəsini əziz tutmaq üçün mənəvi məsuliyyət daşıyır. Lakin yaddaşlarda saxlama və xatırlama kifayət deyil. Biz bu yaddaşlardan dərs alaraq cinayətkarları məsuliyyətə cəlb etməklə ədaləti bərpa etməli və bir daha kütləvi şəkildə bu amansız cinayətlərin törədilməməsi üçün zəruri tədbirlərin görülməsinə nail olmalıyıq”.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə vermiş və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaratmışdır. Rumıniya, Bosniya, Serbiya, İordaniya parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatları icraqanunvericilik orqanları Xocalı faciəsinə dair müvafiq qətnamələr qəbul etmişdir. Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisidir. Leyla Əliyeva dünya xalqlarına müraciət edərək qeyd edir: “Hər kəsi bu faciə barədə məlumatları öz ölkəsində yaymaq üçün bizim kampaniyaya qoşulmağa çağırıram. Hesab edirəm ki, sizin dəstəyinizlə Xocalıda ədalət bərpa olunacaq”.

Leyla Əliyeva bacarıqlı menecer olmaqla yanaşı, həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Leyla xanımın “Dünya yuxutək əriyir...” divanı rus, ingilisfars dillərinə tərcümə olunmuşdur. Kitabın fars versiyasına yazdığı ön sözdə mütərcim Əkbər Əlyar Həmidi qeyd edir: “İftixarla deyə bilərəm ki, geniş ictimai-siyasi fəaliyyəti, elitar ailə mənsubiyyəti ilə tanınan şair zəngin fəlsəfi baxışlarına, nadir yaradıcılıq dünyası və poeziya səltənəti ilə bizə Xan qızı xatın Xurşidbanu Natəvanı xatırladaraq oxucunu heyrətdə qoyur... Divanın farsdilli oxucular tərəfindən böyük maraqla qarşılanacağına sonsuz ümid bəsləyirik”.

Bununla yanaşı, tanınmış ingilis tərcüməçisi Kerolayn UoltonDünya yuxutək əriyir…” şeirlər kitabının ingilis dilinə tərcüməsinə görə “İlin ən yaxşı tərcüməsi” nominasiyasının qalibi adını qazanmışdı. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə ərsəyə gələn kitabın ingilis dilinə tərcüməsi prosesində Kerolayn Uoltonla yanaşı, tanınmış ingilis şairi Anna Mariya Cekson da iştirak etmişdi. Böyük Britaniyanın “British Library” kitabxanasında təşkil olunan çıxışlarda Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin dünyada təbliği, müasir Azərbaycan poeziyasının təhlili və öyrənilməsi, gənc və istedadlı Azərbaycan şairinin yaradıcılığına olan diqqət və marağın artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi bildirilmişdi.

Bir sözlə, Leyla xanım Əliyevanın milli dəyərlərimizin güclənməsinə və qorunmasına,Vətənimizin hərtərəfli inkişafına xidmət edən çoxşaxəli fəaliyyəti istər Azərbaycanda, istərsə də xarici ölkələrdə böyük rəğbətlə qarşılanır. Bu da təbiidir, çünki Azərbaycan həqiqətlərini dünyada təbliğ edən, gənc nəslin səsini dünyaya yayan, insanları təbiəti sevməyə səsləyən, xalqlararası dostluq əlaqələrinin möhkənlənməsini dəstəkləyən Leyla xanım Əliyevanın fəaliyyətinin mahiyyətində insana sevgi, torpağa bağlılıq, bütün canlılara qayğı və xeyirxahlıq prinsipləri dayanır. Belə humanist prinsipləri həyatının qayəsinə çevirmiş Leyla xanımı Əliyevanın böyük insan kütləsinin sevgi mənbəyinə çevrilməsi günümüzün reallığıdır.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2019.- 2 iyul.- S.5.